NAZİM MUSTAFAYEV

Nə üçün dişi hörümçəyin evi?

Nə üçün dişi hörümçəyin evi?

NAZİM MUSTAFAYEV


Hər bir surə və ayənin nazil olma səbəbi (Əsbabul-nüzul) var. Quran ayələrini başa düşmək üçün nazil olma səbəblərini, hansı hadisə ilə əlaqədar nazil edildiyini bilmək əhəmiyyətlidir. "Ayənin nazil olma səbəbi belədir", "ayə bu hadisədən sonra enib", "ayə bu münafiq, müşrik və ya bu səhabə haqqında nazil olub" kimi cümlələr bizə ayələri anlamaq üçün kömək edir. Ancaq bir məsələnin də fərqində olmalıyıq. Ayələrin nazil olma səbəblərini bilsək, öyrənməyə çalışsaq da, ilahi bəyanların məhz özümüzə xitab etdiyini unutmamalıyıq. İlahi bəyanın müxatəblərini kənarda axtarmaq, Quranla aramıza böyük bir sədd çəkmək deməkdir.

Bir Quran ayəsində fani varlıqları, dünya cah-calalını Cənab Allahın yerinə qoyaraq güvənənlərin, etimad edənlərin halı, dişi hörümçəyin qurduğu evə bənzədilmişdir. Ayə belədir: "Allahdan başqa (varlıqları və gücləri) özlərinə dost (hami) qəbul edənlər özünə yuva qurmuş dişi hörümçəyə bənzəyirlər. Evlərin ən zəifi isə, şübhəsiz ki, hörümçək yuvasıdır" (Ankəbut, 29/41).

Gəlin bu ayəni bir qədər düşünək. Nə üçün dişi hörümçəyin evi? Hörümçəyin evinin nə xüsusiyyətləri var ki, Allahdan başqa dost, mədədkar və hami axtaranlar üçün bu misal çəkilib?

İnsanların güvəndikləri, etimad etdikləri, çıxış yolu olaraq gördükləri, mədəd umduqları bir sıra zahiri səbəblər, şəxslər ya da məqamlar var. Bəzən insanlar bu zahiri səbəbləri mütləq güc, yeganə çıxış yolu kimi görürlər. Yuxarıdakı ayədə məhz buna diqqət çəkilmişdir. Düzdür, hər zaman zahiri səbəblərə, təbiətdə qoyulan qanunlara riayət etməliyik. Lakin zahiri səbəblər, təbiətdəki qanunlar bizə Cənab Allahı unutdurmamalıdır. Ayədəki xəbərdarlığın əsas məğzi də elə budur. Zahiri səbəbləri meydana gətirən Cənab Allah deyilmi? Bu səbəblə zahiri səbəblərə riayət etməklə yanaşı, nəticəni Uca Allahdan gözləməli və Ondan bilməliyik.

Bəzən zənginlik, sərvət və mal-mülk sahibi olmaq insanların yeganə hədəf və qayəsinə çevrilir. İnsanın gözündə zəngin olmaq və sərvət toplamaq yeganə hədəf kimi görünür. Bəzən sərvət, mal-mülk bir kənarda qalır. Əlinə güc toplamaq, hər istədiyini etmək üçün yeganə çıxış yolu kimi elm ön plana çıxır. Bəzən də insanların gözündə yeganə təsəlli, yeganə himayəçi, tək mədədkar keçmişdə və müasir dövrdə hakimiyyət və iqtidarın əlindəki güc və imkanlar görünür.

Quran ayələri məhdud sayda kəlmə və cümlədən ibarət olsa da, saysız mənaları ifadə edir. Allahdan başqasına bel bağlayanların vəziyyəti ayədə çox gözəl təsvir edilir. Xalq dilində: "Ağaca söykənmə çürüyər, insana söykənmə ölər" məsəli var. Buradan "yalnız Allaha bel bağla", "yalnız Ona güvən" mənasını çıxara bilərik.

Dişi hörümçək, mayalanmadan sonra erkəyi qaça bilməzsə, onu tutaraq yeyir. Bu səbəblə dişi hörümçəyin evi nəinki başqaları, öz erkəyi üçün belə etibarsızdır. Ümumiyyətlə, canlılar evlərini istidən, soyuqdan, düşməndən və hər cür zərərdən qorunmaq üçün inşa edirlər. Ancaq hörümçəyin evi yox etmək, zərər vermək, evinə səhvən girəni yemək üçün inşa edilmişdir. Hörümçəyin evi nə onu örtər, nə də onu qoruyar. Xəfif bir toxunuşla yıxılıb gedər.

Bu səbəblə evlərin ən etibarsızı hörümçəyin evidir. Əgər mayalanmadan sonra erkək hörümçək qaça bilməsə, dişisinin evi onun qəbrinə çevrilir. Toruna düşən ağcaqanad həlak olmağa məhkumdur. Hörümçəyin toru bu minvalla əslində bir ev deyil. Yox etmək, öldürmək üçün qurulmuş bir tələdir. Allahdan başqasını özünə dost bilən, sığınanlar da, əslində, hörümçəyin toruna düşmüş ağcaqanad kimidir.

Varlıq aləmindəki güclərin həqiqi mahiyyətini bilməyən insanlar da bu xətaya düşürlər. Dünyadakı müəyyən güc və imkanlar qarşısında gözləri qamaşır, başları dönür. İşığın ətrafında dönən, atəşin cazibəsinə qapılan pərvanə kimi, maddi güclərin ətrafında dönürlər.

Bu sadalananların hamısı sadəcə Cənab Allahın gözəl isim və sifətlərinin dünyadakı təzahürüdür. Əsl sərvət, mülk, səltənət və gücün sahibi isə Uca Yaradıcıdır. Belə olan halda Uca Yaradıcıdan üz döndərərək başqa mədədkar, başqa himayəçi axtaran kəslərin bu əməli, Cənab Allah qatında özünə yuva qurmuş dişi hörümçəyin halından fərqsiz deyil.

Gəlin biz də bu ayənin məhz bizə səsləndiyini düşünərək oxuyaq. Özümüzü kənarda görməyək. Zahiri səbəblərə, təbiətdəki qanunlara riayət etməklə yanaşı, həyatın hər məqamında həqiqi mülk sahibinin Cənab Allah olduğunu unutmayaq...

Qeyd: Quranda misal çəkilən digər həşərat və heyvanlar və burada anladılmaq istənən əsas məqamlar barədə aşağıdakı yazıları oxumaq olar:

1- Ağcaqanadlar harada təlim keçib sertifikat alıblar?
2- Quranda milçəyin misal çəkilməsinin səbəbi nədir?
3- Nə üçün ən pis səs eşşəyin səsidir?
4- Qarışqaların dilini anlayan peyğəmbər – Həzrət Süleyman (ə.s)
5- “Məgər onlar dəvənin necə yaradıldığına baxmırlarmı?!”
6- Bal arısına Cənab Allahın (c.c.) “vəhy etməsi” nə mənaya gəlir?

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top