ANAR QARAXANÇALLI

Avropanın fil-dəvəsi, Azərbaycanın “yolka”sı...

Avropanın fil-dəvəsi, Azərbaycanın “yolka”sı...

ANAR QARAXANÇALLI

Süni gündəmlər, mənasız söhbətlər. Günlərimiz belə keçir. Əslində önəm ərz edən ciddi problemlərimizi danışa bilmirik, müzakirə edə bilmirik. Dolayısıyla da həll edə bilmirik. Filankəsin evi belə getdi, xanımı elə geyindi, özü belə etdi, maşını elə oldu və s.
“Yolka” olsun yoxsa olmasın?! “Yolka” olsa nə olacaq, olmasa nə olacaq?! Hər toplumun özünəxas dəyərləri var. Eyni zamanda hər ailənin, hər fərdin də fərqli dəyərləri ola bilər. Kimiləri üçün dini dəyərlər önəmli ola bilər, kimiləri üçün milli dəyərlər, kimiləri üçün fərqli dəyərlər. Bu dəyərlər o toplumu, o ailəni, o fərdi ayaqda tutan təməllərdir. Fərqliliklər əslində zənginlikdir. Bu məsələdə mübahisə etmək mənasızdır, məncə. Şəxsən mənə “yolka” nəsə bir dəyər ifadə eləmir. Amma kimisinə də edə bilər.
Bir neçə gün öncə gecə 12-də marketdən çıxanda orta yaşlı bir nəfər yaxınlaşdı. Sifətindən mədəni, təhsilli birinə oxşayırdı. Əlində salafanda otlar vardı. Utana-utan, “kəkotu istəməzsiniz?”, deyə soruşdu. Gözlərinə baxdım. Üzündə, gözündə yorğunluq, kədər, ən çoxu da utanma hissi vardı. Otlardan biraz aldım, adam təşəkkür edib uzaqlaşdı. Arxasından baxdım, marketə girdi. Bəlkə də evində bu saatda çörək gözləyənləri vardı. Çox üzüldüm.
Evə gələndə telefonuma bir mesaj gəldi. Dostum bir video göndərmişdi. Videoda Danimarka Palamentində (2019-cu il) Baş Nazir Mette Frederiksen gülüşlərlə kəsilən çıxış vardı. Deməli, Danimarkada qəbul edilmiş qanun təklifinə görə, sirklərdə vəhşi heyvanların istifadə olunması qadağan olunur. Bu çərçivədə hökumət 4 sentyabrda(2019) ölkədəki sirklərdə qalan son 4 fili təxminən 11 milyon krona (3 milyon manat) satın alır. Baş Nazir Rambolin adlı fil ilə yanaşı bir dəvə aldıqları üçün hesabat verir. Xahiş edir ki, gülməyin, amma özü də gülür, dinləyən vəkillər də. Çıxışında deyir ki, Rambolini alanda, satanlar deyiblər ki, “Rambolinin bir dostu var, dəvə. Onlar bir-birlərinə çox bağlıdılar, yaxın dostdular. Əgər onları ayırsaq ikisi də çox üzüləcək”. Ona görə də, hökumət fil ilə yanaşı nəzərdə tutulmayan dəvəni də satın alır. Əlavə dəvə alındığı üçün Baş Nazir Parlamentdə izahat verir. 
Digər tərəfdən, Qarabağda qazi olan əsgərlərimizin bəzən müraciətlərini görürük. Hospitalda əməliyyat olub, müalicə bitmədən evinə göndərilənlər, zəruri tələbatları olanlar və s. Niyə qazilərimiz kiməsə ağız açmalıdı? Bu insanların qeydiyyatını aparmaq, onların lazımi ehtiyaclarını təmin etmək niyə çətin olsun ki?! Əlaqədar qurumlar nə üçündür? Olimpiya qalibinə 400 min manat, şəhid ailəsinə isə 11 min manat. Budurmu ədalət?
Kimdir günahkar? Məncə, hər birimiz. Dövlət qurumunda işləyən biri danışır; deyir, 30 manatlıq aləti 4000 manat kimi rəsmiləşdirdilər. Dedim ki, niyə etiraz eləmədin? Deyir, mən kiməm ki?!
Mən kiməm ki, deməyək. Gördüyümüz problemlərə, saxtakarlıqlara etiraz edək, düzəltməyə çalışaq, ən azı, iştirakçısı olmayaq. Səsimizi çxarmadığımız hər saxtakarlığın iştirakçısı sayılırıq. 
Son olaraq, əziz oxucular, indi siz qərar verin; Danimarkada heyvan olmaq yoxsa Bakıda yolka qoymaq?!

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top