ANAR QARAXANÇALLI

Keyfiyyət yoxsa kəmiyyət

Keyfiyyət yoxsa kəmiyyət

ANAR QARAXANÇALLI

ABŞ Prezidenti Tramp möhürü əlinə alan kimi başladı asıb kəsməyə. Zəngin bir iş adamı kimi istədiyini edən bu zat, elə bilirdi ki, dövlət idarəsi də belə bir şeydir. Əmr edəcək, qalanları da yerinə yetirəcək. Amma ilk gündən divara dəydi. Düzdür, Tramp hələ divara dəydiyinin fərqində deyil. Qarşısına çıxan bütün maneələri zorla aşmağa çalışır. Bu şəkildə çox yol ala bilməyəcəyini bir gün o da anlayacaq.

Trampın müsəlmanlara qarşı viza qadağası ABŞ-ın əsas gündəminə çevrildi. On minlərlə müsəlman olmayan ABŞ vətəndaşları küçələrə axışdılar. Bu qeyri-insani, qeyri-hüquqi, qeyri-əxlaqi qadağanı protest etdilər. Minlərlə vəkillər könüllü olaraq aeroportlara gedib orada saxlanılan müsəlmanlara pulsuz xidmətlərini təklif etdilər. Boston, Nyu-York kimi şəhərlərin rəhbərləri hökumətə qarşı nümayişlərə dəstək verdilər. Bəzi federal məhkəmələr Trampın fərmanının icrasını dayandırılması istiqamətində qərar verdilər. Nəhayət, ABŞ ədliyyə naziri vəkili Salli Yeyts də bu qərara qarşı çıxdı. Tramp dərhal onu vəzifədən uzaqlaşdırdığını açıqladı.

Düşünün, Trampın müsəlmanlara qarşı qadağasına ABŞ-dakı xristianlar, yəhudilər, ateistlərlə yanaşı Almaniya, Kanada, İsveç kimi ölkələr də qarşı çıxırlar. ABŞ-ın Ədliyyə naziri belə Trampa qarşı çıxır. Amma Səudiyyə, Türkiyə kimi görünüşdə müsəlman ölkələrindən səs çıxmır. İlk dəfə müsəlmanlar, ya da müsəlman olduqlarını iddia edənlər 100% haqlı olduqları bir mövzuda səslərini çıxarmırlar. Necə də görünüşdə paradoksal bir vəziyyət var?!

Sonsuzluq anlayışı həmişə düşündürüb məni. İslam inancına görə, axirətdə hesab verən bütün insanlar əməllərinin qarşılığında ya cənnətə, ya da cəhənnəmə gedəcəklər. İnsanların sonsuz olaraq cəhənnəmdə qalması mövzusu beynimi çox qurcalayıb. Necə olacaq onların halı, bizim halımız...

Amma bu gün Yaxın Şərqdəki ölkələrin, insanların halına baxanda, hökumətlərin ikiüzlülüyünə dəfələrlə şahid olanda, öz-özümə deyirəm ki, cəhənnəm də bir ehtiyacdır. ABŞ-da bir rahibə, əlində bir şüar, üstündə, "mən də müsəlmanam" yazısı. Digər tərəfdə, milyonlarla adı müsəlman olan, özündə əxlaqdan, dürüstlükdən uzaq kütlələr. Sizcə hansı dəyərlidir? Məncə, o rahibə milyonlarla küt kütlədən, ikiüzlü liderlərdən daha dəyərlidir.

Torpağa milyonlarla toxum saçılır. Amma o milyonlarla toxumdan mində biri, bəzən də milyonda biri bəhrə verir. Bəhrə verən bir toxum milyonlarla torpaqda yox olan toxumlardan daha dəyərlidir.

Bu gün ölkədə, bölgədə, dünyada zahirən çox mənfi hadisələr baş verir. Əgər hadisələrə böyük bir krosvordun hissələri kimi baxsaq ümidsizliklərimiz sevinclə əvəzlənər. Trampın addımı zahirən müsəlmanlara qarşı olsa da, əslində, Qərb cəmiyyətində İslama qarşı xurafatları, mənfi rəyləri yerlə bir edir. Dünənə kimi İslama düşmən gözü ilə baxanlar belə öz evlərini artıq müsəlmanlara açmağa başlayıblar. Bu yaxınlaşma da təbii ki, ən çox, süni düşmənçiliyin çörəyini yeyən Yaxın Şərq liderlərinə sərf eləməz.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top