ƏLİ ÇƏRKƏZOĞLU

O günü gözləyirik

O günü gözləyirik

ƏLİ ÇƏRKƏZOĞLU
Sentyabrın 27-si tariximizdə dönüş nöqtəsidir. Məhz həmin gün başlayan hərbi əməliyyat Azrəbaycanın haqlı olduğunu da, qətiyyətini də, gücünü də dünyaya göstərdi. Diqqət edirsinizsə, əməliyyatlar başlayandan sonra beynəlxalq aləmdə bizə olan münasibət müsbət istiqamətdə xeyli dəyişib. Demək haqlı olmaq azdır, haqqını almaq üçün savaşa qalxmalısan ki, sənin qətiyyətinlə, gücünlə hesablaşsınlar. Bu müharibədə bizim haqlı, ermənilərin haqsız olduğu hər kəsə məlumdur, sadəcə ortada marağı olan güclər problemin həllinə imkan vermirlər.
Təqvimi qabağınıza qoyub diqqətlə baxın. Hər ayda, hər həftədə başımıza gələn bir faciə, bir müsibət var, hamısı da ermənilərin əli ilə baş verib. Təqvimimiz bu zalımların əli ilə qara boyanıb və indi biz o "qara"ları silmək üçün fürsət qazanmışıq. Suriyadan, Livandan gələn muzdlular, illərlə qardaş Türkiyənin başına bəla olmuş PKK köpəkləri şərəfli Azərbaycan ordusunun qarşısında duruş gətirə bilmir, ağır itkilər verərək geri çəkilirlər.
Artıq hər kəsə məlum olub ki, döyüş meydanında bizi ermənilərlə baş-başa buraxsalar, illərlə uzanan bu konflikti bir aydan da qısa müddətdə  bitirə, itirdiyimiz haqlarımızı da, torpaqlarımızı da, şəhidlərimizin intiqamını da ala bilərik. Biz haqlıyıq, haqlı olmaq güclü olmaqdır. Sən bilirsən ki, haqq uğrunda savaşırsan və ölsən şəhidsən. Şəhidlik  - can əmanətini zirvədə, ən dəyərli halı ilə təslim etməkdir. Doğrudur, indi çox güclü silahlar var, amma ən güclü silah şəhidlik həqiqətinə inanmış əsgərdir.
Hərbi əməliyyatlar davam edir, ordumuz irəliləyir, hər gün böyük tələfat verən ermənilər təşviş içindədir və dədələrinə yalvarırlar ki, bizi dayandırsınlar. Ermənilərlə bizim aramızda yaşanan bu vəziyyət ilk dəfə deyil. Hələ 1992-ci ilin sentyabrında da biz döyüşü qələbə ilə bitirməyə çox yaxın idik. Ordumuz toplarla Xankəndini döyürdü və ermənilər Qarabağdan qaçırdılər. O zaman da Moskvanın müdaxiləsi ilə hər şey bizim əleyhimizə dəyişdi. Təbii ki, həmin hadisələrdə içimizdəki xainlər də az rol oynamadılar.
Bu gün birlik günüdür, bu gün iqtidar-müxalfət söhbəti yoxdur, o tərəf-bu tərəf yoxdur, varlı-kasıb yoxdur, bu gün bütöv xalq var. Yumruq kimi birləşməli və ordumuzun ən qısa zamanda zəfər müjdəsi verə bilməsi üçün əlimizdən gələni etməliyik. Haqqımızı almalıyıq, bizim olanı özümüz qaytarmalıyıq. Tam əminəm ki, müasir dünyada gücsüzə kimsə hörmət qoymur. Hörmətə layıq olduğumuzu dünyaya sübut etməliyik. Qarabağın azad edilməsi istiqamətində çıxardığı 4 qətnamədən biri də işə keçməyən BMT-nin sözünü güvvəyə mindirmək, o qətnamələrin tələblərini icra etmək vəzifəsi də bizim boynumuza düşür. Ortaya güc qoymalı, ermənini  məğlub edərək dünyaya göstərməliyik ki, bizim 27 il susmağımız acizliyimizin deyil, humanizmimizin sübutudur. Biz güclü olduğumuz halda da hər şeyin sülh yolu ilə həllini istəmişik. Amma səbrimiz tükənəndə "kiş"dən anlamayan erməni donuzunu torpaqlarımızdan qovub çıxarmağı da bacarırıq. İnanmaq böyük gücdür, indi dünya da, erməninin özü də əmindir ki, onlar bizim qabağımızda dayanacaq gücə sahib deyillər. Təsəvvür edin ki, müharibə başlayandan Ermənistanda kişilərin ölkədən çıxışına qadağa qoyulub, çünki qaçırlar, qorxaqdırlar.  Bəli, biz ermənilərdən güclüyük, qat-qat güclüyük, buna əmin olmalıyiq. Tarix boyunca ermənilər bizə nə ediblərsə, dayılarının gücü ilə ediblər.
Ermənilərin nə qədər məkrli, alçaq niyyətli olduğu bizə məlumdur. Onların ölkəmizdə etnik müstəvidə təxribat törətməyə çalışacağından əminəm. Ona görə də onları bu sahədə da tərksilah etməliyik. Azərbaycan türkün olduğu qədər də talışın, ləzginin, avarın, kürdün, inqiloyun, rusun, yəhudinin vətənidir. Biz bərabər hüquqlu vətəndaşlar, qardaşlarıq. Bu torpaqda kimsə kimsədən artıq deyil. Azərbaycan multikulturalizmi kimsədə şübhə doğurmur. O ermənidir ki, özündən başqa bütün xalqları qovub, hər zaman dəstək aldığı rusları belə o torpaqlarda barındırmır.
Müharibədəyik, tariximiz boyunca bizə ən böyük xəyanətləri, insan ağlına gəlməyən düşmənçiliyi eləmiş bir yağı ilə əlbəyaxayıq. Allah çox şükür ki, hər şey bizim xeyrimizə davam edir. Erməni bizi də, özünü də hələ indi tanıyır. Bir azca ağlı olan erməni anlamalıdır ki, tarıxın hansısa dolanbacında, dayıların onları tərk elədiyi bir gündə biz 30 ilin yox, 200 ilin qisasını ala bilərik və biz buna hazırlaşmalıyıq da.
ABŞ, Rusiya və Fransa müharıbəni dayandırmaq üçün ortaq bəyanat yayıblar. Əgər onlarda zərrə qədər ədalət hissi olsaydı, ötən bu müddətdə erməniləri BMT qətnamələrinin tələblərini yerinə yetirməyə məcbur edərdilər. Ona görə də bu cür bəyanatlara əhəmiyyət vermək lazım deyil, əsas işimiz bir xalq olaraq birləşmək, ordumuzun arxasında durmaq və ən yaxın zamanda qələbə qazanmaq olmalıdır. İmkanı olan müəssisələr, iş adamları ordumuzdan maddi dəstəklərini əsirgəmirlər. Bir xalq kimi bir olmağı, bütöv olmağı anlamaq və yaşamaq adamın qəlbini qürur hissi ilə doldurur, sevincdən göz yaşı axır, qəhər boğur adamı.
Bir an belə olsun ordumuzdan dualarımızı əskik etməyək. Sonsuz Qüdrət Sahibi, Əziz olan, Qalib olan, Bədir savaşında az sayda müsəlmanı çox sayda müşrik üzərində müzəffər edən Allah-Taala bu savaşda bizə dəstək versin, zəfər nəsib eləsin! 124 min peyğəmbər, sevdiyi bütün qullarının üzü hörmətinə ən qısa zamanda bizi qələbəyə qovuşdursun, torpaqlarımızı geri almağı, itirdiyimiz haqqımıza qovuşmağı qismət eləsin! Allah-Taala acizləri, qorxaqları sevməz, inşallah biz də aciz və qorxaq olmadığımızı ortaya qoyduq, Rəbbim Özü bizə dayaq dursun.
Hamımız dua eləyək, olsun ki, bir ağızdan qopan bir dua top mərmisindən daha təsirli olar. Biz böyük savaşdayıq, Vətən Müharibəsindəyik. Qardaş Türkiyə başda olmaqla bizə dəstək olan hər bir dövlətə təşəkkür edirik, dildə qardaşlıqdan dəm vurub, arxada düşmənlərımızlə əlbir olan sözdə müsəlmanları da Allah-Taalanın ədalətinə həvalə edirik.
Təqvimimizə yaxşı baxın, yanvardan dekabra qədər hər ayda erməni əli ilə qara yazılmış günlərimiz var. İndi yaxın tarixdə elə bir gün gözləyirik ki, bütün o qara günləri o günün işığında itirək, bütün qaraları silək və böyük bir ZƏFƏR bayramı yaşayaq. Rəbbim o günü bizə tez qismət eləsin!

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top