ƏLİ ÇƏRKƏZOĞLU

Operativ Qərargahın avtobuslardan xəbəri varmı?

Operativ Qərargahın avtobuslardan xəbəri varmı?

ƏLİ ÇƏRKƏZOĞLU
Son günlərin statistik göstəriciləri ölkəmizdə koronovirusa qarşı mübarizənin effektivliyindən xəbər verir. Yoluxma və ölüm hallarında xeyli azalma var, amma paytaxt küçələrini dolaşanda həllini tapmamış problemlər ilk baxışdan nəzəri cəlb edir. Ən böyük problem nəqliyyat məsələsidir. Doğrudur, siz hər hansı avtobusa maskasız minə bilməzsiniz, ən azı ona görə ki, sərnişinlər icazə verməzlər, amma basabasa qarşı kimsə bir şey edə bilmir. Kimsə bir başqasının sinəsindən geri itələyib "basırıq eləmə" deyə bilməz, çünki bu birbaşa savaş deməkdir. Kimin nəyinə lazımdır ki, ən yumşaq halda kiminləsə deyişib qanını qaraltsın? Adamlar ağzı maskalı olsa da, hamı bir-birinə söykənir. Bəzi avtobuslarda elə basabas olur ki, heç normal zamanlarda o mənzərəni görmək mümkün deyildi. Sərnişinlər az qala qapıdan asılı vəziyyətdə yol gedirlər. Mən bu mənzərəni tez-tez görürəm. Binə, Sədərək bazarlarından gəlib evimizin yanından keçən 211 saylı avtobusda səhər və axşam basabasdır. Bu basabasda adamlar yıxılmamaq üçün tutacaqlardan yapışır, bir-birinə söykənir, enəndə da yol pulu ödəyirlər. Sürücü də bir sərnişindən aldığı dəmir pullarla digər sərnişinin pulunun qalığını qaytarır. Adamlar lazım olan ünvana getmək üçün bəzən bir neçə avtobus dəyişməli olurlar. Hər kəsin imkanı yoxdur ki, şəhəri taksi ilə dolaşsın. Avtobusların interval üzrə hərəkət etdiyinə, yəqin ki, çoxumuz inanmırıq, ona görə də dayanacaqlarda toplaşmış sərnişinlər aradakı məsafə söhbətini elə o dayanacaqlarda buraxıb bir təhər minməyə çalışırlar. Nə qədər gözləsinlər axı? Məktəblərdə dərslərin başlaması avtobuslarda vəziyyəti daha da ağırlaşdırıb. Elə düşünürəm ki, Operativ Qərargah və Daxili İşlər Nazirliyi gücünü səfərbər edib şəhərdə sərnişindaşımaya nəzarət etsələr, daha yaxşı nəticələr əldə etmək olar. Təbii ki, bu halda hər kəsin ağlına metro gəlir. Bəli, metronun ən yaxın zamanda açılması qaçılmaz tələbdir, amma bu basabas indi də yerin altına daşınacaqsa, heç bir yaxşılaşma gözləməyə dəyməz. Problem haradadır, bilirsinizmi? - Xalqa xidmət göstərməli olan strukturların öz vəzifələrini layiqincə yerinə yetirməməsində. Mən hələ rast gəlməmişəm ki, bu pandemiya zamanında hansısa sərnişindaşıma şirkəti işini doğru-düzgün yerinə yetirmədiyi üçün cəzalandırılsın. Metro işləməlidir, amma ən sıx rejimlə, basırıq olmadan, vaqonlarda havalandırma sistemi çalışdırılaraq. Avtobuslardakı basabası görəndə adam düşünə bilər ki, Operativ Qərargah üzvlərinin bu mənzərədən xəbərləri yoxdur, amma necə xəbərləri yoxdur ki, sosial şəbəkələr səhərdən axşama qədər avtobuslardakı bərbad vəziyyətdən yazırlar. Bunu görməmək, eşitməmək mümkün deyil. Demək, qətiyyət, iradə çatmır, mövcud durumu dəyərləndirib düzgün qərar vermək qabiliyyəti yoxdur, ya da istəmirlər ki, risq alsınlar, "az aşım, ağrımaz başım" prinsipini rəhbər tuturlar. Söhbət dolaşır ki, mart ayından yenidən sərt rejimə keçiləcək, yollar bağlanacaq, karantin rejimi tətbiq ediləcək və sairə. Əvvəla onu deyim ki, böyük şəhərlərə giriş-çıxışın dayandırılması o qədər də uğurlu seçim deyil, çoxumuzun rayonla əlaqəsi var, qocası, xəstəsi, qayğıya möhtac yaxınları var və onları baş çəkməliyik. Ailəsi ilə rayonlara, dağa gedib iki gün istirahət etmək, hava udmaq istəyənlərin qabağını kəsmək kimə nə fayda verir? İmtiyazlılar onsuz da istədikləri kimi gəzib dolaşır, istirahət edirlər, bizim kimilər də şəhərin giriş-çıxışında qurulan postlardan, ya da o postlardan görünməyən yerlərdən keçmək üçün üçün yollar axtarırıq. O postlardan müxtəlif yollarla adam keçırən sürücülər 10 manatlıq yolu 25 manata aparmağa başladılar. Bir tərəfdən ərzağın, yanacağın qiyməti qalxır, bir tərəfdən də yolu bağlayırlar ki, otur evində, öl. Ölkəmizdə vətəndaşa verilən dövlət dəstəyi Avropa ilə müqayisədə gülünc səviyyədədir. Pandemiyadan əvvəl yüngün maşınlar adamı Bakıdan Gəncəyə 15 manata aparırdılarsa, indi 25 manatdan aşağı düşmürlər. 
Ortada ciddi problem var və o problemi həll etmək üçün ciddi tədbirlər görülməlidir, özü də bu tədbir camaatın rifah halını pısləşdirməyə deyil, yaxşılaşdırmağa  xidmət eləməlidir. Mütəxəssis olmasam da, tam qətiyyətlə deyə bilərəm ki, bu virus ən çox avtobuslarda, böyük marketlərdə, bankların qarşısında, bəzi iaşə obyektlərində, yəni növbənin, basırığın olduğu yerlərdə yayılır. Marketlərdə, banklarda 10 yerdən 3-4-ü işləyir, camaat da məcburən sıraya girməli olur. Əgər hər kəs yerində olsa, camaat basırığa düşməz, yoluxma ehtimalı da az olar.
Əgər ciddi nəzarət altında küçəyə çıxış yasaqlanırsa, bu anlaşılandır, çünki bilirsən ki, dövlət bütün gücünü səfərbər edib. Əslində biz qanun qarşısında boyun bükən adamlarıq, siz bir çox inkişaf etmiş Avropa ölkələrinə baxın, dövlətin gücləri qanuna boyun əyməyən, əyləncəsiz həyatdan "bıkmış" gəncliklə sözün həqiqi mənasında savaşa çıxıb. Bizdə qərarları ehtiyac üzündən, Avropada isə əyləncə üçün pozurlar. Əgər bu pandemiya dövründə Avropada vətəndaşa göstərilən qayğının yarısı bizə göstərilsəydi, evdən çölə heç addım atmazdıq. Biz evdən çıxırıqsa, ehtiyac üçün, ən çox da çörək qazanmaq üçün çıxırıq, təbii ki, çoxluğu nəzərdə tuturam, hər cür imtiyazı işğal etmiş təbəqədən söhbət getmir. Avropalılar əyləncə üçün gizlin toplanırlarsa, bizimkilər xəlvəti toy, nişan keçirirlər və bir də axşam xəbərlərində görürsən ki, Ağcabədinin hansısa kəndində 10-15 nəfər qohumu ilə xəlvətcə nişan keçirən ailəni ağır cinayətkar dəstə kimi divara düzüb bütün ölkəyə nümayiş etdirirlər. Əslində toy məsələsi bizim üçün ən mühüm mövzulardan biridir və dövlətimiz bu mövzuda ciddi qərarlar verməlidir. Hər kəs bilir ki, bizdə toy məsələsi alış-veriş işidir, yəni kimin toyuna gedib yüz manat yazdırmısansa, indi o da gəlib "borcunu" qaytarmalıdır ki, sən də o pula bir sürü məsrəfini ödəyəsən, problemləri yoluna qoyasan. O boyda qır-qızılı, mebeli, geyim-gecimi kim cibindən alır ki?! Hamı toydan yığılan pulla bu işləri görür. Sabah toylara icazə verilsə,təxmini hesabıma görə, 7, ya 8 dənə yağlı dəvətnaməm havadadır. İndi böyük toy məclisləri keçirmək mümkün olmadığı üçün camaat da toyunu saxlayıb, hamı oturub gözləyir ki, görək bu pandemiya söhbəti nə zaman başa çatacaq və toylara icazə veriləcək. Evlənənlərin sayı azalır və olan da millətə olur, artım azalır. Onsuz da son illərdə ailələrdə uşaqların sayı birə, ikiyə düşüb, indi orda da qısıtlamalar başlayacaq. Elə düşünürəm ki, bu toy məsələsində ya dövlətimizin tərəfindən hansısa şəkildə dəstək olmalıdır, ya da birdəfəlik deyilməlidir ki, o xəyalları başınızdan çıxarın, gedin, adamınızı gətirin evinizə, Allah xeyirinizi versin! Deyirlər ki, 50 nəfərin iştirakı ilə məclis keçirməyə icazə veriləcək, amma hər kəs bilir ki, o parçadan Fatıya tuman çıxmaz. Bir yol da qalır ki, toy eləmək istəyən adam dəftərini qabağına qoyub bir-bir hamıya zəng eləməlidir ki, gör neynirsən. 
Atalar sözü var: "Elinən gələn bəla toy-bayramdır", amma bu nə bəladırsa, bütün dünyaya gəlib və toy-bayramla da arası yoxdur, nə qədər davam edəcəyini də bir Allah bilir. Bizə düşən isə tədbirli olmaqdır, amma tədbir də gərək kasıb-kusuba zillət olmasın, dəstək olsun. Ona görə də tədbir alanlar düşünsünlər ki, nə boyda məsuliyyət, vəbal daşıyırlar.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top