NAZİM MUSTAFAYEV

Tərəzidə aldadanlar… -1-

Tərəzidə aldadanlar… -1-

NAZİM MUSTAFAYEV
Təbiətdəki hadisələrə nəzər yetirəndə bir həqiqətlə qarşılaşırıq... İnsan müdaxiləsi ya da başqa bir səbəblə hansısa balaca bir milçək növünün tələf olması bütün ekosistemdə bərpası çətin yaralar açır. Sonra bu yaranı bərpa etmək ya çox çətin ya da bir daha mümkün olmur. Eyni bu həqiqətlə insanların sosial həyatında da qarşılaşırıq. İnsanların gözündə balaca kimi görünən, əhəmiyyət verilməyən əslində isə cəmiyyətin bünyəsində böyük yaralar açacaq, cəmiyyəti mənən çürüdəcək bir sıra virus və xəstəliklər var. Ekosistemdə o balaca milçəyin yoxluğu böyük fəsadlara yol açdığı kimi bu yazıda bəhs edəcəyim çəkidə və tərəzidə aldadanlar da cəmiyyətin bünyəsində dərin yaralar açır, sosial və əxlaqi cəhətdən bir sıra problemlərin doğmasına zəmin hazırlayırlar.

Bu yazıda Mutəffifin surəsinin 1-6-cı ayələrindən bəhs edəcəyəm... Bu ayələrdə çəkidə və tərəzidə aldadanlar qınanır, onlar axirət əzabı ilə təhdid edilirlər. Balaca kimi görünsə də bu məsələ bir cəmiyyəti maddən və mənən yox edəcək gücdədir. Tarixdə Mədyən şəhərinin əhalisi də mahiyyətcə bu ayələrdə bəhs edilən tərəzidə aldatmaq ucbatından bəlaya məruz qalmış və tarix səhnəsindən silinmişlər.

Ayədə belə buyurulub: “Vay halına çəkidə və ölçüdə aldadanların! O kəslər ki, insanlardan (bir şey) aldıqları zaman onu tam ölçüb alar. Onlara vermək üçün ölçdükdə və ya çəkdikdə isə əskildərlər. Məgər onlar (öləndən sonra) diriləcəklərini düşünmürlərmi?! Özü də dəhşətli bir gündə?! O gün bütün insanlar (haqq-hesab üçün) aləmlərin Rəbbinin (Allahın) hüzurunda duracaqlar!” (Mutəffifin, 83/1-6)

Ayələrdə bəhs edilən bu aldatma əməli cəmiyyətdə fərdlər arasındakı güvən və etimadın ortadan qalxmasına səbəb olur. Araya aldatma girəndə insanlar arasında hər hansı mənəvi bir dəyər qalmır, bunun yerinə maddi qazanc əldə etmək tək dəyər kimi önə çıxır.

Yuxarıdakı ayələr Məkkə dövrünün sonlarında nazil olmuşdur. Bu ayələrlə Məkkədə inhisarlaşmış böyük ticarət şəbəkəsini idarə edən seçkin təbəqənin bu əməli açıq şəkildə tənqid edilir. Bu seçkin təbəqə əllərindəki böyük sərvətlər ilə Yəmənə və Şama karvanlar ilə qış və yaz səfərləri edir, böyük sərvətlər qazanırdılar. Bu kəslər insanlardan hər hansı bir şeyi satın alanda tam və əskiksiz alırdılar. Əslində burada özləri üçün satın alanda tam və əskiksiz olmaları tənqid ediləcək bir məsələ deyil. Bu kəslərin əsasən tənqid olunan cəhətləri, özlərinə gələndə ədalətli və tam iş görmələri, növbə digər insanlara gələndə isə onların haqlarını yemələri və əskik ölçmələri idi.

Bu seçkin təbəqə kütləni istədiyi kimi yönləndirə bilən siyasi və iqtisadi gücə malik idilər. Əks halda açıq-aşkar insanları necə aldada və onlar üzərindən haqsız qazanc əldə edə bilərdilər?

Onlar arxasına siyasi və iqtisadi gücü aldıqları üçün insanlar özlərini müdafiə etməkdən aciz qalırdılar. Əslində belə bir cinayəti işləmək üçün siyasi və ya iqtisadi gücü arxasına almaq arasında elə də fərq yoxdur. Hər iki halda da insanlar bu inhisarçılıq altında əzilir, buna boyun əymək məcburiyyətində qalırdılar. Bu hadisənin günümüzdə də davam etdiyini deyə bilərik. Deməli ortada insanlar üzərində oynanan açıq bir aldatma və hiylə oyunu olduğu üçün ta Məkkədəki ilk dövrlərdən belə bir xəbərdarlıq gəlmişdir.

Hələ Məkkə dövründəki baş verən bu erkən xəbərdarlıq İslam dininin xarakterini, sosial hadisələrə qarşı duruşunu da ortaya qoyur. Hələ Mədinə dövründə əhkam ayələri nazil olmağa başlamadan Məkkə illərində cəmiyyətdə yaşanan bu açıq-aşkar ədalətsizlik və əxlaqi eroziyaya qarşı Quran ayələri bu etirazı bildirmişdir. Bununla da biz İslamın mövqeyinin həmişə nədən və kimlərdən yana olduğunu öyrənmiş oluruq.
 
Mövzuya davam edəcəyik...

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top