NAZİM MUSTAFAYEV

Doğru yolda olmaq -2-

Doğru yolda olmaq -2-

NAZİM MUSTAFAYEV

Keçən yazının davamı olaraq bu yazıda da Hud surəsinin 112-ci ayəsini əsas alaraq mövzuya davam etməyə çalışacam. Burada “doğru yol”da olmaqdan bəhs edilirdi. Ayədə “doğru yol”da olmaqla “həddi aşmağ”ın bir-birinə zidd əməllər olduğu vurğulanır. Sual ortaya çıxır ki, görəsən insanı hər zaman doğru yolda saxlayacaq və həddi aşmaqdan qoruyacaq əsas ünsür nədir? İnsan nə üçün və nəyə əsasən doğru yolda olmalı və həddi aşmamalıdır?

Quranda insanları müşahidə edənin, onları təqib edən və əsl izləyənin Cənab Allah olduğu bildirilir: “…O (c.c) sizin nə etdiklərinizi görəndir!” (Hud, 11/112). İnsan bu həqiqəti könlünə, qəlbinə həkk etdiyi zaman küçədə, bayırda, dükan önlərində yazılan “diqqət kamera çəkir” kimi sözlər ona çox gülünc gələ bilər. İnsanı “doğru yol”da saxlayan əsas ünsür xarici amillər deyil, daxili amillər olmalıdır. Cənab Allahın (c.c) müşahidəsi altında olduğunu daim hiss edib anlamaq və belə bir daxili mexanizmlə hərəkət etmək insanı hər zaman “doğru yol”da saxlaya bilər. Həmçinin belə bir şüur sahibi olmaq insan iradəsini də qüvvətləndirir.

İnsanın fitrətində hər zaman güclü olana meyl etmək, güclü bir dayaq axtarmaq hissi var. Cənab Allah (c.c) insanın bu ruh halına bələd olduğu üçün: “Zülm edənlərə meyl etməyin…” (Hud, 11/113) buyurur. Belə bir meyl və istək insanın “doğru yol”dan çıxması üçün bir səbəbdir. Zülm edənlərə meyl etmək onlara rəğbət bəsləmək, onların zülmünə rıza göstərmək, bir sözlə onlara alqış tutmaqdır. Edilən zülmü görməzlikdən gələrək zalımlarla bərabər vaxt keçirmək, onlarla oturmaq, onlara həsəd aparmaq, onların yerində olmağı istəmək kimi fellər onlara “meyl etmək” mənasını daşıyır.

İnsanlar yoluxucu xəstəliklərdən, mikroblardan uzaq durub qorunduğu kimi zülmə aparacaq əməllərdən də uzaq durmalıdır. Vəzifə hərisliyi, yaşama sevgisi, alqışlanma arzusu kimi şeylər bir tərəfi cəlbedici kimi görünsə də, əslində bunların hər biri mənəvi xəstəlikdir. Bu kimi şeyləri əldə etmək uğruna insan heç fərqinə varmadan zülmə meyl edə və zülmün maşası halına gələ bilər.

Quran ayəsində zülmə meyl etmənin cəzası haqqında da danışılır: “Zülm edənlərə meyl etməyin, yoxsa sizə atəş toxunar…” (Hud, 11/113) Burada atəşdən qəsd olunan həm cəhənnəm atəşi, həm də zülmə səs çıxarmamanın dünyaya və cəmiyyətə gətirəcəyə fəsad və bəlalardır.

İnsanın güclü olana meyl etməsinin bir səbəbi ayədə buyurulduğu üzrə özünə dost qazanma istəyidir. İnsanın qarşılıq gözləmədən, könüldən bağlı olacağı bir dosta hər zaman ehtiyacı var. Cənab Allah (c.c) bu ehtiyacın zalımlarla, zülm edənlərlə təmin olunmasını istəmir. Ayənin davamında bu ehtiyacın necə qarşılanacağı bildirilir: “…Sizin Allahdan başqa dostunuz yoxdur” (Hud, 11/113). İnsan həqiqi dostun kim olduğunu biləndə dost ehtiyacını da elə həmin ünvandan qarşılayar.

Bir insanın zalıma meyl etməsininin digər bir səbəbi də ondan hər hansı bir mədəd ummasıdır. Ayədə belə deyilir: “…Sonra sizə (dünyada da, axirətdə də heç bir) kömək olunmaz!” (Hud, 11/113) Zalımdan hər hansı bir kömək ummaq Allahın köməyini itirmək deməkdir. Zülm edənə meyl etmək həm Allahın dostluğuna, həm də yardımına əngəl olur.

Həzrət Peyğəmbərimizin (s.ə.s) bu surə və ayələr üçün: “Məni qocaltdı” deməsi “doğru yol”da olmanın özü ilə əlaqəli deyil, ümməti ilə əlaqəli olmasıdır. Həzrət Peyğəmbərimiz (s.ə.s) onsuz da doğru yolda idi. Ancaq ona tabe olanların da eynilə onun kimi doğru yolda olmaları gərəkirdi. “Doğru yolda ol!” (Hud, 11/112) əmri ilk mərhələdə Həzrət Peyğəmbərimiz üçün gəlsə də ayələrin ümumi möhtəvası sözün əsl ünvanının ümmət olduğunu göstərir. Çünki, belə bir yanılma və doğru yoldan çıxma ehtimalı məhz ümməti üçün keçərlidir.

Nəticə olaraq deyək ki, “doğru yol”da olmaq dünyada insana bədəl ödətən bir məsələdir. Misal üçün dahi şairə günümüzdə, müasir dövrdə toz qonduran olmasa da, vəfat edəndə çox insan onun ölümündən xəbər tutmamışdı. Bəlkə də həyatındakı duruşuna görə dəfn mərasimi, cənazənin daşınması ilk başda bir əlin barmaqları qədər insanla başlamışdı. O dahi şair belə deyirdi:

Zülmü alqışlayamam, zalimi əsla sevəməm;
Gələnin keyfi üçün keçmişə qalxıb söyəməm.
…
(Mehmet Akif Ersoy)

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top