SƏMƏD MƏLİKZADƏ

Yaltaqlar haqqında "ballada"

Yaltaqlar haqqında "ballada"

SƏMƏD MƏLİKZADƏ

- Sabah müdirün yubileyidi. Gərək yaxşı bir hədiyyə alıb evinə gedim...
- Direktorun yeni kitabı çıxıb. Geniş məqalə yazıb çap etdirim ki, beynəlxalq konfransa məni göndərsin.
- Dünənki toyda naziri tərifləməyimi ona çatdırıblar. Bəlkə də məni yeni kreslo gözləyir. Qoy vəzifə stulunda oturum, bəzilərinin anasını ağlar qoyacam...
- İdarədə camaatın xeyrinə olan məsələnin müzakirəsində fikrimi bildirməyəcəyəm, düşər-düşməzi olar...
 Yəqin ki, yuxarıda yazılmış cümlələri oxuyan kimi həmin fikirlərin yaltaq, yalaq adamlara məxsus olduğu qənaətinə gəldiniz. "Yaltaq" və "yalaq" sözlərinin mənasını bəziləri dəqiq bilməsə də, onların hansı əməl sahibləri olduqlarını dediklərindən dərhal başa düşürlər.
 Yaltaqlar cəmiyyətin sinəsində qarayaradır. Onlar həm buqələmun, həm tülkü, həm də ilk baxışda diqqət çəkməyən goreşənlərdir. onlara daha nə ad desən vermək olar: mindilli, ikiüzlü, manyak. Təəssüf ki, onlar bəzən alçala-alçala yüksəlirlər. Bu yüksəliş isə nəinki bir kollektivi, bir rayonu, bir nazirliyi, hətta bir hökuməti pis günə qoyur, neçə-neçə günahsız insanın həyatını məhv edir. Belələri bütün cəmiyyətlərdə olub və bu gün də az deyil. Bəzən oğrular haqqında deyirlər:"Onların vətəni olmur". Əslində bu ifadə yaltaq və yalaq adamlara daha çox yaraşır.
 Yaltaqlıq cəmiyyətin əxlaqını zədələyən ən qorxulu mikrobdur. Görkəmli şəxsiyyətlərdən biri deyib ki,  yaltaqlar əhliləşmiş heyvanların ən təhlükəlisidir. Yəqin belələrinə siz də az rast gəlməmisiniz. Baxırsan ki, gözəl qələm sahibi, yaxud görkəmli alimdi,  aktyordu, ancaq bədbəxt yaltaqdı. Görürsən ki, millət vəkilidi, sinəsində Azərbaycanın üçrəngli bayrağı olan nişanı gəzdirir, təəssüf ki, əksər çıxışları adamı iyrəndirir. Bütün dedikləri üfunət qoxuyur: lıqqadı, püfdi, xalqın istəklərindən, həlli vacib problemlərdən danışmaq əvəzinə ona-buna yalaqlıq edir. Gözəl şairimiz Musa Yaqub aşağıdakı misraları belələri barədə yazıb: 
Hardasız, hardasız, insan adamlar?
Ah, bu cin adamlar, seytan adamlar,
Ah, bu şər adamlar, böhtan adamlar
Bu yalan adamlar, ilan adamlar,
Bu çalan adamlar öldürdü bizi.
 
Bu qədər isıqlı göllər yanında,
Çiçəklər yanında, güllər yanında,
Baxçalar yanında, bağlar yanında,
Bu qədər ucalan dağlar yanında,
Bu alçaq adamlar, calaq adamlar,
Bu alaq adamlar, yalaq adamlar,
Bu yamaq adamlar öldürür bizi...
Bax, həmin adamlar Allahın ona bəxş etdiyi istedadı, illərlə qazandığı biliyi, savadı görün nəyə sərf edir. Beləsinə adamın daha çox acığı tutur. İstər-istəməz ürəyindən bu fikir keçir ki, ay zalım oğlu, gör sən nə qədər vicdansızsanki, Allah-Təalanın verdiyi dəyərli neməti hansısa oğrunun, dələduzun, mənəviyyatsızın tərifinə sərf edirsən, onlara məddahlıq edirsən. Nədi-nədi mükafat, vəzifə alasan, arvadını haram tikə ilə dolandırasan. Bəs, sənin mənliyin, vüqarın, şəxsiyyətin...
 Neçə il əvvəl işlədiyim idarədə bir iş yoldaşım vardı. İşgüzarlığına söz ola bilməzdi. Amma qorxaq və yaltaq idi. Belələri az-az olur. Mənə qəribə gələn bu idi. Bir dəfə əməkdaşlardan birinin məsələsi müzakirə edilirdi. Müdir əvvəlcə həmin şəxsin işdən çıxarılması barədə təklif verdi. Bu təklifii ilk dəstəkləyən də həmin işgüzar yoldaşımız oldu. Bir neçə nəfər etiraz etdikdən sonra müdir fikrini dəyişdi. Həmin şəxs də yenə müdiri dəstəklədi. İclasdan sonra onu bu hərəkətinə görə məzəmmət etdim. Qayıdıb mənə nə desə yaxşıdı? Dedi ki, el məsəli var: "Ağrımayan başına niyə dəsmal bağlama" ... Deməli, bu adama yuxarıdan kim desə ki, filankəsi həbs edək, deyəcək ki, edin. Bir az sonra qayıdıb desələr ki, yox onu mükafatlandıraq, yenə etiraz etməyəcək.
 Həmin yoldaşımızın riyakarlığı çoxlarında ona qarşı nifrət yaratmışdı. Başqa cür çıxmasın, həmin adamcığaz mənə əl verəndə tez gedib əlimi sabunla yuyurdum.
Yaltaqlıq çox zaman  qorxudan və nəfsin ucbatından intişar tapır, cücərir, qol-budaq atır. Bu işdə, təbii ki, mühitin rolu da böyükdür. O yerdə ki, ədalət və həqiqət hamı üçün meyar kimi qəbul edilir, orada yaltaqlıq boy ata bilmir. Təəssüf ki, müasir cəmiyyətdə yaltaqlıq sanki titula çevrilib. Hər yerdə, hər sahədə çeşid-çeşid yaltaqlar yetişib. Məsələn, guya xalqın sevib-seçdiyi Milli Məclisdə oturan millət vəkillərinin xeyli hissəsinin çıxışına qulaq asanda seçicilərin hansı hisslər keçirdiyini yaxşı duymaq olar. Yaxud, birini hansı rayonasa icra hakimiyyətinə başçı təyin edirlər. Həmin şəxsin əhali ilə rəftarından, danışığından belə çıxır ki, rayonu buna bağışlayıblar. Yeni başçının düzgün olmayan fikirlərinə etiraz edən birisi, lap işgüzar və bacarıqlı mütəxəssis olsa da belə, tutduğu vəzifədən uzaqlaşdırılır. Mühüm postlara hər zaman "bəli", "baş üstə" deyənlər gətirilir. Gəl indi orada sağlam mühit haqqında danış. Yox, icra başçıları arasında tək-tük sağlam düşüncəyə arxalanan, haqqı-nahaqqa verməyən adamlar da var. Ancaq onlar, nədənsə, bu vəzifədə çox işləyə bilmirlər. Belələri tikanlıqda bitən gül kolu kimidir və vətənin, xalqın həmin insanlara böyük ehtiyacı var.
 Bəli, yaltaqlarımızın sayı çoxdur, lap çox. Siyahıyaalma aparılsa, dünya qəhqəhə çəkib bizə gülər və bu sahədə biz liderlər sırasına düşə bilərik. Harada yetişir bu yaltaq və yalaqlar, hansı dövrün məhsuludu onlar?  Ömrünün son illərini yaşayan qocalar da,  yeniyetmə və gənclər də var onların arasında.
 Bəzən biri deyir ki, mən yaltaqlıq etmirəm, hörmət edirəm. Ancaq başa düşmür ki, belə demək olarsa, yaltağın gözə görünməyən quyruğu var. Haçan ki, hörmətlə yaltaqlığın arasındakı sərhəd keçilir, o zaman həmin quyruq aydın görünür...
 Monqol xalqının bir atalar sözü var: "Dünyada üç şey qorxuludur - bıçaq uşaq əlində, hakimiyyət axmaq əlində, tərif yaltaq dilində". Allah  bizi hər üçündən qorusun.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top