Söz sənətinin mahir ustaları olan şairlərin dilində ən qorxaq adam cəngavər, ən paxıl insan da cömərd bir şəxsə çevrilirdi. Yenə onların dilində Allahdan qorxub pis əməldən çəkinən günahsız bir insan böyük bir suçun sahibi kimi təqdim edilirdi. Bütün bunlar cahiliyyə dövrünün şairləri arasında çox yayğın bir hal almışdı.
Şair bəzən şirin dili və ifadə gücü ilə bir şəxsi mədh edər, bəzən də acı dilini işə salaraq onu tənqid edərdi. Bütün bunlar bir kisə qızıla görə edilirdi. Alacağı bir kisə qızıla görə bir insanı zirvəyə çıxarmaq, ya da başqa birini yerin dibinə batırmaq onlar üçün çətin məsələ deyildi. Belə olan halda şairlərin bu davranışında hər hansı bir tutarlılıq axtarmağa dəyməzdi. Şüəra surəsinin son ayələrində tənqid edilən şairlər məhz bu xüsusiyyətləri daşıyan şairlər idi.
Eyni şairin dilində həm Allaha ibadəti, həm də allahsızlığı, həm əxlaqı, həm də qeyri-əxlaqi əməlləri, maddəpərəstliyi, həm mədh edilməyi, həm də həcvi bir arada görmək mümkün idi. Ayənin ifadəsi ilə: “Onlar hər bir vadidə sərgərdan gəzib-dolaşırdılar” (Şüəra, 26/225).
İslamdan əvvəlki cahiliyyə dövrü şerlərində cəsurluq, namus və s. bir sıra məziyyətlər və əxlaqi dəyərlər tapmaq olar. Bəli onlar cəsur idilər. Ancaq onların bu cəsurluğu başqalarının mallarını yağma etməyə mane olmurdu. Onlar namuslarına düşgün idilər, yalnız öz namuslarına. Bununla yanaşı başqalarının namusuna namus gözü ilə baxa bilmirdilər. Bu tip şairlər bəzən də alıcısı bol olduğu üçün sadəcə olaraq yalan danışırdılar.
Məşhur ərəb şairlərindən Fərəzdaqın bir şeri Əməvi xəlifəsi Suleyman ibn Abdul-Məlikin qulağına çatır. O şerində “bir gecəni möhürlü kilidləri açaraq keçirdiyindən” bəhs etmişdi. Əslində bu şeri ilə o açıq-aydın zina suçu işlədiyini öz dili ilə bəyan edirdi. Xəlifə bu şeri eşidəndə şairə hədd cəzasının tətbiq edilməsi gərəkdiyini söyləyir. Fərəzdaq bundan təşvişə düşərək xəlifəyə bu ayəni xatırladır: “Məgər görmürsənmi ki, onlar hər bir vadidə sərsəri kimi gəzib-dolaşırlar? Onlar etmədikləri şeyləri deyirlər! (Onların dediklərinin əksəriyyəti yalandır!)” (Şüəra, 26/225-226).
Bu ayəni oxumaqla o həm hədd cəzasından yayınmaq, həm də şerdə söylədiyi o əməli işləmədiyini bildirmək istəmişdi. Əks halda Quranın bu ayəsi Fərəzdaq tərzi həyat yaşayan şairləri nə mədh, nə də müdafiə edirdi. Sanki ayədə tərif olunan və qınaq obyektinə çevrilən xüsuslar bir libas tək bu şairlərin üzərinə geyindirilmişdi.
Bu şairlərin arxasınca gedən cahiliyyə dövrü insanları ilə İslamın gətirdiyi dəyərləri həyatında yaşamağa başlayan müsəlmanlar arasında xarakter, davranış və əxlaq baxımından fərqlər ortaya çıxırdı. Bir tərəfdə İslamın gəlişi ilə sözü və əməli bir olan, məsuliyyət duyğusu daşıyan, başqalarının haqlarına hörmətlə yanaşan, ciddi, mədəni və doğru sözlü yeni bir nəsil formalaşmışdı. Həzrət Peyğəmbərimiz (s.ə.s) tərəfindən İslamın dəyərlər mənzuməsi ilə yoğurulmuş yeni bir nəsil inşa edilmişdi. Digər tərəfdə isə hələ İslama oyanmamış, şerləri ilə şəhəvi duyğuları təhrik edən, eşq və içki səhnələrini tərənnüm edən, başqaları haqqında kin və nifrət oyadan şairlər və onların arxasınca gedən bir kütlə var idi.
Şairlərin hər kəs tərəfindən bilinən bu xüsusiyyətləri qarşısında hər sözü açıq və aydın, məqsədi və amalı bəlli olan, əxlaq və fəzilətdən kənar bir söz belə deməyən bir Peyğəmbər (s.ə.s) dayanmışdı. Həzrət Peyğəmbərimizin (s.ə.s) söz və əməli arasında tam bir uyğunluq olduğu hər kəsə bəlli idi. Bunun əksinə şairlərin bir şey söyləyib ancaq onun əksini etdiklərini o dövrdə hər kəs bilirdi. Sözgəlişi şerlərində cömərdlik, dünyaya tamah salmama, qənaət və.s kimi mövzuları işləsələrsə də, özləri günlük həyatlarında bunun əksini edirdilər. Ayədə keçən: “Onlar etmədikləri şeyləri deyirlər!” (24/226) buyuruğu bu məqamı ifadə edir.
Nəticə olaraq deyək ki, uca dinimiz İslam sənətdən əvvəl, o sənətin daşıyıcısı olan insanın fəzilət sahibi olmasına önəm verir. İnsan əyri olanda onun etdiyi hər hansı iş də əyri olmağa məhkumdur. Həmçinin söz şerdən düşmüşkən ilk müsəlmanlar olan səhabələrdən sonrakı dövrlərdəki İslam öndərlərinə qədər gözəlliyi və fəziləti tərənnüm edən şerlər müsəlman cəmiyyətində daim rəğbət görmüş və yaşamışdır. Əksər İslam alimləri həm də şair təbiətli və bu sahəyə öz töhfələrini verən simalar olmuşlar.
Qeyd: Yazının əvvəlini buradan oxuya bilərsiniz.

NAZİM MUSTAFAYEV
Quranda “şairlər” nə üçün tənqid olunub? -2-