ƏLİ ÇƏRKƏZOĞLU

Bomba atılanda neyləmək lazımdır...

Bomba atılanda neyləmək lazımdır...

ƏLİ ÇƏRKƏZOĞLU
FHN öz vəzifəsini yerinə yetirmir.
Amansız müharibə gedir. Namərd düşmənimiz cəbhədə uduzduqlarının əvəzini ətraf şəhər və kəndlərimizdə yaşayan dinc vətəndaşlarımızdan çıxmağa çalışır. İki gün əvvəl Bərdə şəhərinin gur yerinə atılan raketlər 21 insanımızın ölümünə, 70-dən çox mülki şəxsin yaralanmasına səbəb oldu. Yaralıların söhbətinə qulaq asanda, hadisə anında çəkilmiş kadrlara baxanda aydın görünür ki, insanımız bu cür fövqəladə hallara hazır deyil. Halbuki müharibə gedən ölkədə, hər an bomba, raket hücumuna məruz qalma ehtimalı olan yaşayış məntəqələrində vətəndaşların bu qədər hazırlıqsız, təlimsin olması qəbul ediləcək hal deyil. Bu məsələyə məsul olan təşkilatlar, xüsusilə də Fövqəladə Hallar Nazirliyi boynuna düşən vəzifəni yerinə yetirə bilmir. Əgər lazım olduğu qədər təbliğat işi aparılsaydı, ola bilsin ki, 2 gün əvvəl Bərdədə qeydə alınan ölüm sayı xeyli az ola bilərdi. İlk səs eşidilən anda vətəndaşımız panikaya düşür və hara gəldi qaçmağa başlayır. Dünən xəstəxanadan danışan 11 yaşlı uşaq deyir ki, birinci bombanın partlamasını eşidən kimi binadan çıxdım və padvala tərəf qaçdım, o biri bomba düşdü və ayağım yaralandı. Deyək ki, uşaq qorxuya düşdü, özünü itirdi, bəs yaşlı adamlarımıza nə olub? Kadrlarda da görünür, özləri də deyirlər ki, hamısı qaçarkən qəlpə yarası alıblar. Müayinə nəticəsində məlum olub ki, vətəndaşlarımızın çoxu qarın və daha yuxarı nahiyələrdən yaralanıblar. Demək, onlar raketin səsini havada ikən eşidəndə yerə uzana bilsəydilər, bu yaradan qurtula bilərmişlər.
Əzizlərim, ayılın və boynunuza düşən vəzifəni yerinə yetirin! Hər gün bütün telekanallarımızda mütəxəssislər hər saatbaşı vətəndaşları bu mövzuda əyani olaraq maarifləndirməlidirlər. Ən çox baxılan serialları, proqramları kəsib bu məlumatları yayınlamalıyıq. Mən bir vətəndaş kimi Fövqəladə Hallar Nazirliyini qınayıram. Onların vəzifəsi təkcə fəlakət baş verəndən sonra xilasetmə işləri ilə məşğul olmaq olmamalıdır, həm də insanları bilgiləndirmək, təbliğat işi aparmaq, ehtimal olunan fəlakət anında itkilərin olmaması, yaxud da minimum sayda olması üçün irəlicədən tədbirlər həyata keçirməkdir. Telekanallar gün boyunca vətəndaşı gərginlikdə saxlamaqdansa, şeir, mahnı yayınlamaqdansa, müharibə zamanı vətəndaşların qorunması üçün bilgilər verməyə yönəlməlidir.
Əlaqədar qurumların bu sahədə nə zaman nə iş görəcəyini düşünmədən bir yazar və müharibədən az-çox başı çıxan birisi kimi bildiklərimi oxucularla paylaşmaq istəyirəm. 
Əvvəla onu deyək ki, havada gələn raket səsi ilə onun partlaması arasında ən çox 2 saniyə vaxtınız var. O anda qaçmağı deyil, yerə uzanmağı düşünün. Özü də elə uzanın ki, başınız raketin gəldiyi, ayağınız isə partladığı istiqamətə düşsün. Əgər yanınızda su arxı və ya yer səthindən aşağı bir yer varsa, ora uzanın. Əllərinizin içi ilə qulaqlarınızı tutun ki, səs dalğası qulaq pərdənizi deşməsin, baş-beyin nahiyənizə ağır xəsarət yetirməsin. Ən başlıcası panikaya düşməyin. Səs eşitdiyiniz ilk anda özünüzü ələ alın və bəlanın yan keçməsi üçün lazımi tədbirləri görün. Tədbir də dediyimiz kimi, özünü itirərək ora-bura qaçmaq deyil, soyuqqanlı davranmaq və uzanaraq hadisənin sonunu gözləməkdir. Bu elə bir andır ki, o anda bir-birinizi deyil, hər kəs özünü xilas eləməyə çalışmalıdır. Ona görə də uşaqlı-böyüklü hamımız təhlükə anına hazır olmalıyıq. Bərdədə bomba atılanda əvvəlcə ata qızını qorumaq üçün onu qucaqlayaraq qəlpələrin hədəfinə çevrilir, sonra isə eyni şeyi qızı təkrarlayaraq atasının qanlı bədənini qucaqlayır. Nəticədə ata da, qız da həyatını itirir. Əgər neyləməli olduqlarını bilsəydilər, ola bilsin ki, xilas olardılar. Bomba atılan zaman avtomobilin qapısı arxasına sığınmaqdansa, yerə uzanmaq daha az təhlükəlidir, əvvəla ona görə ki, avtomobil hündürdür və qəlpə onu asanlıqla tutur, digər tərəfdən partlayış nəticəsində avtomobil alışa bilər. Bu cür hadisələr zamanı bir santimetr belə həlledici ola bilir, ona görə də mümkün qədər aşağı yatmaq lazımdır ki, qəlpənin sizi tutmaq ehtimalı az olsun. Demirik ki, bu söylənənlərə əməl etsəniz, bomba sizə zərər verməyəcək, onu deyirik ki, bu halda ölüm və ya yaralanma risqi xeyli az olacaq. Çox xahiş edirik ki, kimsə bu məqamda qalxıb qədərçilik nağılı oxumasın, çünki “alnıma nə yazılıbsa o da olacaq” deyənlərin belə kritik məqamlarda necə bağırdıqlarını  və dəli kimi ora-bura qaçdıqlarını az görməmişik. Biz tədbir alınmasının tərəfdarıyıq və çox istəyirik ki, vətəndaşımız, soydaşımız ən ağır vəziyyətlərə hazır olsun.  
Müharibə şəraitində hər kəs səfərbər olmalı, qələbə üçün çalışmalıdır. Telekanallarımız müğənniləri, savadsız alimləri efirə çıxarıb qəhrəmanlıq şərqiləri oxutmaqdansa, bombadan necə qorunmağı öyrətməlidirlər. Cəbhə ətrafı rayon və kəndlərimizdə həyəcan siqnallarından istifadə olunmalıdır. Belə ki, raket düşmən mövqelərindən çıxdığı anda həyəcan siqnalları verilməli, vətəndaşlarımız da tədbir görməlidirlər. 
Tədbir deyəndə çoxumuz zirzəmiyə qaçmağı düşünür. Zirzəmi məsələsi də bir başqa problemdir. Həyətdə raket partlayan anda vətəndaşımız evdən çıxır ki, zirzəmiyə qaçsın. Əslində bu yanlış hərəkətdir. Əgər bir raket partlayıbsa, o birisi də böyük ehtimalla elə indicə yaxınlıqda partlayacaq. Bu zaman siz ora-bura qaçmalı deyilsiniz, olduğunuz yerdə uzanmalı, əlləririnizlə qulaqlarınızı tutmalı və hücumun tamamlanmasını gözləməlisiniz. Yəqin ki, "Bizim Cəbiş müəllim" filmində də görmüsünüz ki, havada düşmən təyyarəsinin səsi eşidilən kimi həyəcan siqnalı verilir, adamlar da qaçıb zirzəmidə gizlənirdilər. Bu seçim raket hücumları üçün keçərli deyil.     
Bu mövzuda çoxdan düşünməli və tədbir görməli idik. Bəlkə Tərtər, Bərdə, Gəncə kimi şəhərlərimizdə və ya hər an bombalanmaq ehtimalı olan kəndlərimizdə yolların kənarlarında, meydanlarda, həyətlərdə insanların uzanaraq raket və bombalardan qorunması üçün yerlər qazmaq lazımdır? Bunun üçün nə qədər xərc çəkilir-çəkilsin, bircə vətəndaşımızın həyatı ilə müqayisədə heç bir anlam ifadə eləmir.
Bir daha üzümü əlaqədar təşkilatlara, xüsusilə də FHN-ə tuturam: Vəzifənizi yerinə yetirin! TV-lərə çıxın, hər gün mütəmadi olaraq xalqı məlumatlandırın. Əslində Bərdədə o qədər insanın bədənin yuxarı nahiyələrindən yaralanmalarına görə kimlərsə cəzalandırılmalıdır. Kimsə də zəmanət verə bilməz ki, sabah, ya o biri gün Bərdə, ya digər şəhər-kəndlərimizdə eyni hal təkrarlanmayacaq. Ona görə də vaxt itirmədən, elə bu gün, bu saat işə başlamaq, raket hücumundan, bombadan necə qorunmaq haqqında tv-lərdə saatbaşı, həm də əyani şəkildə göstərərək bilgilər vermək lazımdır. Dövlətdən aldığınız ətək-ətək pulların haqqını verin, cənablar!

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top