RASİM MƏMMƏDLİ

Bu da belə...

Bu da belə...

RASİM MƏMMƏDLİ

Qışı birtəhər yola verdik, qurtardı. Soyuq günlər yaşadıq. Qaz və işığın qiyməti diferensiallaşdı. İlk dəfə elektrik enerjisində limiti keçməyi yanvar ayında gördüm. Əslində limiti keçməmişdik. Amma "Azərişıq"ın yaşadığımız ərazi üzrə əlaqədar şəxsi limiti bizə "keçirtdi".

2014-cü ildə ev tikməyə başlamışdım, 2015-cı ildə birtəhər borc-xərc eləyib tikintini bitirdim. Növbə "Azərişıq"a müraciətə gəldi. Azərbaycan Respublikasının vətəndaşı kimi ASAN Xidmətə müraciət elədim. Adamın üstündə Allah var, orada vətəndaşlara olan münasibət çox yaxşıdır.

Əlqərəz, sənədlərimi verdim. 3 iş günü ərzində gəlib əraziyə baxış keçirməli idilər. Dalaşa-dalaşa o işlə məşğul olanı əraziyə gətirdim, baxış keçirdi. Bundan sonra "smeta" çıxarıldı. Əgər mən bu qiymət cədvəli ilə razı olsam, pulu ödəməliyəm. 5 iş günü ərzində işıq çəkəcəkdilər. Onda da xeyli mübarizə apardım. Əvvəlcə şişirdilmiş "smeta"dan narazılığımı bildirmək üçün "Azərişıq"ın müvafiq şöbəsinə müraciət elədim. Dedilər bizdə belədir! Başqa variantım olmadığına görə həmin məbləği ödədim. Müəyyən mübarizələrdən sonra gəlib işıq sayğacını quraşdırdılar.

Həmin evdə az-az təmir işləri gedirdi, hələ yaşayış yox idi. Bu müddətdə gözləyirdim ki, işıq idarəsindən gəlib qəbz versinlər borcumu ödəyim. Düz 10 ay heç kim gəlmədi. Artıq biz o evə köçmüşdük, həmin vaxtlarda işığın tarifləri də diferensiallaşmışdı. 10 aylıq elektrik borcunu mənə 15 noyabr 2016-cı ildən etibarən hesabladılar. Bu da limiti keçmək demək idi. Gedib ərazi üzrə idarəyə müraciət elədim, dedilər gərək vaxtında borcunuza görə gələrdiniz. Halbuki indi borcunu 5 gün gecikdirsən, işığını kəsərlər. Bu belə...

İndi də dərd məni götürüb ki, evdə qazı çox işlətmişik. Kubuna 10 qəpik verirdik, limiti keçəndən sonra 20 qəpik verəcəyik. Limiti keçməyimizə də az qalıb. Mənim kimi narahat olanların sayı da çoxdu. Amma başımızı aşağı salıb birtəhər dolanırıq. Hökumətimiz böyükdü.

Birini yarıda saxlayıb başqa şey deyirəm. Bu gün pensiya yaşı da artırıldı. Bu o deməkdir ki, ölkəmizdə insanların ömrü uzanıb. Məsələyə müsbət tərəfindən baxmaq lazımdır. Özü də bu birdən-birə olmayacaq, İllərlə, aylarla olacaq. Qanun layihəsinə əsasən, kişilər üçün 2021-ci ilə, qadınlar üçün isə 2027-ci ilə qədər pensiya yaşı hər il 6 ay artırılacaq. Bununla da qadınların və kişilərin pensiya yaşı həddi 65-ə çatdırılacaq. Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minəcək. Bu dəyişikliklər indiyə qədər pensiyaya çıxanlara şamil edilməyəcək. Bu da belə...

Bir neçə gün əvvəl bankların birində növbə gözləyirdim. Pensiya yaşına hələ çatmamış, yaşlı iki qadının söhbətini eşidib çox ümidləndim. Qadınlardan biri dedi ki, vitse-prezident Mehriban Əliyeva bahalaşmaya son qoyacaq, o anadır, qadındır, çalışacaq ki, kasıblara kömək olsun. O birisi də cavab verdi ki, qazın, işığın pulu da azalacaq.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top