NAZİM MUSTAFAYEV

Səmud qövmündən günümüzə mesajlar!

Səmud qövmündən günümüzə mesajlar!

NAZİM MUSTAFAYEV

Səmud qövmünün qurduğu mədəniyyətin izləri min illəri aşaraq günümüzə qədər gəlib çata bilib. Belə bir qövm haqqında hər şeyi bir yazıda cəmləşdirmək mümkün deyil. Onsuzda, buna cəhd etməyə fikrim yoxdur. Bu yazıda təxminən 4000 min il bundan əvvəl yaşamış Səmud qövmü haqqında bəzi məqamlara toxunmaq, bir sıra suallara cavab tapmaq istəyirəm...

Cənab Allah (c.c.) əzəli kəlamında bu qövmdən nə üçün bəhs etmişdir? Bu qövmdən hansı dərsləri, ibrətləri ala bilərik? Əsərləri günümüzə qədər gəlib çatan bu qövm nə üçün həlak edilmiş və nə üçün tarixdən silinmişdir?

Sarqon abidələrində Qədim Yunan filosof və yazarlarının əsərlərində Səmud qövmündən bəhs edilir. Cənab Allah (c.c.) qədim ərəb qəbiləsi olan bu qövmə Saleh aleyhissəlamı peyğəmbər olaraq göndərmişdir.

Hz. Saleh (a.s.) qövmündə mövqe və nüfuz sahibi, hörmət və etibar edilən bir şəxs idi. Ancaq qövmünə atalarının ibadət etdiyi bütlərə ibadəti qadağan etdikdən sonra işlər dəyişmişdi. Onlar şəkk-şübhəyə düşmüşdülər (Hud, 11/62). Əslində, eyni hadisə ilə Cənab Allahın (c.c.) göndərdiyi bütün elçilər qarşılaşmışdır. Peyğəmbərlik verilmədən əvvəl, 40 yaşına qədər Allah Rəsulu (s.ə.s.) da Məkkədə mövqe və nüfuz sahibi, hörmət və etibar edilən “əmin bir şəxs” idi. Ancaq peyğəmbərlik veriləndən sonra insanlar şəkk-şübhəyə düşmüş, işlər dəyişmişdi.

Tarix etibarilə, Hz. Saleh (a.s.) və Səmud xalqı Hz. Musanın (a.s.) peyğəmbərliyindən daha əvvəl yaşamışdır. Quranın bir ayəsində xəbər verildiyi üzrə, Firon Hz. Musa (a.s.) və İsrailoğullarına zülm və haqsızlıq edərkən ona Səmud xalqının başına gələnlər xatırladılmışdı (Mumin, 40/31). Bu xatırlatma ilə etdiyi əməldən çəkinməsi istənmişdir.

Səmud xalqı çox inkişaf etmiş bir mədəniyyət qurmuşdu. Təbiəti özlərinə ram edə bilmişdilər. Çətin iqlim şəraiti, demək olar ki, onlara təsirsiz ötüşürdü. İsti və quraq ərazidə yaşamalarına baxmayaraq, sudan çox məharətlə istifadə edirdilər. Yağan yağışları, sel sularını dağlarda, qayalıqlarda su kanalları çəkərək su anbarlarına yönləndirirdilər. Suvarma sistemi qurmuşdular. Bağlar və çeşmələri, əkinlər və gözəl meyvəli xurmalıqları var idi. Düz ərazilərdə qəsrlər tikir, dağları yonub evlər düzəldirdilər. Bir sözlə, firavan həyat yaşayırdılar (Əraf, 7/74).

Bir məsələ var idi. Onlar bu naz-neməti verən Yaradanı (c.c.) unutmuşdular. Hz. Saleh (a.s.) də onlara məhz Allahdan qorxmağa, ona itaət etməyə çağırırdı (Şüəra, 26/141-150). Səmud qövmü özlərindən əvvəl yaşamış Ad qövmünün soyundan gəlirdi. Ad qövmünün tikdiyi şəhərlərin qum fırtınasında necə yerlə-yeksan olduğunu bilirdilər. Onlara görə Ad qövmü evlərini, saraylarını, şəhərlərini zəif tikmişdilər. Həlak olmalarının səbəbi bu idi. Buna görə də onlar evlərini qayaların içinə yonmuş, daha sağlam, daha təhlükəsiz tikmişdilər. Özlərini güvəndə hiss edirdilər. Artıq heç bir təhlükə onlara toxuna bilməzdi!

Halbuki məsələ evlərin, şəhərlərin zəif və ya möhkəm tikilməsi deyildi. Əsas məsələ Yaradana (c.c.) baş qaldırma, Ona (c.c.) meydan oxuma idi. Səmud qövmü, həmçinin onlardan əvvəl və ya sonra gələn mədəniyyətləri yıxan amil tikilən binaların çürüməsi deyil, insanların əxlaqən, mənən çürümələri olmuşdur.

İnsanların, cəmiyyətin mənən və əxlaqən çürüməsi, əxlaqi eroziyaya məruz qalması bu gün də mövcud olan bir məsələdir. Uca Yaradanın (c.c.) mülkündə, Onun (c.c.) səltənətində, Onun (c.c.) yaratdığı kainatda və Onun (c.c.) verdyi ağılla təbiəti özünə ram edən insanın Uca Yaradana baş qaldırması bir hədd bilməzlik deyilmi? Günümüzdəki yenilikləri əlavə edərsək, hündür mərtəbəli binalar tikmək, yüksək sürətli qatarlar, transatlantik səyahətlər üçün gəmilər, nəhəng şəhərlər inşa etmək, tibdə və başqa bir sıra sahələrdə ağlasığmaz texnoloji yeniliklər etmək mümkündür. Ancaq bunların heç biri Cənab Allahı (c.c.) unutdurmamalıdır. Onun peyğəmbərlər vasitəsilə göndərdiyi mesajlara üsyan etdirməməlidir.

Səmud qövmündən bəhs edən ayələrə nəzər salanda görürük ki, əslində dağları oyaraq evlər, saraylar tikmək, quraq torpaqlarda bağ-bağça salmaq qadağan edilmir. Əsas bəyənilməyən iş, Cənab Allaha (c.c.) üsyan bayrağı qaldırmaq, Ona (c.c.) meydan oxuma ədasına bürünməkdir.

Növbəti yazıda Səmud qövmü vasitəsilə ayələrlə bizə verilən digər mesajlar haqqında danışılacaq.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top