NAZİM MUSTAFAYEV

Keçmişdəki, indiki və gələcəkdəki mən...

Keçmişdəki, indiki və gələcəkdəki mən...

NAZİM MUSTAFAYEV
     Salam! Bu gün sənə səslənmək, səninlə damışmaq istəyirəm. Açığı, bilmirəm sən indi hardasan? Səni həyatda görmüşəm, ya görməmişəm; hətta həyatdasan, ya yox, heç bu haqda da  bir bilgim yoxdur. Aramızdakı məsafə hətta uzun illər belə ola bilər. Qərara gəldim ki, səninlə danışım, səninlə həmsöhbət olum... Bu arada çox diqqətli olmağa çalışıram. Hətta bəlkə də sən yox, siz deyə müraciət etməliyəm. Aşağıda söhbət açacağım məsələ elə ikimiz, daha doğrusu üçümüz haqqında olacaq...
     Bilirsən? Sənə müraciət etməyimin, sənə səslənməyimin səbəbi gen elmi ilə əlaqəli alimlərin dedikləridir. Gen elminin gəldiyi nəticəyə və bu sahədə çalışan alimlərin dediyinə görə, insan bütün xüsusiyyətlərini, vərdişlərini, yaxşı və ya pis yönlərini nəsil ağacındakı nümayəndələrinin birindən və ya bir neçəsindən alır.
     Əlbəttə, insan öz iradəsi ilə əldə etmədiyi şeylərə görə üstün, ya da aşağı ola bilməz. Söhbətini açdığım bu gen məsələsi bizim üçün sadəcə Uca Yaradanın (c.c) uca sənətinin bir nümunəsidir. Yoxsa nə sən, nə də mən bu gen söhbətinə görə kimdənsə üstün ola bilmərik. Genlər heç üstünlük yarışına girmir, bir məmur kimi öz işlərini görürlər. Heç onları açıq gözlə görmək də mümkün deyil. Gərək onları mikroskop altında müşahidə edək. Üstünlük yarışı genlərin dünyasında deyil, elə bizim, insanların dünyasında baş verən məsələdir. Gəl gör ki, Uca Yaradan bizi bu gen kərpicləri, yaxud da gen daşları ilə inşa edib. Sözün qısası, öz-özümə dedim ki, madam belə bir həqiqət var, o zaman mən də sənə səslənim. Bəlkə çox yaxından, bəlkə də çox uzaqdan sənə əl yelləyim...
     Deyə bilərsən ki, ay bala, hardan çıxdı bu dialoq, bu əl yelləmə... İşinlə məşğul ol. İndi hamı başlayacaq biz tərəflərə salam göndərməyə, əl yelləməyə... Hər kəs biz tərəfə boylanıb başlayacaq öz bənzərini axtarmağa...
     Hə, bir də kənardan dinləyən düşünə bilər ki, sənin kimliyini bilirəm, sadəcə olaraq gizlədirəm. Yox elə deyil... Açığını deyim, sənin kim olduğunu özüm də bilmirəm... Sadəcə olaraq mən də elə sənin kimiyəm. Sənin əksər xüsusiyyətlərini daşıyıram. Sanki heç görməsən də sənin iki nəsil, üç nəsil sonrakı bir bənzərin, ya da qismən təkrarınam. Bütün bunlarla yanaşı onu da bilirəm ki, iradə, seçim, ağıl kimi məsələlər də var. Yəni hər şeyi “gen yolu ilə gəldi” deyərək sənin, ya da sizin boynunuza ata bilmərəm. Öz əməllərimizə elə özümüz cavabdehik. İcazənlə bir də gələcəkdəki mənə səslənmək, səninlə həmsöhbət olduğum kimi onunla da bir-iki kəlam etmək istəyirəm.
     Salam dost, səni keçmişdən salamlayıram. Bu arada mən keçmişdə yaşamıram. Elə indi həyatdayam. Sadəcə sənə görə artıq mən keçmişdə qalmış ola bilərəm. Həmən kim olduğumu soruşma. Qorxub çəkinməyə də ehtiyac yoxdur. Sənin yaxının ya da uzaq bir qohumunam. İndi sənin yaşadığın dövrdəki gen elmini araşdıran alimlər nə deyirlər, nələri ortaya qoyublar deyə bilmərəm. Ancaq bizim yaşadığımız dövrdəki alimlər bəzi nəticələrə gəliblər. Mən də elə bu nəticələrdən yola çıxaraq səninlə də danışmaq qərarına gəldim.
     Bu yazıları yazan vaxtda bəlkə də sən hələ dünyada deyilsən. Anan-atan sənin varlığından xəbərdar deyillər. Onlar bəlkə də hələ heç bir-birilərini tanımırlar. Ancaq bütün bunlar səninlə həmsöhbət olmağıma mane deyil. Bilirsən? Varlıq aləminə bir insan olaraq qədəm basmaq və bu aləmdə insan olaraq qala bilmək çox böyük nemətdir. Çünki insan sürət baxımından özündən aşağıdakı varlıqlara, misal üçün heyvanlara və.s bənzəməsə də sirət, yəni əxlaq baxımından bu baş verə bilər. Hətta insan sirət olaraq daha da aşağılara gedib düşə bilər. İnsan olmaq belə bir şeydir.
     Sözü uzatmaq istəmirəm... Deməli gen yolu ilə nəsildən-nəslə ötürülən bəzi bilgilərdən, xüsusiyyətlədən, mənfi və ya müsbət cəhətlərdən söhbət gedir. Bu mənada sənin də qarşında bir çox seçim olacaq. Bu məsələlər elmi bir həqiqət olaraq qarşımızda durur. Genetik faktorlar dediyimiz bu məsələ ana və atandan aldıqlarından ibarət deyil. Bir neçə nəsil əvvəldən gələnlər də bu genetik faktorlara daxildir.
     Sənə səslənməyimin bir səbəbi də odur ki, bütün bunlar səni qorxutmasın. Çünki genetik faktorlar genetik determinizm mənasına gəlmir. Yəni genlər insanı tək başına idarə edə bilməzlər. İnsan genlərin təsirini, öz iradəsi ilə müsbət yönə çevirə bilər, hətta çevirməlidir. Həyatda genetik faktorlarla yanaşı təhsil, elmi biliklər, çevrə və mühit və.s kimi insana müsbət təsir edən digər amillər də var. Sənə səslənib deyirəm ki, sən hər ehtimalda gözəllikləri al. Gözəlliklər, yaxşılıqlar hansı yolla qarşına çıxarsa onu qəbul et.    “Bir dəqiqə dayan”, “biraz da söhbət edək” kimi sözlər dediyini eşidirəm. Yox hələlik bu qədər bəsdir. Sənə həyatda uğurlar arzulayıram...

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top