RAHİB ALPANLI

Barıt çəlləyini kreslo ilə əvəz etmək istəyənlər   

Barıt çəlləyini kreslo ilə əvəz etmək istəyənlər   

RAHİB ALPANLI
Erməni təcavüzkarların Azərbaycanın Tovuz rayonu ilə sərhədində iyulun 12-dən başlayaraq törətdiyi təxribat hərəkətləri haqqında dünyanın nə düşündüyünü öyrənmək üçün internet üzərindən aramağa başladım. Əvvəlcə uzun illər boyunca izlədiyim BBC-nin ingilis dilində redaksiyasına baş vurdum. “Nagorno-Karabakh: Fighting mood grips Armenians” (Dağlıq Qarabağ: Ermənilər döyüş əhvali-ruhiyyəsində) başlıqlı yazını oxumağa başladım. Rayhan Demytrie tərəfindən hazırlanmış məqalə Xankəndinin mərkəzi meydanını təsvir edən foto ilə başlanır. Jurnalistin yazdığına görə, atəşkəs Azərbaycan tərəfinin Xankəndini vuracağı hədəsindən sonra pozulub.
Janna Krikorova adlı bir müəllimə interviyusunda daha heç kəsə inanmadıqlarını bildirib. ("We don't trust anyone anymore, we can only rely on ourselves, on those young men who are fighting there." *) Yazıda “Ana Vətən” (Motherland) təşkilatının rəhbəri Xasanik Mikailyan bildirib ki, 20 ildən artıqdır ki, Qarbağ erməniləri müharibənin hər an başlayacağını bilərək, barıt çəlləyində yaşayırlar. (Armenians have been living in a powder keg for more than 20 years, knowing that war might start at any moment) Sonra da həyasızcasına əlavə edir ki, məlum hadisə onlar üçün heç də gözlənilməz olmayıb, əksinə bu, erməniləri birləşdirib. (On the contrary, it united Armenians.) Bu abırsız adam adlar və telefon nömrələri olan kağızı jurnalistə göstərib, bir qrup şagirdin cəbhəyə getmələri üçün ona müraciət etdiklərini söyləyib. Onun dedyinə görə, ana vətən uğrunda döyüşməyə hər kəs hazırdır. Mən onları bağrıma basıb, öpüb dedim ki, biz onların yaxşı oxumalarını istəyirik. ("Everyone is ready to fight for their motherland. I gave them a hug and a kiss and said that we needed them to study well.")
Sonra əcnəbi jurnalist yaxın keçmiş tarixə nəzər salır, hamımıza məlum faktları – Dağlıq Qarabağın Azərbaycan tərkibində muxtar vilayət olması, SSRİ-nin süqutundan sonra Ermənistanın bu ərazini özünə birləşdirmək istəməsi, nəticədə Ermənistanın özü belə başda olmaqla heç bir ölkənin tanımadığı yeni bir respublikanın yaranması, müharibə qurbanlarının sayı, bu məsələyə Rusiya və Türkiyənin münasibəti və nəhayət, BMT-nin Azərbaycanın ərazi bütövlüyünü dəstəkldiyini və erməni qüvvələrinin oradan çəkilməsini tələb etməsindən bəhs edir. (The UN has expressed support for Azerbaijan's territorial integrity and demanded Armenian forces withdraw.)
***
Bu məqaləni oxuduqca iyulun 14-də gecə Bakıda dövlətimizə, ordumuza dəstək olaraq minlərlə insanın iştirak etdiyi aksiyanın bütün şüurlu insanlarda xəcalət hissi yaradan sonluğu içimi didib-dağıdırdı. Artıq beynəlxalq aləmin də erməni xislətini başa düşüb bizim haqq işimizə həmrəylik göstərməyə başladığı bir zamanda özümüz özümüzü biabır  etməliydikmi? Düşmənin təbliğat maşını bu mənzərədən hansı mənfur məqsədlər üçün istifadə edəcəyini ancaq özü bilir. İfadəmə görə üzr istəyirəm, sıpanın belinə palan qoyulmaq vaxtı çatanda tez-tez qaşınar. Erməni də öz payına yüklənmək üçün bu qanlı təxribata əl atmışdı və şanlı ordumuz ona həddini layiqincə göstərə bildi. Bu sərt cavab həm də neçə-neçə igid oğullarımızın qanı-canı bahasına verildi. Ordumuz öz cəsarəti və şücaəti ilə xalqın ona olan inamını daha da artırdı. Nə gözəl ki, xalq da öz ordusuna inamını böyük coşqu ilə ifadə etməyə qalxdı, əllərdə bir daha enməyəcək uca bayrağımız, dillərdə yeri-göyü lərzəyə salan müqəddəs “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı düşmənin ürəyinə ox kimi sancıldı. BBC jurnalistinin qeyd etdiyi kimi, bəlkə də ermənilərin yaşadıqları “barıt çəlləyi” partlayacaqdı bu izdihamın göylərə ucalan vahiməsindən. Heyif ki, belə olmadı. Ağacı içindən yeyən qurdlar bu cür xoşməramlı, bizlərə yaraşan, şərəf-şan qazandıran bir aksiyanı öz dövlətimizə, dövlətçiliyimizə xəyanət cəhdləri ilə sonladı, düşmən dəyirmanı daha sürətlə və rahatca işləməyə davam etdi. “Heç kəsə inanmayan”, “barıt çəlləyi”ndə yaşayanlar yerlərini stulda deyil, kresloda rahatladılar.
***
Qlobal bir kəndə çevrilmiş dünya hadisələrə heç də bizim düşündüyümüz kimi hisslər, emosiyalar meyarı ilə qiymət vermir. Biz öz mədəni, dini, əxlaqi dəyərlərimizə zidd hərəkətlərimizlə özümüzü beynəlxalq ictimaiyyətin gözündən salırıq. Hörmət və ehtirama layiq olduğumuz halda özümüzə qarşı ikrah hissi yaratmamalıyıq. Müasir dünyada qlobal vətəndaşlıq (qlobal citizenship) adlı bir anlayış formalaşıb. Heç kəs dünyaya və orada cərəyan edən hadisələrə yalnız öz nöqteyi-nəzərindən yanaşa bilməz. İndi tənqidi təfəkkür dövrüdür. Kimlərinsə çaldığı liə oynamaq, korafəhmlik zamanı deyil. Bu cür gözəl bir aksiyanın içərisində onu öz axarına yönləndirən, vandal hərəkətlərdən çəkindirə bilən bir qrup yaratmaq olmazdımı? Həmrəylik öz adına layiq sonluqla bitsəydi, biz ikiqat qələbə qazanmazdıqmı, şəhidlərimizin ruhuna ehtiram olmazdımı? Söküb dağıtmaqla həmrəylik göstərməyə çalışanlar, yəqin ki, keçən əsrin 90-cı illərində baş verənlərdən xəbərsizdir. Bu adamlar harada böyüyüb, harada təhsil alıb, süfrəsində kimin çörəyini kəsirlər?
Bu haqda çox suallar vermək olar. Təsəllimiz isə budur: - Nə yaxşı ki, güclü dövlətimiz və qüdrətli dövlətçiliyimiz, bu güc və qüvvətə sarsılmaz dayaq olan milli birliyimiz var!
***
Belə “adı bizim, dadı özgələrin” bizlərə verdikləri dərd o qədər böyükdür ki, içimiz də, çölümüz də özümüzü yandırır:
Bilməyib ya qardaş, bacı dərdimi -
Bal kimi udmuşam acı dərdimi.
 
Öpüb yarasını soyuq küləklər,
Qovurub göylərin sacı dərdimi.
 
Yad-yalan bir yana, doğma xalamın
Ağladıb qoynunda xaçı dərdimi.
 
İtən yaxşılığım tapılmaz daha,
Etmişəm ömrümün tacı dərdimi.
 
Rahiba, desələr Məkkədən gəlir,
Sanmaram Şuşasız Hacı dərdimi.
 
Allah şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfa versin, yolunu azanlarımızı da islah eləsin.

Rahib Alpanlı (Sədullayev),
ADPU Quba filialının müəllimi,
Qabaqcıl təhsil işçisi
 
* https://www.bbc.com/news/world-europe-35970303

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top