NAZİM MUSTAFAYEV

Fironun yanında böyüyən uşaq -2

Fironun yanında böyüyən uşaq -2

NAZİM MUSTAFAYEV

Ana körpəsini zənbil içərisində Nilin axarına buraxsa da qızını onu təqib etmək üçün göndərmişdi. Zənbil yavaş-yavaş Fironun sarayına tərəf gəlirdi. Nəhayət saray adamları zənbili görmüş və onu sudan çıxarmışdılar. Əslində bu bir tərəfdən sevincli bir xəbər ola bilərdi. Axı uşağı kimlərinsə görməsi və sudan çıxarması lazım idi. Ancaq xəbər anasına çatanda çox qorxmuş, ən pis halın başına gəldiyini düşünmüşdü. Firon məhz o uşağı axtarırdı. Körpəsinin Fironun əlinə düşdüyünü bildikdən sonra ana az qala saraya gedərək: “Bu uşaq mənimdir!” deyəcəkdi.
Ancaq işin başqa məqamları da var idi. Zənbil içərisində çay aşağı hərəkət edən körpəni başqaları görmüş olsaydı yenə də öldürülmə ehtimalı var idi. Yenə də Fironun caynağından qurtula bilməyəcəkdi. Cənab Allah körpənin məhz Fironun himayəsində böyüməsini murad etmişdi. Uşaq üçün ən təhlükəsiz yer kimi məhz ora seçilmişdi.
Sarayın sadiq nökərləri körpəni dərhal öldürmək istəmişdilər. Ancaq Fironun xanımı Asiyə o günə qədər uşağı olmayan və övlad həsrəti çəkən bir qadın idi. Zənbildəki şirin körpəni görəndə analıq duyğuları qabarmış və Quranın ifadəsi ilə belə demişdi: “Bu uşaq mənim də, sənin də göz bəbəyimiz, gözümüzə sevinc olsun. Onu öldürməyin. Ola bilsin ki, o böyüyəndə bizə bir fayda verər, yaxud da onu oğulluğa götürərik!” (Qəsəs, 28/9). Rəvayətə görə bu sözlər qarşısında Firon xanımı Asiyəyə beli deyir: “Sənin üçün göz aydınlığı olsun. Mənim üçün deyil”.
Fironun röyasında gördüyü uşağı artıq anaların bətnində axtarmağa ehtiyac qalmamışdı. Çünki o uşaq artıq sarayda idi. Bir tərəfdə Fironun bütün əsgərləri, cssuslar şəhərdə “uşaq ovu”na çıxır, digər tərəfdə isə axtardıqları o balaca körpə özünü müdafiə etməkdən aciz bir şəkildə sarayda Fironun qucağında idi. Asiyənin analıq duyğusu və onun qəlbindəki sevgi Fironun qatılığı və sərtliyini əritmişdi.
İllər əvvəl Fironun gördüyü röya yavaş-yavaş gerçəkləşirdi. Halbuki o uşaq dünyaya gəlməsin deyə “ölüm qanunu” çıxarmışdı. O günə kimi nə qədər uşaq öldürülmüşdü! Röyasında gördüyü Musa dünyaya gələr gəlməz məhv edilməli idi. Musa bunlardan birisi ola bilər deyə minlərcə uşağın canına qıymışdı. Ancaq nə çarə… Firon artıq sarayın yeni sakini üçün süd anası axtarmağa başlamışdı. Bu körpəyə süd verəcək bir qadın lazım idi.
Fironun xanımı Asiyə körpəni əmizdirmək üçün süd anaları axtarıb tapsa da, körpə heç bir süd ananın döşünü ağzına almadı. Balaca və zəki qızcığaz saray əhlinin qardaşı Musa üçün süd anası axtardıqlarını anlamışdı. Onlara yaxınlaşaraq belə dedi: “Sizin üçün o uşağa süd verəcək və onunla yaxşı davranacaq bir ailəni sizə xəbər verimmi?” (Qəsəs, 28/12). Cənab Allahın tədbir və planı belə idi… Körpəni əmizdirmək və ona baxmaq üçün yenidən öz anasına veriləcəkdi. Ancaq uşağın öz anasına verildiyini heç kəs bilmirdi. Öldürülməsindən qorxaraq ananın çaya buraxdığı uşaq bir gün sonra bəxşiş və hədiyyələr müqabilində süd əmzirməsi üçün yenidən ona qaytarılırdı.
Cənab Allah bir nəticəni ortaya çıxarmadan əvvəl ona gedən səbəbləri yaradır. Körpənin çaya atılması, Firon ailəsinin uşağa isti münasibət göstərməsi, körpənin heç bir süd anadan süd əmməməsi təsadüfən baş vermiş ola bilməzdi. Bütün bunlar: “Biz onu sənə qaytaracağıq…” (Qəsəs, 28/7) ilahi vədinin gerçəkləşməsinə, uşağın öz anasının “süd anası” olaraq seçilməsinə səbəb olan hadisələrdi.
Nəticə olaraq deyək ki, bu qissədə tərəflər arasındakı güc fərqini müqayisə etməyə ehtiyac yoxdur. Bir yanda üç aylıq körpə və onun bağrı-yanıq anası. Digər yanda isə Firon və onun səltənəti, əmrinə tabe olan əsgərləri və s. Nəticədə isə üç aylıq körpə qalib gəlir. Ananın və körpənin üzərində dolaşan bütün qorxu buludları dağılır. Firon isə uşağa süd verməsi müqabilində anasına yüklü miqdarda hədiyyələr verir. İllərlə davam edəcək Musa və Firon mücadiləsi hələ ilk başdan Musanın qalibiyyəti ilə nəticələnir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top