ANAR QARAXANÇALLI

Rusiya niyə "səhvən" türkləri vurur?

Rusiya niyə "səhvən" türkləri vurur?

ANAR QARAXANÇALLI

"Odatv"-də bir xəbər diqqətimi çəkdi. Onu da deyim ki, "Odatv" Türkiyənin təhlükəsizlik orqanlarına, "dərin"lərə çox yaxın bir mənbə sayılır. İddiaya görə, əl-Babda Türkiyə ilə Suriya rejimi qüvvələri qarşı-qarşıya gəlib. Türkiyə Əsəd qruplaşmalarına hücum edib. Bundan sonra da Rusiya "səhvən" türk əsgərlərini vurub. Ola bilərmi? Məncə, inandırıcı iddiadır.

3 ildir ki, Türkiyə hökuməti daxili və xarici siyasətdə sürətlə manevr edir. Özünə etimad edə biləcəyi bir liman tapa bilmir. Ordusu NATO ordusu, iqtisadi olaraq 80% Avropadan asılı olan bir ölkənin Qərblə kəllə-kəlləyə gəlməsi nə dərəcə realdır?! Amma buna baxmayaraq Türkiyə Rusiya kartını oynamaq qərarına gəldi.

Türkiyə hökuməti və lideri Qərb ölkələrinə qarşı bəyanat verə-verə arxasını yasladılar Rusiyaya. Bir də nə gördülər?! Rusiya bunlarla tərəfdaş kimi yox, əmr qulu kimi davranır. 24 noyabr 2016-cı ildə, Rusiya təyyarəsinin vurulmasının ildönümündə Türkiyə hərbçiləri Suriyada hava zərbəsi ilə öldürüldü. Türkiyə səsini çıxarmadı.

Suriyalı qruplarla Astana görüşməsində Türkiyə əl-Babı rejim qüvvələrinə təslim edəcəyi sözünü verdi. Daha əvvəl, "Əsədi endirmək üçün Suriyaya girmişik", "Əl-Bab, Rəqqa, hara qədər lazımdı gedəcəyik" deyən Ərdoğan 27 yanvarda Afrikadan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında, "əl-Babda daha dərinə getməyə ehtiyac yoxdu", - dedi. Paralel olaraq, Rusiya isə Türkiyənin maraqlarını ayaqaltı etməyə davam edir. Rusiya PKK-nın terror təşkilatı kimi görmədiyini bəyan etdi. Türkiyə isə yenə səssiz qaldı.

Bu dəfə həm daxildə bəzi məhkəmə proseslərində adının cinayət işlərində hallanması, həm də xarici proseslər Ərdoğanı ürkütdü. Özünə tələ qurulduğunu düşünən Türkiyə lideri yenidən Qərb dövlətlərinin qapısını döyməyə başladı. Türkiyə XİN rəhbəri Çavuşoğlunun Qərb ölkələrindən görüş tələbləri havada qaldı. ABŞ-ın xarici siyasətində önəmli ölkə olan Türkiyəyə Trampın hətta bəzi Afrika ölkələrindən sonra zəng vurması vəziyyətin nə dərəcə ciddi olduğunu izah edir. Bir neçə ay öncə Ərdoğana diktator deyən "CIA" rəhbəri dünən Türkiyədə əziz qonaq kimi qarşılandı. Eyni gün isə, Rusiya "səhvən" Türkiyə əsgərlərini vurdu. 3 şəhid, 11 yaralı var.

Rusiya öldürülən bir pilotu üçün 3 dəfə üzr dilətdi, deyilənə görə, 5 milyard dollar təzminat da alıb. Rusiyanın son dörd ayda ikinci dəfə türk əsgərlərini öldürməsinə türkiyəli nazir Zeybəkçi, "savaşda belə şeylər ola bilər" dedi. Vəziyyətin nə qədər acınacaqlı olduğunu başqa nə ifadə edə bilərdi?!

Rusiya əsgərlər üzərindən Türkiyəyə çox açıq mesaj verir: mənimlə oyun olmaz. Ya dediyimi edəcəksən, ya da edəcəksən... (səni məhv edərəm). İki arada, bir dərədə qalan Türkiyə rəhbərliyi həm daxili, həm də xarici təhdidlərlə qarşı-qarşıya qalıb. Önümüzdəki aylarda həm daxildə, həm də Suriya cəbhəsində sərt qarşıdurmalar ola bilər. Allah milləti qorusun.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top