ƏLİ ÇƏRKƏZOĞLU

Yeni Operativ Qərargah qurulmalıdır

Yeni Operativ Qərargah qurulmalıdır

ƏLİ ÇƏRKƏZOĞLU
İyulun 6-da ölkəmizdə keçirilmiş 6240 testdən 513-də, təxminən hər 12 nəfərdən birində koronavirus aşkarlanması qorxunc göstəricidir. Mart, aprel aylarında ümid edirdik ki, havaların qızması ilə bu bəla çəkilib gedər, amma olmadı, yoluxanların sayı sağalanların sayından xeyli artıqdır və gündəlik yoluxmalar 500-dən aşağı düşmür. İşin pis tərəfi də ondadır ki, belə bir bəlanın aramızda dolaşdığına hələ də  çoxları inanmır. Hər gün hansısa rayonda toy, yas məclisinin basılması haqqında xəbərlər oxuyuruq.
Soyuq ağılla düşünək: Virus ən çox harada yayıla bilər? - Böyük şəhərlərdə, metroda, avtobuslarda, bankların, böyük marketlərin kassaları qarşısında düzülən sıralarda. Ən çox da camaat "karantin rejimi" ifadəsini eşidəndə təşvişə düşür və marketlərdə basabas salır. Nəticə göstərdi ki, metronun bağlanması doğru, açılması isə son dərəcə yanlış qərar imiş. Qərar verənlər də sanki durumu düzgün dəyərləndirə bilmir, eksperiment aparırlar.
Hər gün də deputatlar xalqa müraciət edirlər ki, maska taxsınlar, məsafə gözləsinlər, özlərini virusdan qorusunlar. Düşünürəm ki, camaat bu deyilənlərə niyə inanmır, hər dəfə də gəldiyim qənaət belə olur ki, camaat adama inansaydı, dediyinə də inanardı. Xalqın seçmədiyi deputatlar xalqa öyüd-nəsihət verir, ona görə də dedikləri rəğbət görmür. Sonuncu parlament seçkisində hökumət yüngülcə eksperiment elədi, beşilliklər boyunca parlamentdə yurd salmış bəzi deputatları camaatla üz-üzə buraxdı və onların hamısı görüşdən başını götürüb qaçdı. İndi həmin obrazlar millət fədaisi olub, camaatı koronavirusla mübarizəyə çağırırlar.
Bahalı otellərə, istirahət mərkəzlərinə edilən basqınlar göstərir ki, hər kəs altdan-altdan öz kefindədir. Tutulan kimi də başlayırlar bülbül kimi ötməyə: "Mən xəta eləmişəm, söz verirəm ki, bir daha bu hal təkrarlanmayacaq. Gərək hamımız tədbirli olaq, hamını evdə qalmağa, tədbirli olmağa çağırıram". Yəni tutulmayan cinayət cinayət deyil, tutuldunsa, gərək bir təhər işin altından çıxasan. Bu cür saxtakarlığın nəticəsidir ki, ölkəmiz hazırda koronavirusun ən çox yayıldığı ölkələr sırasındadır.
Son günlərin müşahidəsinə əsasən deyə bilərəm ki, böyük marketlərdə maska məsələsinə camaat özü nəzarət edir. 2 gün əvvəl girdiyim marketdə orta yaşlı qadının, maska taxmadığı üçün bir həmcinsini ittiham etdiyini gördüm və qarşı tərəf də heç müqavimət göstərmədən tez haradansa bir maska tapıb ağzını-burnunu qapadı. Bu, əslində böyük uğurdur, xalq öz haqqını qorumağı öyrənir, başqalarını nizam-intizama, ədalətə dəvət etməyə başlayır. O mənzərəni görəndə düşündüm ki, Allah-Taala bizi bu cür şeylərlə yetişdirir, tərbiyə edir, yəni şər kimi görünən şeylərdə xeyir də var.
Efirə çıxanların əksəriyyəti camaatı ittiham edir ki, evdə oturmurlar, karantin rejimini pozurlar. Əvvəlcə insana bir şey verməlisən ki, ondan nəsə tələb etməyə haqqın olsun. Bəs bu ailə nə yesin, nə içsin? Meyvə-tərəvəzin bol vaxtıdır, ərik 4-5, gilas 3 manatadır. Uşaq da, böyük də yemək istəyir. Bəs necə alsın, kimdən borc istəsin? 190 manat yardımı ala bilmək üçün yüzlərlə adam bankların qarşısında bir-birindən virus qapdı. Hardadır o neftdən gələn milyardlar? Bu gün də bu millətin yarasına məlhəm olmayacaqsa, nə zamana lazımdır? Tez-tez hansısa ölkədə vətəndaşlara dövlətin dəstəyindən bəhs edilir. Biz niyə özümüzü başqaları ilə müqayisə eləməliyik axı? Bu xalqın haqqını bu xalqa verin, daha hansı qara günü gözləyirsiniz?
Günəş işığından, təmiz havadan, təmiz sudan, vitaminli meyvələrdən əli üzülmüş adamların müqaviməti onsuz da zəifləyəcək ki, bu da ancaq virusun işinə yarayır. Operativ Qərargahdan gündə bir qərar yayılır, verilən qərarlardan özlərinin də çaşqınlıq içində olduğu aydınca görünür. Mənə elə gəlir ki, ən qısa zamanda yeni bir qərargah formalaşdırılmalı və ona bir çox səlahiyyətlər verilməlidir. Səhiyyə nazirindən xəbər yoxdur, baş infeksionist rayona yas yerinə gedir, müxtəlif təşkilatların mətbuat xidmətindən formalaşmış qərargah üzvlərinin işi də sualları cavablamaqdan ibarətdir.
Bu elə bir dərd, elə bir sınaqdır ki, kasıbı da yaxalayır, varlını da. Kasıb yediyi çörəkdən yoluxacaqsa, varlı da saydığı puldan qapacaq bu bəlanı. Operativ Qərargahı da Milli Məclisə çevirməyin, xalqın inandığı, sözünə etimad elədiyi, sözdə yox, özdə bu xalqı sevən, ağıllı, bacarıqlı mütəxəssisləri, həkimləri, hüquqçuları, iqtisadçıları toplayın və onların verdiyi qərarları yerinə yetirin, qısa müddətdə hər şey yoluna düşər. Xalqı öz imkanları ilə baş-başa buraxın, başa düşürsünüzmü? Bu virusla neçə ocağın sönəcəyini, neçə canın yanacağını Allah bilir, bizə düşən tədbirli olmaq, özümüzü və çevrəmizi qorumaqdır.
Bu mövzuda irəli sürülmüş şüarla mən də razıyam. Biz birlikdə güclüyük, hər cür sınaqlardan, çətinliklərdən də birlikdə çıxa bilərik, amma ədalətlə, hər kəsə layiq olduğu vəzifəni, səlahiyyəti verərək, məsuliyyətlə, hamılıqla nizam-intizama tabe olaraq, varlı-kasıb, o tərəf-bu tərəf, qohum-yad ayrı-seçkiliyi qoymadan...

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top