SƏMƏD MƏLİKZADƏ

Küçənin sozalan işığında

Küçənin sozalan işığında

SƏMƏD MƏLİKZADƏ
Heç yaşadığınız şəhərin mürgülü çağında onun ürək döyüntülərinə qulaq asdınızmı? Bu narahat məkanın sevinci, ağrıları və qayğıları barədə düşündünüzmü? Həmin anlarda qəlbinizdə hansı duyğular baş qaldırdı?
Dünən illərlə yaşadığım məhəllə ilə görüşə getmişdim. Bu gün də orada yaşayan dost-tanışla xoş-beş eləməzdən əvvəl küçəmizi xeyli gəzdim, binalara, ağaclara, səkilərə baxdım. Sonra binamızın arxasında daşlı torpağı çətinliklə təmizləyib əkdiyim ağaclarla söhbətləşdim. Mənə elə gəldi ki, mənim kimi o ağaclar da bu görüş üçün qəribsəmişdilər. Tut ağacları üçüncü mərtəbəni də geridə qoyublar. Yasəmənlər böyüyüb, pardaxlanıb, salxım söyüdlər bir az da həzinləşiblər... Pəncərəmizlə üzbəüz qocaman ağacın bir budağı quruyub. Bir vaxtlar mən bürkülü yay gecələrində, yaxud alatoranda onları suvarır, elə ağaclar kimi rahatlanırdım. Həmin saatlarda bu şəhərin mürgülü, bir az həzin anlarını seyr etməkdən yorulmurdum. Bəzən mənə elə gəlirdi ki, şəhər çox yorulub, küçələr gündüzün səs-küyündən, maşınların təkərləri altında qalmaqdan usanıb, bezib. Binaların divarları getdikçə aşınan qayaya çevrilib. Küçələrin asfalt örtüyü yamaqlı şalvara dönüb...
Nədənsə, dünən mən özümü doğma küçəmizdə bir az qərib kimi hiss etdim. Necə ki, insan illərlə doğmalarından ayrı yaşayır və haçansa qovuşanda onlara uyuşa bilmir, soyuq olur, bax eləcə... Neyləmək olar, alın yazısından qaçmaq olmur. O yazını isə alın sahibi yox, Yazan bilir. Uca Rəbbimizə şükürlər olsun, yazan da odur, pozan da...
Həə, sübh çağı sənə elə gəlir ki, günboyu kəsilmək bilməyən hay-haraydan, qaçhaqaçdan, bir-birinin ardınca verilən siqnallardan bezən küçə tezliklə oyanmaz. Amma sozalan küçə işıqları, alabəzək vitrin reklamları, donaraq dayanmış manikenlər, küçənin hansı tinindənsə ötüb keçən itlər, deyinə-deyinə mağazaların qarşısında qalaqlanmış zibilləri yığışdıran süpürgəçi, arabir metroya tələsən adamların ayaq səsləri bu binalarda yatanlara sanki yeni günün başlandığı mesajını verir: "Oyanın!"
Sonra paralel olan küçəni gəzdim. Hər şey göz oxşayırdı. Kimin adını daşımasından asılı olmayaraq mən özlüyümdə bu məkana "Xoşbəxt küçə" adı vermişəm. 
İllərlə şəkillənən, boy atan, dəyişən küçələr sanki bir insan ömrü yaşayır. Bina-bina, məhəllə-məhəllə ərsəyə gələn küçələrin də xoşbəxti, kimsəsizi, unudulanı var. Bəlkə bu da bir tale işidi. Bir də görürsən ki, bir küçənin asfalt örtüyü tez-tez dəyişdirilir, kənarına növbənöv ağac, gül kolları əkilir, hər gün başdan-başa suvarılır, yanlarına müasir, bahalı elektrik dirəkləri basdırılır, bayramlarda plakat və şüarlarla bəzədilir. Bu küçələr elə bil təmtəraq üçün salınıblar. Yüksək vəzifəli şəxslər, qonaqlar da buradan keçib gedirlər. Hələ siqnal səsində gəlin aparan maşınları demirik...
Amma bir tin o yana, ona paralel olan, hərəkətin ağırlığını sinəsində daşıyan başqa bir küçə isə toz-torpağın içində itib-batır, zibili vaxtında daşınmır, çirkab sular küçə boyu saatlarla axıb gedir. Suya həsrət ağacların bir hissəsi quruyur. İllərlə yenilənməyən asfalt örtüyü çox geyilmiş ayaqqabının altı kimi aşınır. Sanki bu küçənin gözəlliyi nəinki şəhər rəhbərliyini, heç sakinlərini də o qədər maraqlandırmır. Bu küçə kimsəsiz, kasıb insanlar kimidir. Demək, küçələr də bir az insanlara bənzəyir.
İnsanı sentimentallaşdıran, içini təmizləyən, ilkinliyə çəkən sübh çağında adam həm təəssüf hissi keçirir, həm də düşüncələrə dalır. Az sonra küçənin sozalan işıqları Günəşin şüaları fonunda itib-batır...
Siz də hərdən yaşadığınız şəhərin mürgülü çağlarında onun ürək döyüntülərinə qulaq asın, çox şey qazanacaqsınız.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top