SƏMƏD MƏLİKZADƏ

YMG olsun, olmasın?

YMG olsun, olmasın?

SƏMƏD MƏLİKZADƏ

Qurani-Kərimdə buyrulur: “Ey iman edənlər! Allahdan
qorxun və doğru söz söyləyin!“
 
 
  Elə günlər var ki, bəşəriyyətin, hər hansı bir xalqın, yaxud birimizin taleyində mühüm rol oynayıb. Həmin günlər təqvimdə qırmızı rənglə yazıldı və ya yazılmadı daim yaddaşımızda yaşayır və tez-tez xatırlanır. 28 May (1918-ci il) - Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu gün, 15 Sentyabr (1918-ci il) - Bakının Azadlıq Günü, 29 May (1453-ci il ) - İstanbulun Fəthi, yaxud 9 May (1945-ci il )- Faşizm Üzərində Qələbə Günü. Bu qələbələrin cahanşümallığı haqqında çox danışmaq olar. Bunlar adi qələbələr deyil. Məsələn, faşizm üzərində qələbə ilə sülhsevər insanlar dünyanı məhv olmaqdan xilas etmiş, faşizmin ölüm hökmünü oxumuşlar. Bu, bir ölkənin başqa bir ölkə üzərində qələbə çalması deyil, Xeyirin Şər üzərində böyük qələbəsidir. Ona görə də bu gün tarixə elə yazılıb ki onu silmək, unutmaq və ya unutdurmaq mümkün deyil. Həmin qələbənin, günün qiymətini isə daha çox o dəhşətli illəri yaşamış, illərlə soyuq səngərlərə sinə gərmiş, güllə yağışı altında düşmən üzərinə atılmış, ölüm düşərgələrində gəncliyini, sağlamlığını itirmişlər, ömrünün sonunadək ömür-gün yoldaşını, atasını gözləyənlər daha yaxşı bilirlər. Həmin günün isə mayın 9-na və ya 10-na təsadüf etməsinin, fikrimizcə, elə bir mənası yoxdur. Tarix üçün önəmlisi odur ki, insanlıq faşizmə qələbə çalıb. Ağrılı və düşündürü odur ki, dəqiq olmayan məlumata görə, İkinci Dünya savaşında 50 milyon insan həlak olub. Bəs yaralananlar, şikəst olanlar, acından ölənlər?...
 Lakin həmin qələbənin mayın 9-na təsadüf etməsi bizim üçün ona görə ağırdır ki, illər sonra həmin gün gözəl Şuşamız ermənilərin əlinə əsir düşüb və biz doğma cənnətməkanın qarşısında günahlarımıza müxtəlif yollarla don geyindirməyə çalışır, yalanlar uydururuq. Gizli də deyil ki, coxumuz bu işğalın ağrısını ürəkdən yaşamırıq, yaşamaq istəmirik. Nə isə...
Öncə qeyd etdiyimiz kimi, 28 May da bayram günüdür. İşıqlı tarixdir. Xalqımız, yurdumuz ilk dəfə olaraq məhz həmin gündə azadlığa qovuşub, özünün müstəqil respublikasını elan edib. Bu kimi mühüm tarixi günlərlə yanaşı, ayrı-ayrı şəxslər üçün unudulmaz olan günlər də var. Məsələn, biri anasının, digəri övladının dünyaya gəldiyi günü, yaxud ailə qurduğu günü özünün xoşbəxt, əziz günlərindən biri sayır. Bu da təbiidir. Çünki insan üçün ana da, övlad da bir-birindən əzizdir.
 Amma təqvimdə elə bayramlar və tarixi günlər var ki, onları xüsusi bayram kimi qeyd edilməsinin əhəmiyyəti yoxdur. Sovetlər birliyi dövründə belə saxta, mənasız tarixi günlər vardı, elə bu gün də var. Şübhəsiz, zaman o günləri xəlbirindən keçirməyəcək. Ancaq biz hər şeyi zamanın axarına buraxmamalıyıq. Necə deyərlər, indi hər bir günə, olaya layiq olduğu qiyməti verməli, zamana, dövrə uyğun yeni bayramlar yaratmalıyıq. Məsələn, şəxsən mənə görə,  bütün zamanlar üçün aktual olan Yalanla Mübarizə Gününün (YMG-nin) təqvimdə yer alması əhəmiyyətli və vacib bir məsələdir. Həmin gün hər kəs  ancaq həqiqəti danışmalıdır. Axı başımıza gələn fəlakət və faciələrin əsas səbəblərindən biri çeşid-çeşid yalanlarımızdır.  Uşaqlıqdan başlamış qəbir evinədək o qədər yalanlar uydururuq ki, heç saya gəlməz. Elə bilirik ki, söylədiyimiz hansı yalanlasa bir problemi də həll etdik. Amma fikirləşmirik ki, o yalanlar sabah, ya o biri gün “ilan olub boynumuza dolanacaq“, bizi, ailəmizi, lap elə mənsub olduğumuz xalqı həlli çətin problemlərlə üz-üzə qoyacaq. 
 Dinimizdə görə də ən böyük günahlardan biri elə yalan danışmaqdır. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) böyük günahların ən böyüyünü üç dəfə təkrarlayaraq:“Allaha şərik qoşmaq, ata-ana haqqına riayət etməmək, cana qəsd etmək!” və ardınca da: “Xəbəriniz olsun! Yalan söz danışmaq, yalandan şahidlik etmək”, - deyərək, yalanın da böyük günahlardan olduğunu vurğulayıb. Bəs, nə üçün yalan böyük günahlarla eyni tutulur? Çünki yalan bir çox böyük günahların işlənməsinə zəmin hazırlayır. 
 Qurani-Kərimdə isə buyrulur: “Yalan sözdən çəkinin”, “Ey iman edənlər! Allahdan qorxun və doğru söz söyləyin!
 Yalan insanı  yaşadığı toplumda hörmətdən salır. Buna görə atalarınımız belə deyiblər:“Yalançının evi yandı, ancaq heç kəs inanmadı.”  
Xoşumuza gələn yalanları ovuc dolusu uduruq, lakin acı hıqiqətləri qurtum-qurtum içirik.(Deni Didro). Yalançı  Allaha qarşı üsyan edən, lakin insanlardan qorxan bir axmaqdır (Frensis Bekon).
 Dahi Nizami Gəncəvi isə bu barədə belə yazıb:
Var doğru yazmağa madam ki imkan,
Neçin gəlsin gərək ortaya yalan?!
Sözün qiymətini saldı yalanlar,
Doğrunu danışan hörmətli olar.
 Yüksək səviyyədə söylənilən yalanlar xalqın  dövlətə, hökumətə inamsızlığına, lazım gələrsə etimadsızlığına səbəb olur.  İndiyədək illərlə xalqa o qədər yalançı vədlər verilib, saxta ümidlər yedizdirilib ki, bəzən hökumətin düzgün statistik göstəricilərinə belə heç kəs inanmaq istəmir. “Yalan ayaq tutub yeriyir“ ifadəsi bugünki həyatımız üçün ən doğru kəlamdır. Bu gün məmləkətimizdə yalan sel kimi axır- özü də yaltaqlığa  bulaşmış yalanlar.
Fikrimizcə, söylədiklərim və söyləyə biləcəklərim təqvimdə Yalanla Mübarizə Gününün vacibliyini ön plana çəkir.
 Ey qəlbi Vətənin bütövlüyü, gün-güzəran ucbatından hər cür məhrumiyyətə qatlaşan, azğın məmurlar əlindən dad eyləyən, aldadılan, alçaldılan soydaşlarım, bu təklifə nə deyirsiniz? Bəyənirsinizmi?
 Xalqın inamını qazanıb ali kürsüyü mandat alan, yaxud yuxarıların “etimadını” qazanıb illərlə Milli Məclisdə oturanlar, üzümü Sizlərə tuturam. Əgər bu təkliflə razısınızsa, mandatlarınızı qaldırın!
 Bəs Siz necə, Milli Məclis Sədri cənab Oqtay Əsədov? Təklifin MM-də gündəliyə salınmasına razısınızmı?

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top