NAZİM MUSTAFAYEV

Səbə xalqı və ya neməti külfət bilənlər… -1-

Səbə xalqı və ya neməti külfət bilənlər… -1-

NAZİM MUSTAFAYEV
Səbə indiki Yəmən ərazisində yerləşən, Həzrət Davud və Həzrət Suleyman peyğəmbərlərin zamanında zənginlikləri ilə dünyada məşhur olan bir xalqın adıdır. Onlar başlanğıcda günəşə sitayiş edirdilər. Qadın idarəçiləri Bəlqis Həzrət Suleymana iman etməsindən sonra xalqın digər üzvləri də dövrün haqq dinini qəbul etmişdi. Nəml surəsində Səbə xalqından və onun Bəlqis adındakı qadın idarəçisindən bəhs edilir. Həzrət Suleyman (a.s) Bəlqisə bir məktub göndərmiş, onları imana dəvət eləmişdi. Bəlqis də bu məktuba uzun məsləhətləşmə və görüşmələr edərək bir cavab axtarırdı. Nəhayət onlar aradakı uzun məsafələri qət edərək Həzrət Suleymanın yanına getmək qərarına gəlirlər. Bu hadisələri daha əvvəl qələmə aldığım “Bəlqisin imana gəlməsi -1-2-” başlıqlı yazılarından (https://www.yeniavaz.com/az/authors/content/3461/belqisin-imana-gelmesi-1, https://www.yeniavaz.com/az/authors/zauthorscontent/3464/belqisin-imana-gelmesi-2) oxuya bilərsiniz.

Bu yazıda isə məhz Səbə xalqından, onların çöküşlərindən və bu çöküşdən alınacaq diriliş dərslərindən bəhs etmək istəyirəm. Quranın bir çox ayələrinə, qissələrinə nəzər salanda hadisələrin ümumi məğzi və mahiyyətini bu cümlədə birləşdirmək olar: “İnsan aldandı”. Sual ortaya çıxır ki, bəs nə üçün Quran ayələrində insanın aldanma hekayəsi bu qədər çox misalla izah edilir? Zənnimcə bunun səbəbi xalqların, qövmlərin, ümumiyyətlə mədəniyyətlərin zəif nöqtələrini, çöküş səbəblərini göstərməkdir. Həmçinin bu çöküş səbəblərindən bəhs edilməsi insanların buradan diriliş dərsləri alması üçündür.

Səbə xalqı çox bərəkətli torpaqlarda yaşayırdılar. Dövrün şərtlərinə görə mədəniyyət səviyyələri çox yüksək idi. Bol yağış sularını ram etməyi bacarmış və hündür dağlarda bəndlər inşa etmişdilər. Bütün bunlar onların böyük miqdarda su ehtiyatına sahib olduqlarını və bu suyu idarə edə bildiklərini göstərirdi. Səbə xalqının yaşadığı bu yerlərin indi belə səhra və çöl olduğunu nəzərə alsaq onların nə qədər böyük nemət içində yaşadıqlarını anlaya bilərik. Ancaq vaxt gələcəkdi ki bərəkət mənbəyi olan bu bənd və sular dağılıb gedəcək, o bağ-bağçalardan əsər-əlamət qalmayacaqdı, Yəməndən Şama qədər karvan yolları üzərində qurulmuş zəncirvari qəsəbələr viranəyə çevriləcək, hər yer çöl olacaqdı.
Quranda Səbə xalqının bağ-bağçaya sahib olmalarından bəhs edilməsi, buraların bolluq və bərəkət içində rəfah dolu həyata sahib olduğunu göstərir. Onlara belə bir mesaj verilmişdi: “Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin. (Yurdunuz) gözəl bir diyar, (Rəbbiniz də) bağışlayan bir Rəbbdir!” (Səbə, 34/15).

Səbə xalqının ən önəmli nailiyyətlərindən biri də hələ miladdan çox-çox əvvəl yüksək mövqedə yerləşən dağ aralarında su bəndi inşa etmək, (tarixdə bu bənd Marib bəndi adlanır) suvarma sistemləri qurmaq, bununla da bağ-bağça salmaq, əkinlə məşğul olmaq idi. Səbə surəsində anladılan Ərim bəndinin daşması, və sel sularının bütün yurd-yuvalarını basması” (Səbə, 34/16) hər şeyi dəyişdirmişdi. Gözəl bağçaların yerini tikanlı və acı meyvəli ağaclar almış, əvvəlki sistemi yenidən ərsəyə gətirmək mümkün olmamışdı. Seldən sonra bitən ağaclar isə insanlara heç bir faydası olmayan, meyvələrini yeməyin mümkün olmadığı növlər idi.

Səbənin yaşadığı yerlər Quranda “gözəl bir diyar” (Səbə, 34/15) şəklində təsvir olunur. Təfsir alimləri bir ölkənin “gözəl bir diyar” adlana bilməsi üçün oradakı insanların Quranın qaydalarına görə yaşaması, idarə olunması gərəkdiyini bildirirlər. Əks halda o yer “gözəl bir diyar” (Səbə, 34/15) adlanmaz.

Günümüzdə də Quranın prinsiplərinə, qaydalarına görə yaşayan, idarə olunan ölkələrin siyahısı açıqlanır. Bu haqda edilmiş araşdırmalar var. Bu araşdırmalara nəzər salanda görürük ki, bu siyahının ilk pillələrində, hətta 44-cü pilləsinə qədər heç bir müsəlman ölkəsi yoxdur. Ağıla gələ bilər ki, bu qərəzli bir araşdırmadır. Ancaq bu araşdırmanı ortaya qoyan ABŞ-ın Corc Vaşinqton Universitetinin əməkdaşlarına hər hansı müsəlman ölkələrindən, alimlərindən “xeyr elə deyil, belədir!” ya da “siz səhv deyirsiniz!” şəklində etiraz da gəlməmişdi. Axı görünən kəndə nə bələdçi?

Ayələrdə anladılan Səbə xalqını oxuyub araşdıranda ağlıma günümüzdəki Hollandiya ölkəsi gəldi. Hollandiyaya bir su ölkəsi deyə bilərik. Ərazilərinin böyük hissəsi dəniz səviyyəsindən aşağıda yerləşir. Cənab Allah onlara belə bir təbiət, belə bir mühit verib. Buna baxmayaraq onlar torpaqlarında xariqələr yaratmağa nail olublar. Sahib olduqlarının, bir sözlə əldəkinin qədrini biliblər. Bu gün Hollandiyanın torpaqları az olmasına, (təxminən ölkəmizin yarısı qədər) baxmayaraq kənd təsərrüfatı sahəsində dünyaya dərs keçə biləcək səviyyəyə gəliblər.

Quranın bildirdiyi üzrə nə vaxtki nankorluq, qədirbilməzlik, nemətə qarşı naşükürlük başlayacaq çöküş də qaçınılmaz olacaq. Cənab Allah (c.c) “adətullah” prinsipinə əsasən nemətə nankorluq edən mömin belə olsa neməti ondan geri alır. “Adətullah” Cənab Allahın (c.c) təbiətdə qoyduğu qayda qanunlardır. Bu qayda qanunlara kim əməl etsə bu dünyada Cənab Allah (c.c) ona verir. Səbə xalqının çöküşündə həm də “adətullah” prinsiplərinə əməl etməmələrini görmək olar. Necə ki, onların nankor əməl və istəkləri neməti külfət kimi görmələrinə səbəb olmuşdu. Nemətdən yorulanda, neməti külfət kimi görəndə, o nemət də əllərindən alınmışdı…

Mövzuya davam edəcəyik…

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top