SƏMƏD MƏLİKZADƏ

Ürəklər bahara köklənib

Ürəklər bahara köklənib

SƏMƏD MƏLİKZADƏ

Sizi bilmirəm, mənim üçün baharın gəlişi günün uzanması ilə başlayır. Elə ki, səhər işə, axşam evə tələsirəm və gün hələ işıqlı olur, fikirləşirəm: deməli, ağrı-acılı, çətin günlərin ömrü gödəlib. Belə günlərdə dünya insana daha ümidli, daha şirin görünür. O anlarda, saatlarda ömrün ötən illərində itirib gəldiyim arzularım yenidən çağlayır, ağaclar qəlbimdə tumurcuqlayır, təbiət cilvələnir...
Bu qış arzu olunan kimi keçdi. Kiçik çillə nə bələkdəki körpəyə, nə də qarının keçilərinə xətər yetirə bildi. Kasıblar da qışın davranışından razı qaldılar və Allaha duaçı oldular. Gözümüz doyunca qar görmədi, şaxta barmaqlarımızı sızlatmadı. Aranda yağan qar da yerdə qalmadı. Bu isə əkinçiləri narahat etdi. Çünki qar və şaxta olmayanda ziyanvericilər əkinlərə ciddi ziyan verir...
İndi boz aydı. Amma boz ay da ipə-sapa yatan deyil, ha. Fikrini tez-tez dəyişən adamlar kimidi. Bir də gördün tufan qopdu... Amma nə illah eləsə, ömrü gödək, arxası yazdı. Bu günlərdə yağan qar nə yerdə qalasıdı, nə də qatı duman dağlarda. Elə ki, ilıq yaz küləyi əsdi, düz-dünya cənnətə dönəcək. Çərşənbələrin çoxu arxada qaldı. Bir azdan dağların əlçatmazlarında xarlanmış qar da sulanacaq, selə-suya dönüb özü ilə birgə torpaqlarımıza bərəkət səpəcək...
İndi hər bir evdə, imkan olan qədər, bayram şirniyyatı - şəkərbura, paxlava, şorqoğalı, badambura və sair bişirilir. Allah hər bir ailənin süfrəsinə bərəkət qismət eləsin.
Bir vaxtlar nənələrimiz xalça-palazı Novruzadək kəsmək üçün gecəni-gündüzə qatardılar. Yun darayar, cəhrəni işə salıb iplik hazırlayardılar. Cəhrə səsinə bir az zarafat, bir az gerçək oxuyardılar:
Gülmalının yanı cırıq,
Əyir cəhrəm, əyir.
Kəndxudanın zatı qırıq,
Əyir cəhrəm, əyir.
Uşaq qaldı tumançaq,
Əyir cəhrəm, əyir.
Gəlin qaldı yalıncaq,
Əyir cəhrəm, əyir...
Baharın nəfəsi arabir adamı vurur. Gəlişi qəlbimizdə müşküllərimizi inamla, fədakarlıqla həll etmək ümidi oyadır. Günəş qəfil bir neçə saatlığa gülümsəyəndə adam üstündəki "qış yükü"nü soyunub atmaq, şəhərdən kənara çıxmaq həvəsinə düşür.
Yəqin çoxları mənimlə razılaşar ki, hər il baharın gəlişini yaddaqalan etmək, təbiri-caizsə, tarixləşdirmək üçün ən yaxşı iş, əməl  yazağzı ağac, gül kolları əkməkdi. Çünki bu, hər kəsin torpağın sinəsində izi deməkdi. Buna görə də imkanı olan hər bir soydaşımız bu günlərdə ağac, gül əkməyi və onu becərməyi unutmamalıdı.
Ağac sağlamlıq, gözəllik, sərvət mənbəyidi. Oxuyub öyrəndiklərimdən yadda qalan budur ki, meşə və meşəətrafı sahələrə, bitki örtüyü zəif ərazilərə nisbətən, təqribən 50 faizdən çox yağıntı düşür. Bir hektar ağaclıq ildə 3 tondan 6 tonadək zəhərli qazları udur. Böyük bir ağac saatda, təqribən, 1,5-1,7 kiloqram oksigen buraxır. Bu isə 72 insanın surka ərzində oksigenə olan ehtiyacını ödəmək deməkdi.
Ağaclar həm də qida mənbəyidi. Ağaclarda yetişən meyvələr ilboyu yalnız insanlar deyil, yüzlərlə canlı tərəfindən də yeyilir. Quşlarla yanaşı, bir çox canlılar elə ağacın kök və budaqlarında yaşayıb, çoxalırlar... Bəzən min əziyyətlə böyüdülən insan bir ağac qədər cəmiyyətə xeyirli olmur. Bütün bunlara görə, Peyğəmbərimiz Həzrəti Məhəmməd buyurub: "Görsən ki qiyamət qopur, əlindəki fidanı torpağa basdır".
Torpağın sinəsi isindikcə əkinlərə, bağ-bağçaya ürək rahatlayan təravət yayılacaq. Zəmilər sanki, bir göz qırpımında boy atacaq. Düz-dünya çiçək "yağış"ında çiməcək. Baharın gəlişinə, bəlkə də, hamıdan çox sevinən əlini, ürəyini əkinə-biçinə hazırlamış insanlar olacaq. Günəş gülümsəyən, torpaq isinən kimi onlar toxumu götürüb şum üstünə çıxacaqlar.
Gün kürəyimizi tərlədəndən sonra hər kəs harasa getmək həvəsinə düşəcək. Yəqin onda  dostum və qaradaşım Əli bəylə qış uzunu şirin-şirin planlaşdırdığımız səfərimiz, inşallah baş tutacaq.
Allah hamınızı arzularınıza qovuşdursun, ağrılı, nisgilli günləriniz arxada qalsın. Daha bahara nə qaldı ki...

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top