SƏMƏD MƏLİKZADƏ

O gün Xəzər darıxan adama oxşayırdı...

O gün Xəzər darıxan adama oxşayırdı...

SƏMƏD MƏLİKZADƏ
Yeriniz məlum, sarağagün səhər Dənizkənarı parkı gəzməyə getmişdim. Hava soyuq və küləkli olduğundan gödəkcəmin papağını çəkmişdim başıma, boyun-boğazımı da bağlamışdım ki, solaxay Bakı küləyi məndən yan keçsin.
Bulvarda adam az idi. Əvvəl bir qədər lap sahilə yaxın yerlərdə gəzdim. Qağayılar da sahildən uzaqlaşmışdılar. Səfərə çıxan və sahilə tələsən gəmilər də gözə dəymirdi. Dənizin görkəmində bir hüzn vardı, darıxan, kövrəlmiş adama oxşayırdı...
Yadıma düşdü ki, Hacıbala müəllim paytaxt meri təyin ediləndən az sonra bulvarda jurnalistlərlə ağacəkmə aksiyası təşkil etmişdi və o tədbirdə mən də vardım. Özümə söz vermişdim ki, buraya gəzməyə gələndə mütləq o ağaclara baş çəkəcəm. Amma vədimə xilaf çıxmışdım, iş-güc, ailə qayğıları o istəyi unutdurmuşdu mənə. Əslində, Dənizkənarı parka axırıncı dəfə nə vaxt getdiyim yadımda deyil. Bir o yadımdadı ki, biz universitetdə oxuyanda Xəzərin səviyyəsi çox qalxmış, sahil zolağının xeyli hissəsi su altında qalmışdı. Hətta sahilə yaxın bəzi yaşıllıq sahələr şor suyun təsirindən məhv olmuşdu. Dənizin içərisində qurulmuş "Sadko" kafesinə doğru uzanan yol təhlükəsizlik baxımından bir müddət bağlanmışdı. Xəzri əsəndə dalğalar kafenin pilləkənlərini yuyurdu. Onu da xatırladım ki, 23 Fevral- Sovet Ordusu Günü qrupumuzun qızları o kafedə bizə şirin stol açmışdılar. O gün dedik, güldük, oynadıq və bir də onda ayıldıq ki, lopa-lopa yağan qar Bakını nağıllardakı kimi ağ örtüyə bürüyüb...
 
Dərdi dəniz Xəzər 
İllər ötdü, şıltaq, dərdi dəniz Xəzər yenidən öz içinə, əvvəlki sərhədlərinə çəkilməyə başladı. Elə bil törədə biləcəyi fəlakətləri bizə qıymadı, ona vurduğumuz yaraların əvəzini çıxmaq istəmədi. O yüksəliş davam etsəydi, yəqin ki, yüz illər sonra insanlar yenə dənizə Qız qalasından baxacaqdılar. Amma, ancaq və lakin bu gün də biz Xəzərə olmazın yaralar vurmaqdayıq. Halbuki, Xəzər bizim ən zəngin sərvətimiz, sevincimiz, rahatlığımızdır. Xəzər olmasaydı, Azərbaycan öz iqtisadi müstəqilliyini çox çətin qoruyub saxlaya bilərdi. Xəzərin karbohidrogen ehtiyatlarını Uca Allah bizə ən böyük ərmağan kimi verib.
Məlumata görə, haçansa Xəzərin səviyyəsi indikindən 18 metr yüksək olub. Sonralar çox dəyismələr baş verib. Xəzərin tarixi əslində onun qalxib-enmə tarixidir. 1978-ci ildən 1995-ci ilə kimi Xəzər dənizinin səviyyəsi 2 metr qalxıb. Onda Azərbaycanın sosial-iqtisadi həyatına, ətraf mühitinə birbaşa dəyən ziyan 2 milyard ABS dollari təşkil edib. (O vaxtlar Azərbaycanin illik büdcəsi yarım milyard dollar idi.) Hesablamalara görə, ildə Volqa ilə Xəzərə təqribən 75 min ton neft tullantıları gəlir. Xəzəri çirkləndirməkdə ikinci yeri Bakı buxtası tutur...
Yəqin bilirsiniz ki, dünyada şirin su ehtiyatı sürətlə azalır. O da məlumdur ki, Azərbayacanın içməli suya tələbatı ilbəil artır və tam ödənilmir. Buna görə də haçansa Xəzər suyunun şirinləşdirələrək istifadəsi gündəmə gələcək. Dünyada gedən iqlim dəyişmələri də bunu diqtə edir. Bu barədə pilot layihə də var.
Sahilə baxıram, neft  və şəhərin məişət tullantılatı zolaq boyu qəribə qətrana çevrilib və oralarda heç bir canlı görmək mümkün deyil. Alim dostum, Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru, Xəzərşünas, akademik Ramiz Məmmədovun sözlərinə görə, əgər 40 il Xəzərə heç bir çirkab axıdılmasa, dəniz sağlamlaşa bilər. Çünki dənizin də özünütəmizləmə qabiliyyəti var.
 
Sahildə heykələ dönmüş müəllim 
Hüquqşünas Aslan İsmayılov sahildə fikirli-fikirli gəzişirdi. Bir istədim yanaşıb həmsöhbət olum. Mənə belə gəldi ki, o, indi ürəyində hansı məmurlasa əlbəyaxadadı, buna görə də bu fikirdən vaz keçdim.
Bir xanım itini gəzməyə çıxarmışdı. İtlə elə danışırdı ki, elə bil doğmaca balasıdı. Dediklərindən qandığım bu oldu ki, xanım iti danlayır ki, hər gəlib-gedənə baxmasın... Necə oldusa, o dəqiqələrdə digər bir cavan xanım onların yanından keçəndə itə gülümsədi və əyilib onu öpmək istədi. Amma qadın rusca ona dedi ki, öpmə, Laykanın öpüşə allergiyası var. Cavan xanım da əlacsız qalıb yenə gülümsədi və keçib getdi. Nəyə görəsə Layka o xanımın dalınca xeyli hürdü... Əslində mənim nə o itə, nə də o xanıma baxmağa və qulaq verməyə həvəsim yox idi. Ancaq qadının sözləri mənə qəribə gəldi. Necə yəni, öpmə, öpüşə allergiyası var... Xudaya-xudabəndi aləm, Sən bizi özümüzün murdarlıqlarımızdan qoru, axı Sən bağışlayansan, rəhimlisən...
Üzümü sovet Bakısından yadigar qalan və bir vaxtlar pullu oğlanların balıq kababı könlünə düşəndə tez-tez üz tutduqları "Mirvari" kafesinə çevirmişdim ki, gördüm yanımda bir qoca kişi dayanıb və əlini də uzadıb mənə salam vermək istəyir. Baxdım ki, bir heykəldi. Amma heykəl də olsa kişinin bir suyumu respublika fizika-riyaziyyat, kimya-biologiya təmayüllü məktəbdə bizə tarix dərsi deyən Fikrət müəllimə oxşayırdı. İnsafən, heykəltəraş yaxşı işləmişdi. Amma Fikrət müəllim ucaboylu idi. Bəlkə də qocaldığı üçün belə olmuşdu. Kişinin qoltuğunda sinif jurnalına oxşayan böyük dəftər vardı. Onun əlini sıxandan sonra da yenə müəllimim sualedici baxışlarla məni süzürdü. Sanki deyirdi: "Deyəsən, bu gün ikimiz də dərsdən qaçmışıq, həə?" Bu o Fikrət müəllim idi ki,"Tarix-Nadir"i əzbər danışsaydın və qəfil bir tarixi çaşıb səhv desəydin, "beş" yazmazdı.
Fikrət müəllim mənə dedi ki, yazılarını arabir oxuyuram, sən də bəziləri kimi nala-mıxa vurursan. Yoxsa trolluq eyliyirsən?
- Yox, Fikrət müəllim. Mən siyasət adamı deyiləm. Bir də ki, hər yazanı trolluğa götürmürlər...
Qumquma yağış başladı. Müəllimimin pencəkdə olması məni narahat edirdi. İstədim gödəkcəmi çıxarıb ona verim. Ancaq Fikrət müəllim razı olmadı.
 
Hacıbala müəllim Nyutonun atasını yandıracaq 
Hacıbala müəllimin təşəbbüsü ilə əkdiyimiz ağaclara doğru getdim. Sağ olsun qayğı göstərənlər! Maşallah, ağaclar hamısı böyüyüb, yamyaşıldırlar. İşbazlar yaxınlıqda kafe tikiblər. Ancaq həmin əraziyə yaxın xeyli çayxana, dondurmaxana, bulvarın vizit kartı, yeni təmir olunmuş "Mirvari" kafesi və daha nələr, nələr var. Deyirəm, görəsən nə əcəb Hacıbala müəllim belə şeylərə göz yumub. Ola bilər ki, o, merlikdən çıxandan sonra tikiblər. Hacıbala müəllim yəqin indi bərk elmi işlə məşğuldu. Çünki kişi söz verib ki, Nyuton qanununun səhv olduğunu elm aləminə sübut eliyəcək. Yandı Nyutonun atası... Amma kim nə deyir-desin, Hacıbala müəllim yaxşı məmur idi. Jurnalistlər o kişinin ünvanına ağ-qara nə yazsaydılar, çox dərinə getməzdi. Yadımdadı, o, Suraxanı rayonunda icra başçısı olanda tənqidi yazı vermişdik. Kişi nə illah elədisə, düzəliş vermədik. Axırda bizi öz kabinetinə dəvət elədi... İndi görək Nyutonla neyləyəcək?
 
Yağış bərkimişdi. Məncə, belə məqamlarda sahildə gəzməyin ayrı ləzzəti var. Yadıma kənddə kiçik qardaşımla son söhbət düşdü. Deyirdi ki, payız girəndən bu yerlərə yağış düşməyib. Buna görə də çöl-bayır qupqurudu, ot əmələ gəlməyib. Torpağa səpilən toxumun üzdə olanını quşlar yedi, altda qalan da su olmadığından cücərmədi... Rəhmətlik Şahmar Əkbərzadə  belə çağlar üçün yazıb:
Utanım yerinə, ay bulud sənin,
Allahın altında ağ eyləyirsən..
Alışır ciyəri çölün, çəmənin,
Yağışı dənizə səpələyirsən..
Dayanacaqda ürəyimdən keçən bu oldu ki, görəsən indi kəndə yağırmı? Bir də pencəklə bulvarda dayanmış Fikrət müəllim üçün narahat oldum. Allah eləsin, kişiyə soyuq dəyməsin...

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top