ÜRFAN MƏMMƏDLİ

AFFA futbolu əcnəbilərə qurban verir

AFFA futbolu əcnəbilərə qurban verir

ÜRFAN MƏMMƏDLİ
Futbolda sensasiyalar olur. Luksembuqa qalib gələ bilərdikmi? Bilərdik. Qalib gəlsəydik nə olacaqdı?
Yəqin ki, “Azərbaycan futbolu inkişaf edir” sədaları ərşə qalxacaqdı.
Yalandan. Əsassız.
Azərbaycan udmadı. Sensasiya baş vermədi. Bəs indi nə edək? Nə yazaq?
Məğlubiyyətə görə kimi tənqid edək? Baş məşqçini?
Mən futbol mütəxəssisi deyiləm, amma bilirəm ki, 27 günə komanda düzəltmək olmaz. Meydançaya 11 nəfər buraxmaq olar, amma bu 11 nəfərə komanda demək olmaz.
Bunu Rövnəq Abdullayev bilmir? Bunu Elxan Məmmədov bilmir? Bilirlərsə, De Byazini niyə dəvət edirdilər? Bilmirlərsə, onlar hansı haqla futbola rəhbərlik edirər?
Bütün dünyada pandemiya tüğyan edir, sərhədlər bağlıdır. AÇ-2020-nin keçirilməsi sual altındadır. Pademiyanın tüğyan etdiyi ölkələrdə çempionatlar davam etdirilsə də, bizim çempionat yarımçıq  dayandlırıldı. Ölkədə 6 aydır futbol oynanılmır. Sabah necə olacağı bilinmir. Bu qeyri-müəyyənlik şəraitində xaricdən məşqçi gətirməyi nə zəruri edirdi?
De Byazi gəldi və gələndən 27 gündən sonra meydançaya 11 nəfəri buraxdı, bir o qədər də ehtiyatda oturtdu. Guya bu 11 nəfəri (və ehtiyatdakıları) De Byazi seçmişdi? Axı milli çempionatda cəmi bir tur keçirilib, De Byazinin neçə gözü var ki, bir turda 34 futbolçu gözaltı edə bildi? Məsələn, De Byazi klubsuz olan Araz Abdullayevin oyununu  harda görüb bəyəndi ki, onu milliyə dəvət etdi?
Bəllidir ki, bu futbolçuları ya Arif Əsədov seçib, ya da AFFA rəhbərlliyi, bəlkə də seçim Elxan Məmmədovundur. Belə olan halda pandemiyanı da nəzərə alıb komandanın başına elə futbolçuları seçən adamı qoymaq düz olmazdımı?
De Byazi sehrbaz deyil. Bu 27 gündə o olsa-olsa futbolçuların yarısının adını öyrənə bilər.
De Byazi sehrbaz deyil. Bu 27 gündə o kimin hansı mövqedə oynadığını belə dəqiqləşdirə bilməz.
De Byazi sehrbaz deyil. Mən bir azarkeş kimi bu 27 gündə ondan qələbə tələb edə bilməzdim.
De Byazi sehrbaz deyil. O bizim futbolçularla C liqasının qalibi ola bilməz.
De Byazinin sehrbaz olmadığını bilə-bilə onun qarşısına “27 gündə komanda qur”, “Liqada qalib ol” tələbləri qoymaq olmaz.
Azərbaycan Lükseburqa qalib gəlsəydi, bu, De Byazinin uğuru sayılmayacaqdı. Çünkü bu onun qurduğu komanda deyil. Azərbaycan uduzdu. Bu da De Byazinin uğursuzluğu deyil. Çünki uduzan onun komandası deyil. Ona görə də mən De Byazini tənqid etmirəm, etməyə haqqım yoxdur.
Tənqidin hədəfi De Byazini sehribaz sayanlardır, onu bura gətirənlərdir, Rövnəq Abdullayevdir, Elxan Məmmədovdur.
Rövnəq Abdullayev, Elxan Məmmədov (ortada yeyib ucda gəzən digər gözəgörünməz rəhbərləri demirəm) De Byazinin qarşısına hansı tələbi qoyublarsa, çıxıb desinlər, biz də onların peşəkarlıq səviyyəsini qiymətləndirməyə çalışaq.
Rövnəq Abdullayev, Elxan Məmmədov De Byazinin qarşısına hər hansı tələb qoymayıblarsa, onu bura niyə gətirdiklərini ictimaiyyətə izah etsinlər.
Rəhbər bir il naşı olar, uzağı 2 il naşı olar. Əgər rəhbər öz təcrübəsi ilə bir ildə, 2 ildə püxtələşmirsə, ondan rəhbər olmaz.
AFFA-nın indiki rəhbərliyi neşə illərdir ki, eyni səhvi təkrar edir. Yəni xaricdən baş məşqçi dəvət edir, amma uğur qazana bilmir.
Torres, Berti Foqts, Prosineçki, Yurçeviç...
Bu əcnəbilərin dövründə Azərbaycan futbolu nə qazandı ki, AFFA rəhbərliyi əcnəbi sevdasından imtina etmir.
Uğur yoxdur. Uğur yoxdursa, bəs onda, Məşədi İbad demişkən, bu əcnəbilərin nəyi AFFA rəhbərliyinin xoşuna gəlir ki, öz futbolunu onlara qurban verir?
Cavabı oxucuların öhdəsinə buraxıram.
Cavab nə olursa olsun, nəticə bir olmalıdır: neçə illərdir futbolu ölümə sürükləyən AFFA rəhbərləri bütünlüklə getməlidirlər. Futbolumuza yeni nəfəs lazımdır.

P.S. Bu yazı yazılan vaxt hələ Kipr-Azərbaycan matçı keçirilməmişdi. Artıq milli komandamız Kipri məğlub edib. Yəqin ki, indi AFFA-nın tərifini göylərə qaldıranlar tapılacaq.

P.S.S. Yazının birinci cümləsinə baxın...

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top