NAZİM MUSTAFAYEV

Həzrət Məryəm

Həzrət Məryəm

NAZİM MUSTAFAYEV

O xalqın qarşısına uşaqla çıxmaq istəmirdi. Ona ünvanlanacaq ittihamları çox yaxşı bilirdi. Gənc bir qadın olaraq o öz-özünə, “kaş bundan əvvəl ölsəydim, unudulub getsəydim” (Məryəm 19/23) demişdi. Qorxduğu başına gələcək, xalq onu kinayəli formada, həmçinin açıq şəkildə zina ilə suçlayacaqdı. Əslində burada xalqın, şəhər əhlinin imtahanından da söhbət gedirdi. Xüsusilə məbəddə Allaha ibadətə adanmış bir qadının atasız uşaq dünyaya gətirməsi yol verilməz bir hadisə idi. Belə bir suçun o dövrdəki cəzası ağır idi. Həzrət Məryəmi qucağında uşaqla görənlər dəhşətə qapılmışdılar.

İnsanların belə bir imtahana hazırlıqsız yaxalanmaları Uca Yaradanın (c.c) qoyduğu qaydalara zidd idi. Bu imtahanın işartıları, əmarələri olmalı idi. İnsanlara bu imtahandan mütləq bir çıxış nöqtəsi qoyulmuşdu. Sadəcə o günə qədər insanların dayandığı məqam və nəzər nöqtələri bundan sonra Həzrət Məryəmə nə deyəcəklərini, necə mövqe tutacaqlarını müəyyən etmişdi. O günə qədər Həzrət Məryəmi qəlbən həzm edə bilməyənlərin, onu bəyənməyənlərin əlinə fürsət keçmiş və bu fürsətdən istifadə etmişdilər.

Xalq Həzrət Məryəmə belə deyirdi: “Ey Məryəm! Sən çox əcaib bir şeylə (atasız uşaqla) gəldin! Çox çirkin bir iş gördün! Ey Harunun bacısı! Atan pis kişi, anan da zinakar deyildi!” (Məryəm, 19/27-28). Bu ifadələrin mənası belə idi: Sənin atan da, anan da bu cür əməl sahibi insanlar olmayıb. Nəsil və nəcabətin mənən üstün və fizələtli insanlardan ibarətdir. Belə bir soy-kökündən gələn bir qadın bu əməli necə işləyə bilər?

İnsanların Həzrət Məryəmin pis bir ailə mühitində yetişmədiyini, əksinə gözəl bir ailə tərbiyəsi aldığını etiraf edirdilər. Əslində hər kəs Həzrət Məryəmin iffətinin və təmizliyinin fərqində idi. Ancaq yüksək mənəvi keyfiyyətlərə sahib bir qadının atasız bir uşaq dünyaya gətirməsini heç cürə anlaya bilmirdilər. Bunun izahını, məsələyə açıqlıq gətirməsini məhz Həzrət Məryəmdən öyrənmək istəyirdilər. O isə susurdu.

Bəzən susmaq qəbul mənasına gəlir. Ancaq burada vəziyyət başqa idi. Həzrət Məryəm susma orucu tutmuşdu. Bəzən elə anlar olur ki nəyi isə danışaraq izah etməyə çalışmaq heç bir nəticə vermir. Danışdıqca məsələ daha da qəlizləşir. Belə vəziyyətlərdə susmaq, daha doğrusu susaraq cavab vermək ən ağıllı seçimdir. Həzrət Məryəm də susmuş, körpəsinə işarə edərək bu suallara onun cavab verəcəyini bildirmişdi. Uşağın danışması anasının danışmasından daha təsirli olacaqdı.

Həzrət Məryəmin yaşadığı dövrdə cəmiyyətin cinsi əxlaq baxımından yaxşı və pisi ayırd edə bildiklərini, dəyər ölçülərinin olduğunu görürük. Ancaq yenə də Həzrət Məryəmə iftira atmaları, onu zənn altında buraxmaları hələ tez idi. Axı o heç danışmamışdı. Onlar hələ məsələnin mahiyyətini bilmirdilər.

Allahdan bir möcüzə olaraq körpə dilə gəlib anasına iftira atanlara cavab vermiş, qeyri-məşru uşaq olmadığı bildirmişdi. Özünün Allahın bəndəsi və peyğəmbəri olduğunu demişdi. Anasının məsum və iffətli, hörmətə layiq bir qadın olduğunu söyləmişdi (Məryəm, 19/29-31).

Dünya keçmişdə olduğu kimi günümüzdə də namuslu qadınlara iftira atanlardan, insanlara zülm və əziyyətlər edənlərdən xali deyil. Əksəriyyətlə zülm və əziyyət edənlər cəmiyyətin kiçik bir hissəsi olur. Ancaq zülmə alqış tutanlar, zülmü görməzlikdən gələnlər, atılan iftira və böhtanları həqiqət kimi qəbul edənlər daha böyük kütləni təşkil edirlər. İkincilər tutduğu mövqeyə görə ən az birincilər qədər zülmdə iştirak etmiş sayılırlar.

Həzrət Məryəmin etdiyi işə görə cəzasını çəkəcəyini, ondan qurtulacaqları gözləyənlərin arzusu isə ürəklərində qalmışdı. Uşağın danışması elə gülcü təsir meydana gətirmişdi ki, anasının üzərindəki zənn oxları bir anda dağılmışdı. Anasının orada söz söyləməsinə ehtiyac buraxmamışdı. Hələ çox gənc olan Həzrət Məryəmdə qəm və kədərdən əsər əlamət qalmamış, bir peyğəmbər anası olaraq üzü gülmüşdü.

Həzrət Məryəm o dövrdə haqq dinin və haqq davanın təmsilçisi idi. Anaya kinayə dolu sözlərin söylənməsinə məhz bu möcüzə uşaq səbəb olmuşdu. Cənab Allahın (c.c) muradı belə olmuşdu ki, atılan iftiralara, böhtanlara da bu körpə uşaq cavab versin. Nəticə hasil olmuş və insanlar həqiqəti öyrənmişdilər.

Şübhəsiz ki, Quranın hər bir ayəsində müsəlmanların götürəcəyi dərs və ibrətlər var. Görəsən möcüzəvi bir şəkildə baş verən Həzrət Məryəm qissəsindəki bu hadisələrdən hansı dərs və ibrətləri götürə bilərik? Həzrət Məryəmin zənn və ittihamlar qarşısında susması, əvəzində isə qundakdakı körpənin danışması bizim üçün nə ifadə edir?

Günümüzdə Həzrət Məryəmin məruz qaldığı iftira və böhtanların, yanlış anlaşılmaların bəlkə də on və ya yüz qatına İslamın məruz qaldığını deyə bilərik. Bunun da səbəbini İslamda deyil, müsəlmanlarda axtarmaq lazımdır. Ayələrdən belə bir nəticə çıxara bilərik ki, Həzrət İsa (a.s) hələ qundaqda ikən anasının üzünü güldürdüyü kimi müsəlmanların da bu gün İslamın üzünü güldürməsi gərəkir. Bu gün bunun üçün qundanqda bir uşağın danışmağını gözləməyə ehtiyac yoxdur. İslamın üzünü ağ etmək Peyğəmbər (s.ə.s) yolunu getməklə, həyatımızda Onu (s.ə.s) nümunə almaqla mümkündür.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top