Bu yazıda Həzrət Musanın dünyaya gəlişi və uşaqlığı ilə bağlı bəzi məqamlara toxunmaq istəyirəm. Qəsəs surəsinin 7-13-cü ayələrində bəhs edilən bu hadisələr müşriklərin hücum və basqılarının artdığı Məkkədəki son dövrdə nazil olmuşdur. Mədinəyə hicrətdən əvvəlki bu dövrdə səhabələrin ümumiyyətlə can güvənliyi qalmamışdı. Belə bir dövrdə Fironun caynağından qurtulan Həzrət Musanın həyatından bəhs edilməsi səhabələrə çıxdıqları yolun qədərindən xəbər verirdi. Məkkədəki möminlər, qissədə anladılan İsrailoğullarının vəziyyətində idilər. Allah onları zülmətdən nura çıxardığı kimi səhabələrə də bir çıxış yolu verəcəkdi.
Bir dərzi əyninə tikəcəyi paltarın ölçülərini almaq üçün insanı dəfələrlə oyan-buyana çevirdiyi kimi Uca Yaradan da (c.c) yükləyəcəyi missiyanın ağırlığına görə başda peyğəmbərlər olmaqla insanları sınağa çəkib imtahan edirdi.
Həzrət Musanın dünyaya gəlişi, anasının onu səbət içərisində çaya buraxması, aradan bir gün keçmədən Fironun himayəsində yenidən anasına qaytarılması və s. hadisələri masaya yatıranda görürük ki, baş verən hadisələr içərisində Uca Yaradanın qüdrət əli var. Burada hər bir hadisə səbəblər çərçivəsində baş verib. Ancaq bütün səbəblər bir məmur kimi Cənab Allahın (c.c) iradə buyurduğu nəticəyə aparıb. Belə olan halda Cənab Allahın iradasi ilə savaşmaq olarmı? Onun “ol” dediyi şeyin qarşısını almaq mümkündürmü? Əslində bizim həyatımızda da hər şey səbəblər çərçivəsində baş verir. Ancaq öz həyatımızda kimi zaman səbəblər pərdəsinin arxasındakı Uca Yaradanın qüdrət əlini hiss edə bilmirik. Zənnimcə bu qissə bizə bu pərdə arxasındakı hər zaman var olan həqiqi güc sahibini hiss etməmizə yardımcı olur.
Misirdə ikinci hətta üçüncü sinif vətəndaş mövqeyində olan israiloğullarının sayı hər il daha da artırdı. Bunu görən Firon və əyan-əşrafı təşvişə qapılmış və onlara qarşı ölüm fərmanı çıxarmışdılar. Firon ümumiyyətlə israiloğullarını iqtidarı üçün təhlükə görür, nəsillərinin artmasını, onların çoxalmalarını istəmirdi. Röyasını yorumlayan kahinlər də ona israiloğullarından bir nəfərin tax-tacını yıxacağını demişdi. Bu səbəblə hamilə qadınlar izlənir, dünyaya oğlan uşağı gələrsə Fironun əsgərləri qundaqdakı bu körpələri öldürürdü. Bir mənada burada bir soyqırımı yaşanırdı…
Bir müddət sonra bu gedişatdan özləri də narahat olmağa başlamışdılar. Əgər belə davam etsəydi israiloğulları tamamilə məhv olacaqdı. Onların gördüyü fiziki və ağır işləri özləri görəcəkdilər. Beləcə yeni doğulan oğlan uşaqlarını bir il öldürmək digər ili isə öldürməmək qərarına gəlirlər.
Həzrət Musa oğlan uşaqlarının öldürüldüyü il dünyaya gəlir. Anası üçün ən arzu olunmaz hal balaca körpəsinin Fironun əsgərlərinin əlinə keçməsi idi. Ancaq sarayın xəbəri olmadan, saraya xəbər daşıyanların gözündən uzaq bu körpəni necə böyüdə bilərdi? Rəvayətlərə görə anası onu doğumdan sonra üç ay əmzirmişdi. Firon hər yerə casuslar göndərir yeni doğulan uşaqları israrla axtarırdı. Ana artıq körpəsini qorumaqdan da aciz qalmışdı.
Quranda qucağındakı körpəsi ilə çıxılmaz vəziyyətdə qalan bu ananın vəziyyəti barədə belə deyilir: “Biz Musanın anasına bildirdik: “Onu (Musanı) əmizdir; elə ki ondan ötrü qorxdun, onu dəryaya (Nil çayına) at. (Uşağın suda boğulacağından) qorxma və (ayrılığına da) kədərlənmə. Biz onu sənə qaytaracaq, özünü də peyğəmbərlərdən edəcəyik!” (Qəsas, 28/7) Nə qədər çətin olsa da ana qəlbinə doğan bu ilhamı yerinə yetirəcəkdi. Bir tərəfdə ananın önündə uşağın qəti olaraq ölümü dayanmışdısa digər tərəfdə uşağın başqaları tərəfindən alınması və yaşama ehtimalı var idi. Anası su keçirməyən bir zənbil düzəldərək körpəsini onun içinə qoydu və Nil çayının axarına buraxdı. Burada ananı təsəllisi edən yeganə səbəb: “Biz onu sənə qaytaracağıq” (Qəsas, 28/7) buyuruğu idi.
Bir yanda hansı evdə hansı uşağın dünyaya gəldiyini bilmək üçün doğuma kömək edən qadınlar sorğu-suala çəkilir, bir yanda isə axtarılan körpə Nil çayı ilə axaraq onun sarayına doğru gəlirdi.
Mövzuya davam edəcəyik…

NAZİM MUSTAFAYEV
Fironun yanında böyüyən uşaq -1-