ƏLİ ÇƏRKƏZOĞLU

Sənə nə güc düşür, ay jurnalist?

Sənə nə güc düşür, ay jurnalist?

ƏLİ ÇƏRKƏZOĞLU

Jurnalist həyasızlığını çox görmüşdüm, amma bu sonuncu tamamən fərqli bir şeydir. Bir çox saytlar Xalq artisti Aygün Bayramovanın ailə qurmağa hazırlaşması xəbərini elə iyrənc üslubda oxucuya çatdırırlar ki, o sayta da, o xəbərə də "tfu" demək keçir adamın içindən.

Yazırlar ki, "49 yaşında ərə gedir". Sənə nə? 49, ya 69, sənə nə? Bəs deyirdik ki, ədəbli adam qadından yaş soruşmaz? Nə oldu, birdən-birə pasportun ortasından başlayırsınız? Sonra da yazırlar ki, bu, 49 yaşlı Xalq artistinin ilk nikahıdır. Əstəğfürullah! Sənə nə birinci nikahıdır, ya üçüncü nikahı?

Aygün Bayramova ömrünü sənətinə vermiş sənətkardır. Hər şeyi bir tərəfə qoyaq, sənin, mənim millətimin balasıdır, bacımızdır. Yaşı nə olur-olsun, bir xanımın tənhalıqdan qurtarmasına, ailə sahibi olmasına sevinməmək, yumşaq dillə desək, xəbislikdir, bu mövzunu ironiya mövzusuna çevirmək isə alçaqlıqdır, şərəfsizlikdir.

Aygün xanım çağdaş musiqimizin ən gözəl ifaçılarından biri, bəlkə də elə birincisidir. Oxusu ilə dinləyicinin ürəyinə toxuna, onu kövrəldə, duyğulandıra bilən üç-beş sənətkardan biridir. Leylisi də təkrarsızdır, lirik mahnıları da. Başqaları ilə müqayisədə aldığı fəxri adlara da, titullara da tam layiqli sənətkardır. Bəs niyə bu xəbərə sevinə bilmirsiniz? Niyə qarnınınz ağrıyır? Nə ədavətiniz var bu xanımla?

Bu zamana qədər bir çox əxlaqsız jurnalistin sənətçilərin mətbəxindən, qarderobundan çörək çıxardığını görmüşdük. Bunlar isə adamın yataq otağına soxulurlar. Əxlaqsızlığın yeni pilləsi.

Yazırlar ki, ailə qurduğu şəxsin yaşı budur, ailəsi budur, övladları filan yerlərdə yaşayır... O saat bəlli olur ki, əməlli-başlı araşdırma aparıblar. Adama deyərlər ki, evlənənlər özləri bu saydıqlarınızı sizdən daha yaxşı, daha ətraflı bilirlər və biləndən sonra da oturub qərarlarını veriblər. Biri arvad alır, biri ərə gedir, sənə nə güc düşür? Camaatın özəl həyatına qarışmaq haqqını kimdən almısan? Eyni şeyi sənin bacın, qızın haqqında yazsalar, xoşuna gələrmi?

Ümumiyyətlə bir məsələni həmkarlarımın diqqətinə çatdırmaq istəyirəm ki, qadınların, xüsusilə də qadın sənətçilərin adı, əxlaqı haqqında nalayiq xəbərlər yaymaq, sizin nəzərdə tutduğunuz əxlaqsızlıqla məşğul olmaqdan daha betər əxlaqsızlıqdır. Kişinin vicdanı, heysiyyatı olar. Şəxsiyyəti olan adam hər eşitdiyini söyləməz, hər gördüyünü danışmaz. Xəbərçilik o demək deyil ki, hər eşitdiyini tirajlayıb reytinq qazanmaq xatirinə insanların özəl həyatına burnunu soxasan.

Filankəsdən, filankəsdən, filankəsdən.., zənciri ilə xəbər uydurub kiminsə əxlaqını şübhə altına almaq qanunda cinayət, dində ağır günah sayılır. Hətta dinimizə görə, iffətli bir qadına iftira edənin şahidliyi Allah qatında qəbul edilməyəcək. Bir insanın şahidliyinin qəbul edilməməsinin nə qədər böyük cəza olduğunu mən təfərrüatı ilə açıqlamağa çətinlik çəkirəm, amma bildiyimə görə, bu, təxminən adam cərgəsindən silinmək kimi bir şeydir. Peyğəmbərimiz (Ona Allahın salamı olsun!) zamanında bir kişi hansısa qadının namusu haqqında bir söz söyləyərdisə, həmən ondan şahidlər göstərmək tələb olunardı, əks təqdirdə özü qınaq obyektinə çevrilərdi. Peyğəmbərimiz qadının iffətini dilinə dolayan hər kəsə sərt münasibət göstərmiş, onu söylədiyinə peşman etmişdir.

Elə düşünürəm ki, bu gün hansısa sənətçinin adını dilinə dolayan jurnalist təmənna umur, maddi mənfəət gözləyir, yəni sənətini, əxlaqını satır, şərəfini satır ki, bunun da adı fahişəlikdir.

Dediyim odur ki, bir az azad düşüncəli olun, Mirzə Cəlilin qəhrəmanlarından fərqli düşünün, Qurbanəli bəy zehniyyətindən qurtulun, yazanda bir onu da düşünün ki, bu yazdığınızın bir ucu hara qədər gedib çıxır. Dinimizi başa düşmürsünüzsə, Avropa dəyərlərinə baxın. Əmin olun ki, bugünkü Avropa dəyərləri İslama sizin zehniyyətinizdən, dünyagörüşünüzdən çox-çox yaxındır.

Bəlkə bir az qəzəbli yazdım, ağır ifadələr işlətdim, amma neyləyəsən, bəzən elə hallarla rastlaşırsan ki, sakit reaksiya göstərmək mümkün olmur. Nə deyim, Allah bağışlasın, bu qədər.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top