NAZİM MUSTAFAYEV

Səməd babanın ardından...

Səməd babanın ardından...

NAZİM MUSTAFAYEV

Bu günlərdə dünyasını dəyişən pirani bir el ağsaqqalından, Səməd babadan bəhs etmək istəyirəm. Hər halda bu el ağsaqqalının 80-90 yaşı olardı. Rəhmətə getdiyini sosial mediadakı paylaşımlarda gördüm. Qərara gəldim ki, tələbəlik dövründə ya da sonrasında bu maraqlı insanla həyatda kəsişən bəzi məqamlardan söhbət açım.

Zaqatalada İlahiyyat Universitetində oxuyanda bu ağsaqqal babanı ara-sıra görürdük. Tələbələrdən kimi onu tanıyır, kimi də tanımırdı. Ancaq yaşlı halı ilə gənclərin, tələbələrin yanında olması, hələ xüsusilə o məşhur Buxara papağı ilə əminəm ki bir çox tələbənin yadında qalmışdı. Onun duruşunda, davranışlarında uzun illərin axtarışı və həsrətini görmək olardı. Bəlkə də illərlə davam edən həsrət və axtarışı bir gün nəticə vermiş və o bu susuzluğunu mənən dindirəcək bir mənbə tapmışdı.

Yaşlı halına baxmayaraq sanki o universitet mühitində, bu çevrədə yeni bir nəfəs alırdı. Tez-tez gənclərin, müəllim və tələbə heyətinin içərisində olması artıq ona da bir gənc deməyə əsas verirdi. Ya da gənc olmağın nə demək olduğunu bəlkə də ondan öyrənməli idik. Səməd baba ilə bağlı Universitet illərindəki xatirələrim demək olar ki bunlardan ibarət idi.

İndi isə bir az haşiyəyə çıxaraq başqa bir məqamdan danışım, sonra yenə Səməd babaya qayıdarıq... Bilmirəm yuxularla aranız necədir... Deməli illər əvvəl bir nəfərin yuxusunda gördüyünə görə onların kəndinə getmişəm. Oradakı kəndin yaşlı mollasını məgərsə tanıyır, o da məni tanıyırmış. Oturub onunla söhbət də etmişik. Ancaq burada bir əmma var idi ki yuxu sahibinin bəhs etdiyi o kəndə heç vaxt getməmiş, oradakı yaşlı imamla da görüşməmişdim. Bəlkə elə bir yaşlı imam da yox idi... Yuxunun açması ilə bağlı heç bir fikrə də sahib deyildim. Bəzən sual olaraq ağlıma gəlmişdi ki bəs görəsən o kənd nə idi? O yaşlı imam kim ola bilərdi? Ya da mən onu hardan tanıyırdım?

Nə isə bu yuxu söhbətindən bir neçə il ötüb keçmiş və bir gün Qəbələnin bu ucqar kəndində yuxarıda bəhs etdiyim Səməd baba ilə qarşılaşmışdıq. Bu zaman ayaq saxlayaraq maşından enmiş və bu ağsaqqal baba ilə əl sıxışaraq görüşmüşdük... Bu qarşılaşma ilə universitet illərindən tanıdığım Səməd babanın məgərsə Qəbələnin bu kəndində yaşadığını da öyrənmişdim.

Bundan sonrakı illərdə Səməd babagilin kəndə ara-sıra gəlib-gedəcək onunla da bəzən qarşılaşacaqdım. Başqa bir dəfə də yenə yolumuz kənd məscidinə düşmüşdü. Hər halda vaxt namazının girməsinə az vaxt var idi. Məsciddə Səməd baba ilə birlikdə cəmi üç nəfər idik. Ən azı mən onu tələbəlik dövründən tanıyırdım. Bu dəfə, “sizi filan yerdən tanıyıram” dedim. Bu zaman sanki üzündə güllər açdı. O günü bəlkə də camaaatın az olduğuna görə məscidin mikrofonlarını açaraq əzanı bizə oxutmuş və namazı da bizə qıldırmışdı. Əslində bu işləri şəxsən özü görə biləcək qədər gümrah idi. Ancaq nədənsə tərcihi belə oldu. Bu pirani babanın o davranışını elə o gün və indi də bir iltifat kimi qəbul etmək olardı.

Namaz sonrasında da bir kitab verərək: “Bir mövzu seç oxuyaq” demişdi. Hər halda bu bildiklərini başqasından eşitmək arzusu idi. Mən də o kitabdan bir başlıq seçmişdim. Beləcə yarım saatdan çox bu el ağsaqqalı ilə məsciddə qalmış və onunla həmsöhbət olmuşduq.



Səməd baba ilə bu görüşmədən sonra sanki yuxarıdakı yuxunun mənası ilə bağlı daşlar bir az yerinə oturmuşdu. Düzdür yuxu sahibinin bəhs etdiyi o kənd ilə bu kənd fərqli yerlər idi. Ancaq o yuxudakı kəndin yaşlı imamı, onunla tanışlıq və.s kimi detallar bu kənddə cərəyan etmişdi. Yaşı ilə müqayisədə biz onun nəvəsi yaşında olmağımıza baxmayaraq ogünkü hörmət və iltifata görə hər hansı qarşılıq verə bilməmişdik. Ən azından dedim ki bu şəkildə onu yad edim. Həmçinin onun haqqında yazılacaqlara bir də belə bir aspektən baxış olsun. Qəbri nurla dolsun.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top