NAZİM MUSTAFAYEV

Kupi.cz

Kupi.cz

NAZİM MUSTAFAYEV

Artıq bir həftə olardı Praqada idim. Orada yaşayan bir dostum "Play Market"dən "Kupi.cz" adlı bir programı telefona endirməmi söyləmişdi. Programla tanış olduqdan sonra maraqlı bir xidmətin insanlara təqdim edildiyini gördüm. Bəlkə də bu proqramdan Praqada hər kəs istifadə etmirdi. Ancaq müştəriyə verdiyi fayda ortada idi. Bu yazıda qərara gəldim ki, həmin bu proqram haqqında danışım.
“Kupi.cz” proqramı çex dilindədir. Güman edirəm ki digər Avropa ölkələrində də eyni bu tərz proqramlara rast gəlmək olar. Məlum olduğu üzrə "cz" domeni də bu ölkəyə məxsusdur. Proqramın adı üzərində o qədər də dayanmayaq. Burada "Kupi.cz" deyil başqa bir isim də ola bilərdi.
Bu yazını yazmadan əvvəl biraz araşdırdım. Azərbaycanda “Kupi.cz” tərzində bir proqrama rast gəlmədim. Bakıda müştərilərə xidmət edən sifariş yönümlü proqramlar var. Oradan yalnız hər hansı məhsulu, orada təklif edilən qiymətə sifariş edə bilərsiniz. Ancaq “Kupi.cz” də olduğu kimi eyni məhsulun müxtəlif marketlərdəki qiymətlərinə müqayisəli baxmaq mümkün deyil. Praqada bir müştəri “Play market”dən endirəcəyi “Kupi.cz” proqramı ilə evində oturaraq onlarca market şəbəkəsindəki qiymətlərdən, endirimlərdən xəbər tuta bilər.
Praqada “Lidl”, “dm”, “Tescoma”, “Billa”, “Albert” və s. onlarca market şəbəkəsi fəaliyyət göstərir. Bunların Bakıdakı qarşılığı kimi “Bravo”, “BazarStore”, “Araz”, “Oba” və s. marketləri göstərə bilərik.
Gəlin belə bir misal verək… Evinizin yaxınlığında bir neçə market şəbəkəsi fəaliyyət göstərir. Pulunuza qənət etmək üçün almanız gərəkən bir məhsulun hansı marketdə daha sərfəli qiymətə təklif edildiyini bilmək istəyirsiniz. Bunun üçün gərək yaxınlıqdakı bütün market şəbəkələrini gəzəsiniz. Bu da yorğunluq və vaxt itkisi deməkdir. Belə olan təqdirdə yuxarıda bəhs etdiyim “Kupi.cz” tərzi bir proqram insanların köməyinə çatır.
Praqada insanlar bu proqramın daha çox “endirimlər” bölümündən istifadə edirdi. İnsanlar almaq istədikləri hər hansı məhsulun endirimli qiymətinin olub-olmadığını bu proqram vasitəsilə öyrənə bilirdilər.
Həm fərdi şəxslərin həm də restoran sahibləri kimi daha iri həmcli alış-veriş edənlərin marketdəki qiymətləri öncədən və dəqiq şəkildə bilmələri işlərini asanlaşdırır. Belə bir məlumat bazası ilə işləmək istər-istəməz insanların aylıq xərclərinin azalmasına da gətirib çıxarır.
Gəlin görək bizdə vəziyyət necədir? Bizdə ən yaxşı halda məhsulun qiymətini marketə gələrək vitrinə baxmaqla öyrənmək olar. Bəzən də elə olur ki, hər hansı məhsulun qiymətini onu vitrindən götürərkən deyil, kassada ödəmə əsnasında öyrənirik. Məgər qiymət vitrində yazıldığı kimi 2.75 azn deyil, 3.10 azn imiş! Məgər vitrindəki 4.50 azn köhnə qiymət, kassada önümüzə çıxan 4.99 azn isə yeni qiymət imiş! Vitrin və kassa aparatı arasında belə fərqlər ortaya çıxanda market çalışanları bunu texniki bir səhv olaraq izah etməyə çalışırlar.
Açığı “Kupi.cz”nin təqdim etdiyi belə bir xidmətlə ilk dəfə tanış olurdum. Bir ara düşündüm ki, görəsən bu cür xidməti insanlara təqdim etmək hardan ağıllarına gəlib?
Bizdə belə bir məlumat bazası ümumiyyətlə yoxdur. Marketlər belə bir məlumat bazasını mütəmadi olaraq müştərilər ilə paylaşmaqda maraqlı deyillər. Öyrənmək istəyən hər bir marketin saytına girərək əgər varsa qiymətlərə oradan baxa bilərlər. Ya da daha dəqiq bilgini marketə gələrək vitrinlərdən öyrənə bilər. Bu da olmazsa məhsulu almaq üçün kassaya yaxınlaşanda satıcı qız dəqiq qiyməti deyəcək!
Bəzən market çalışanları eyni məhsulun digər marketlərdə hansı qiymətə qoyulduğunu öyrənmək üçün “kəşfə” çıxırlar. “Kupi.cz” sayağı bir proqramla işləmək market çalışanlarının işini də asanlaşdıracağını demək olar. Belə bir məlumat bazası ilə işləyəndə qiymət öyrənmək üçün qonşu marketləri “kəşfə” çıxmağa da ehtiyac qalmır.
Nəticə olaraq deyək ki, “Kupi.cz” proqramını bu sahənin ən mükəmməli saymaq olmazdı. Bundan daha mükəmməl proqramlar da ola bilər. Ancaq işin gerçək tərəfi market şəbəkələri olaraq biz hələ bu proqramın təqdim etdiyi xidmət səviyyəsini yaxalaya bilməmişik.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top