ANAR QARAXANÇALLI

Mehman Əliyev "seçkinlər"ə qarşı

Mehman Əliyev "seçkinlər"ə qarşı

ANAR QARAXANÇALLI

SSRİ 1991-ci ildə dağıldı. Amma Rusiyanın regiondakı güc yolu ilə işğalçılıq siyasəti hələ də davam edir. Bu gün keçmiş Sovet ölkələrinin çoxunda əsas idarəetmə mexanizmlərində o dövrün məmurları hələ də aktiv fəaliyyət göstərirlər. Belə məmurların çoxu Rusiya məktəbindən dərs almış, xanımları fərqli millətdən təyin olunmuş, imperiyaya bir çox iplə bağlanmış "seçkinlər"dir. Azərbaycan da bu qəbil ölkələrdəndir. Elçibəy 1993-cü ilin mayında son rus əsgərlərini ölkədən çıxaranda bilirdi ki, bu onun sonu olacaq. İstəsəydi, Surət Hüseynovun qarşısını güc yolu ilə ala bilərdi. Amma qardaş qanı axıtmaq istəmədi. Ona görə də, son gedişini elədi; Heydər Əliyevi Bakıya dəvət elədi. Ölkə daha da parçalanmaqdan son anda qurtuldu.

Saakaşvili bir müsahibəsində, hakimiyyətə gələndə, Putinin ona zəng edib təbrik etdiyini bildirmişdi. Putin Saakaşviliyə, sizi təbrik edirəm, birlikdə işləyə bilərik, sadəcə daxili işlər naziri ilə təhlükəsizlik nazirini birlikdə müəyyən edəcəyik, deyib. O da rədd edib. Sonrasını yəqin ki, bilirsiniz. Düzdür, Saakaşvili bəlkə hakimiyyəti itirdi, amma gürcülər müstəqillik yolunda önəmli bir mərhələ keçdilər. Azərbaycan son illərdə nə zaman Qərb ilə önəmli görüşlər keçirirsə, ardınca ölkədə nə isə olur. Neft platformasında yanğın, şübhəli partlayışlar, meşə yanğınları və s. Bəlkə də bunlar təsadüfdür. Amma bu qədər təsadüf ağlasığmazdır.

Bəziləri deyir ki, mövcud hakimiyyət həmişə Rusiyanın suyuna gedir, amma yarana bilmir. Mən belə düşünmürəm. Azərbaycan təbii ki, çalışacaq ki, qonşuları ilə yaxşı münasibətləri olsun. Bir də ki, keçmişi bir gündə silmək olmur. İnsanlar da buna hazır olmalıdır. Sadə bir misal verim; bu gün Azərbaycanda hələ də oxumuş insanlar rus dilinə üstünlük verirlər. Səbəblər müxtəlif ola bilər, amma bu reallıqdır. Kütlələrin xoşuna gedəcək pafoslu çıxışlarla ölkə idarə edilməz.

Azərbaycan hökuməti Rusiya ilə mümkün ola biləcək ən yaxşı münasibətləri saxlayıb. Amma bu Rusiyanı qane etmir. Məsələn, TAP, TANAP enerji layihələri ölkəmiz üçün çox önəmlidir. Amma Rusiya bu layihəni özünə xəyanət kimi dəyərləndirir. Çünki bu layihələr Avropanın Rusiyadan enerji asılılığına alternativdir. Eyni zamanda, Azərbaycan Qarabağ məsələsində irəliləyiş istəyir. Amma Rusiya bölgədəki varlığını belə problemlərə borcludur, ona görə də, yaxınlıq vermir. Rusiya mediasına görə, aprel döyüşlərini də ruslar dayandırıb, erməniləri qurtardılar. Azərbaycan ölkədaxili bəzi islahatlar aparmaq istəyir. Rusiya güddüyü siyasət ilə buna da qarşı olduğunu göstərir. Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi buna misal ola bilər.

Bu baxımdan, "Turan" agentliyinin rəhbəri Mehman Əliyevin həbsi anlaşılmazdır. Əgər, həqiqətən, Mehman bəy vergi məsələsinə görə həbs edilibsə, araşdırmalar onu həbs etmədən də aparıla bilər. Adresi, ünvanı bilinir. Uzağı ölkədən çıxışına əngəl qoyula bilər. Yox, əgər Mehman bəy özünün də iddia etdiyi kimi, mövqeyinə, ya da müsahibələrinə görə həbs edilibsə, çox böyük yanlışlıq olub. Bu yanlışlıq başda hökumətə və dövlətə zərər verir. Əgər işin içərisində başqa qüvvələr varsa, bu ölkəmizə üçqat zərbə deməkdir. O ki qaldı Mehman bəyin ifadə etdiyi islahatlara: islahatlar labüddür. Hər keçən gün əleyhimizə işləyir. Dövlət qurumları mülkiyyətə çevrilməməlidir. Hər məmur hesab verə bilməlidir. Şəffaflıq tam təmin olunmalıdır. Bir dəfəyə məxsus keçmişə yönəlik əfv elan oluna bilər. Bir şərtlə ki, hər kəs keçmişin hesabını açıq və ya qapalı versin.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top