ƏLİ ÇƏRKƏZOĞLU

Yaşanmış dastanlar yanlış yazılmasın

Yaşanmış dastanlar yanlış yazılmasın

ƏLİ ÇƏRKƏZOĞLU
Bakı-Astara magistralından sağa burulub Biləsuvar yoluna çıxıram. Magistral yoldan çıxınca təbii ki, avtomobilin sürətini xeyli düşürməli oluram. Bir qədər gedəndən sonra yol böyük gölməçələrin arasından keçir. Uzaqda suyun üzündə oturmuş quşlar ləpə vurduqca yüyrükdə yellənən uşaqlar kimi kimi yırğalanırlar. Yolayrıcını da keçirəm və 22 yaşlı şəhidim, aslanım, "bir türk yüz erməniyə bədəldir" deyən və dediyini də həyatı ilə ortaya qoyan Milli Qəhrəmanımız Mübariz İbrahimovun kəndinə, Əliabada çatıram. Təbii ki, sürəti bir az da aşağı salır, Mübarizin ruhuna ehtiram əlaməti olaraq yol kənarında gördüyüm hər kəsə salam vermək istəyirəm. Sonra Xırmandalı kəndinin də kənarından keçib Bəydili kəndinə çatıram. Əslində bu kəndlər bir-birinə təxminən bitişikdir, amma bir məsələ var ki, yol Əliabadla Xırmandalının kənarından, Bəydilinin isə ortasından keçir. Bəydili kəndini də rayon mərkəzindən kiçik bir kanal ayırır.

Son aylar sağlıq məsələləri ilə əlaqəli bir çox rayonlarımızı dolaşmalı olmuşam, amma Bəydili kəndində gördüyüm mənzərəyə başqa yerdə rast gəlməmişəm. Maksimal sürət 60 göstərilsə də, maşındakı hər kəsin tələbi ilə daha yavaş sürməli oluram. Yolun sağında da, solunda da şəhid portretləri düzülüb və sən içındən gələn bir tələblə hər portretin önündə yavaşımalı olursan ki, şəhidin adını, soyadını oxuyasan, yaşını öyrənəsən və ruhuna rəhmət oxuyasan. Kəndin o başından bu başına qədər azı 15-16 portret sıralanıb, 18 yaşlısı da var, 35 yaşlısı da. İstər-istəməz ağlıma gəlir ki, bu qədər övladını şəhid verən bu kənd dövlət qarşısında bir çox imtiyaz haqqına sahibdir. Bəlkə Qəhrəman Şəhər, Qəhrəman Kənd kimi fəxri adlar təsis olunsa və layiq olan ünvanlara verilsə, daha yaxşı olar. Bilirəm ki, Lerikdə, Ağdamda, Mingəçevirdə ailələr var ki, iki övladını şəhid verib. Bu ailələr dövlət qarşısında hər cür imtiyaz haqqına sahibdirlər və ümid edirəm ki, bu mövzuda lazımi işlər görüləcək.

Bu yazıda mən başqa mətləbdən söhbət açmaq istəyirəm. Başqa mətləb deyəndə ki yenə şəhidlərdən danışacam, amma başqa baxış bucağından. Hər birimizin tərəddüdsüz qəbul elədiyi bir həqiqət var ki, 10 noyabr 2020 tariximizin ən böyük zəfər günüdür. Bu tarixə qədər 15 sentyabr 1918-ci ili, yəni Bakının erməni-rus işğalından azad olunduğu günü ən böyük zəfər günü sayırdıq, ancaq bu son qələbəmiz o qədər parlaq zəfər oldu ki, bundan sonra biz hər zaman hər yerdə özümüzü ermənilərdən üstün biləcəyik, ermənilər isə boyunlarına almasalar da bizdən qorxacaqlar. 10 noyabr 2020 istər döyüş meydanında, istər psixoloji, istər mənəvi, istər hüquqi baxımdan, yəni hər yönü ilə bizim zəfər günümüzdür. Bu zəfər əslində bizim nə qədər humanist olduğumuzun da təsdiqidir, belə ki, biz savaşı davam etdirərək daha minlərlə ermənini meyit kimi yerə sərə bilərdik, çünki erməni darmadağın olmuşdu, silahını atıb qaçırdı, bu müharibə aslanla dovşanın savaşına dönmüşdü, amma dayandıq. Kaş ki, ermənilər Azərbaycan tərəfinin bu böyüklüyünü anlayacaq ağıla və vicdana sahib olaydılar. Müharibənin tamamında Azərbaycan tərəfinin açıqladığı şəhid sayı, yəni 2783 rəqəmi əslində bizim üçün zəfər rəmzi halına gəldi və bu rəqəm özlüyündə bütün şəhidlərimizi ehtiva edir,bu rəqəmin içində bu 44 gündən əvvəl şəhid olmuş Mübariz də var, Fərid də var, general Polad da var, hələ desən əvvəlki savaşda şəhid olanlarımız da var. Bu 2783 fərqli rəqəmdir, zəfərin simvoludur. Təbii ki, erməni iqtidarı öz hakimiyyətini qorumaq üçün real itkilərini gizli saxlayır, amma təxmini hesablamalar bu savaşda ən azı 15 min erməninin öldüyünü göstərir. Bəli, biz möhtəşəm bir qələbə qazanmışıq və dibində dayandığın dağın zirvəsini görə bilmədiyin kimi, bu gün bu qələbəmizin əhəmiyyətini və böyüklüyünü tam dərk etməkdə çətinlik çəkməyimiz də təbii sayılmalıdır. Hazırda bütün media orqanlarının, sosial şəbəkələrimizin ən böyük mövzusu da elə qələbəmiz və şəhidlərimizdir. Şəhidlər adına şeirlər yazılır, mahnılar bəstələnir. Yəqin ki, yaxın zamanlarda iri həcmli əsərlər, romanlar, poemalar, povestlər yazılacaq, filmlər çəkiləcək. Təbii ki, indiyə qədər yazılan şeirlərin, mahnıların bir çoxu zəifdir və qısa zamanda unudulacaq. Ona görə də bu məsələdə həssas olmaq lazımdır, yəni hər kəs öz gücünü, bir qədər sərt ifadə eləsək, həddini bilməlidir və düşünməlidir ki, yazdığı bu yazı, şeir, ya mahnı o şəhidin adına layiqdir, ya yox. Mən əminliklə deyə bilərəm ki, əksər hallarda yazılanlar yaşananlara layiq olmur. Bir də ən çox qorxduğum məsələ şəhidlər arasında ayrı-seçkılık məsələsidir. Şəhid var ki, adı efirdən düşmür, şəhid də var ki, adı efirdə səslənmir. Yəni şəhid mövzusunda adamlı olmaq, arxalı olmaq məsələsi ortaya çıxacaqsa, bizə yazıqlar olsun! Şəhidə ehtiram Xalq artisti fəxri adı deyil ki, satılıb-alınsın. Qələt var ki, göz yuma bilərsən, amma iş də var ki, qırmızı xətt kimi hər zaman xalqın qarşısında durmalıdır və bu mövzuda hər hansı güzəşt yeri yoxdur, şəhid məsələsi kimi. Bu xalq üçün canını fəda etmiş bütün şəhidlərimiz bizim üçün eyni dərəcədə doğmadır. Valideyn övladları arasında fərq qoya bilmədiyi kimi, xalq da şəhidləri arasında ayri-seçkilik etməməlidir. Əgər xatırlayırsınızsa, birinci savaşdan sonra hər rayonun, az qala hər kəndin şəhidləri haqqında ayrı-ayrılıqda kitablar çap etmək ənənə halına gəlmişdi, amma bu gün o cür çalışmalar görünmür. Biz bu zəfəri ayrı-ayrılıqda deyil, birlikdə qazanmışıq, bu zəfər talışı, ləzgisi, türkü, kürdü, tatı, avarı, rusu, yəhudisi, inqiloyu.., ilə bütün Azərbaycanın qələbəsidir, qardaşlığımızın təntənəsidir. İstər fərd olsun, istər xalq, ədalət hər kəs üçün ən böyük meyardır. Şəhidlərimizə qarşı ədalətli olaq. Ucqar bir kənddə kasıb bir kişinin evindən çıxıb döyüşdə aslan kimi savaşan bir igidimizi unudub, başqa bir şəhidimizin adını hər gün səsləndirsək, ədalətsizlik olar. Kimsə abırına sığınıb redaksiya qapısı döymürsə, şəhid övladının layiq olduğu haqqı tələb etmirsə, bizim insafımıza, vicdanımıza nə olub? Şəhid - bir ailənin deyil, bir xalqın əmanətidir. Ona görə də hansısa dövlət orqanı şəhidlər mövzusu ilə məşğul olsa, bu istiqamətdə araşdırmalar aparsa, bu mövzuda dürüst qərarlar versə, hər kəs ədalətə inanar və bu inam ən böyük vətənpərvərlik təbliğatı olar.

Gündəlik işimlə əlaqəli hər gün qazilərin söhbətlərini, şəhidlər haqqında xatirələri oxuyuram, eşidirəm. Yeri gəlmişkən deyim ki, bu müharibədə elə qəribə, qeyri-adi hadisələr yaşanıb ki, eşidəndə göz yaşlarını tuta bilmirsən, adamın tükü biz-biz durur. Məsələn, bir zabit söhbət edir ki, Hadrutda ağır döyüşlər gedirdi və barıt tüstüsündən nəfəs almaq mümkün deyildi. Bu zaman yanımda bir əsgərimiz ağır yaralandı. Mən tez özümü ona yetirdim və təsəlli vermək üçün başını qucağıma aldım. Əsgər gözlərini açıb üzümə baxdı və təbəssüm edərək: "Komandir, bu nə gözəl qoxudur, burnuma gəldi"- dedi və başı əllərim arasına düşdü.

Yaşanmış başqa bir hadisəni paylaşım sizlərlə: Uzun sürən ağır döyüşlərdən sonra nisbi sakitlikdir. Lazımi tədbirləri gördükdən sonra komandir səngərin bir küncündə uzanıb gözünün acısını almaq, yorğunluqdan qurtulmaq istəyir. Gözünü yuman kimi bu son döyüşdə itkin düşmüş əsgərini görür. Əsgər bir az da sitəmli bir tərzdə ona: “Komandirim, niyə məni burda tənha, özü də üstü açıq qoymusan? Üşüyürəm axı. Sizdən bir qədər aşağıda, o balaca tirənin yanındakı çuxurdayam, gəl məni burdan götür” – deyir. Yuxudan hövlnak ayılan komandir gecənin qaranlığından faydalanaraq özü ilə bir nəfər əsgər götürür və səngərdən çıxır, yuxuda deyilən yerə gedir, axtardığı əsgərinin qanlar içindəki cəsədini əli ilə qoymuş kimi tapır və götürüb səngərə gətirir.

44 günlük bu savaşda çox belə hadisələr yaşandı. Biz bu savaşda sonuna qədər haqlı idik və inşallah Allah-Taala da bizə bu haqqımızı bir daha anlatmaq, gücümüzə güc qatmaq üçün belə hadisələr yaşatdı. İndi düşünün, bu qədər parlaq, bu qədər böyük və ən başlıcası Allah-Taalanın bizə lütfü olan bir zəfərdən sonra o zəfərin qazanılmasına səbəb seçilmiş övladlarımız arasında ayrı-seçkilik qoysaq, mövzuya məhəlli prinsiplərlə, qohumluq bağlarını əsas tutaraq yanaşsaq, Allahdan üzümüzə açılmış ədalət qapısını öz əlimizlə bağlamış olmazmıyıq?! Ədalət, dürüstlük bütün xeyirlərin, bütün uğurların təməlidir. Ədalət – hər şeydən əvvəl insanın öz vicdanına qarşı dürüst  davranmasıdır, çünki vicdan bizdə olan, amma bizə tabe olmayan ilahi nəzarətdir, hər şeyi olduğu kimi görür, bilir, biz onu dəyişə, yönləndirə, könlümüzdən keçənə razı sala bilmirik. Özünə xəyanət edəni, vicdanın gözündən düşəni Allah da sevməz. Ədalətli olmaq hər zaman zəfərə, xeyirə yaxın olmaqdır, özünə dəyər verməkdir, doğru yol üzrə olmaqdır.

Şəhidlərimizə qarşı ədalətli olaq, onların yaşamış olduqları o qəhrəmanlıq dastanlarını yanlış yazmayaq, hamısını bağrımıza basaq, hamısını dualarımıza alaq, Allahın lütfü olan bu zəfər əmanətinə riayət edək, onu qoruyub saxlamaq üçün hər zaman tədbirli olaq ki, 28 il boyunca bizi əzən, boynumuzu bükən o əzikliyi, təhqiri, alçalmağı bir daha yaşamayaq. 

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top