SƏMƏD MƏLİKZADƏ

Məni bağışlayın, əllərim!

Məni bağışlayın, əllərim!

SƏMƏD MƏLİKZADƏ
Bəzən sızıldayan əllərim məndən mənə şikayət edib deyir: bizə rəhmin gəlmir, yalnız özünü düşünürsən. Axı, biz həyatda hər zaman ən yaxın dayağın, simsarın olmuşuq. Sağlamlığın üçün bacardığımızı əsirgəməmişik, "qa" deyəndə çörək, "qu" deyəndə su vermişik. Sən bizimlə ürəyindən keçənləri kağıza yazıb əzizlərinə, dostlarına, bir sözlə, hər kəsə çatdırmısan. Sənin sevincinə biz də ortaq olmuşuq. Fərəhlənmişik ki, bu sevincdə bizim də payımız var... 
Hər şeydən öncə, Uca Yaradana dua edəndə, günahlarının bağışlanmasını diləyəndə bizi göylərə qaldırırsan. Sanki sənın duaların ovcumuza yazılır və barmaqlarının ucundan səmaya uçub gedır...
Həyatda az-çox qazandığın uğurlara görə bizə təşəkkür etməlisən... Sən bizimlə ananın boynuna sarılmısan, onun nur dolu, işıqlı çöhrəsini öpmüsən. Sevdalı çağlarında sevgi məktubları yazmısan. Bax, heç yadımızdan çıxmır, bir məhəbbət şeirini belə bitirmişdin:
...Hardasa küləklər saçını darar,
Mənim barmaqlarım ağlayar onda...
Kədər sənə güc, dünya dar gələndə, sakit bir yerə çəkilib için-için ağlayanda, göz yaşlarını biz silmişik.
Nəvələrini qucaqlayanda, saçlarına sığal çəkəndə bizim də sevincimizin həddi olmayıb. Onların balaca toppuş əllərini ovucumuza alanda ürəyindən barmaqlarımıza axan həlimlik körpələrin üçün ən şirin nəvaziş olub. 
Sən bizimlə dost əli sıxmısan, ona hər zaman arxa, dayaq, vəfalı olacağını çatdırmısan. Lazım gələndə bizimlə dostunu yıxıldığı yerdən qaldırıb, son gücünlə kürəyinə almısan... Axı dost hər zaman arxasınca gedə biləcəyin insandı. Dost səninlə sevinən, kədərinə ortaq olandı. Dost pas bağlamış ürəyin açarıdı... Dost güvəndiyin, arxalandığın dağdı....
Əkdiyin ağaclara, gül kollarına qayğını da bizim gücümüz, səyimizlə yerinə yetirirsən. Bu dünyada, bəlkə də, insan dostlarından çox ağac dostların var. Onları tez-tez yad edir, boylarına baxıb sevinir, hansınınsa bir budağı qırılanda ağrıyırsan...
Yadımızdadı, binanızın arxasına küçəyə əkib-becərdiyin ağacdan yaz günü bir nənə yetişmiş tutları dərib nəvəsinə verəndə sən pəncərədən baxıb sevindin, hətta kövrəldın. Elə biz də çox sevindik. Axı, o ağacların böyüməsinə günlərlə əmək vermişik. Bu, bizim doğma torpaqda izimiz, onun gözəl olması üçün payımızdı. Deyir, əl çalışar yer sevinər, yer barlanar, el sevinər. Hər kəsə əməli, xeyirxah işi ilə qiymət verilər. Bizim də az-çox bacardığımız budur... 
Biz hər zaman Səniləyik, sənin sevincinlə sevinir, kədərinə qüssə çəkirik. Biz ağrıyanda, sızlayanda bizi də düşün. Düşün ki, heç olmazsa, ömürlük kimə xidmət etdiyimizi, dilinə gətirə bilmədiyin, gətirmədiyin şirin sözləri ürəyindən, gözlərindən oxuyaq!...
Nə deyim, həqiqət önündə, doğru söz qarşısında boynum qıldan incədi...
Məni bağışlayın, əllərim!

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top