RAHİB ALPANLI

Ərk

Ərk

RAHİB ALPANLI

Ərk etmək də Ərk qalası kimi köhnəlib. Bir zamanlar bir adama ərkyana şillə də vursaydın eybi yoxdu. Adam səhvini düzəldib, sənə minnətdarlıq edərdi. İndi az qala heç öz övladına da ərk edə bilmirsən. Şəxsən mənə, ərkin adını çox eşitsəm də, dadını bilmək hələ nəsib olmayıb. Bəlkə də elə buna görədir ki, qələmim bir zamanlar “İstəmə” rədifli belə bir şeir yazıb:

Dəli könül, al səhərdən,

Qərib duman, çən istəmə.

Dünya şirin bal, şəkərdən,

Yalvarsa da, sən istəmə.

***

Qoy axsın alnımın təri,

Zər canım, ara zərgəri.

Ucal, uca zirvələri

Öz boyuna tən istəmə.

***

Nə ağla, nə döy başını,

Sünbül kimi əy başını,

Əzizlə dost-qardaşını,

Bircə saman, dən istəmə...

***

Yenə göydən ulduz axdı,

Sönüb getdi kimin baxtı?

Rahib, bil ki, ölüm haqdı,

Şəhid ol, kəfən istəmə!

***

Hər şeyin növü, çeşidi olduğu kimi, ərkin də növləri, çeşidləri var. Məsələn, bir qulaqburması mənasını daşıyan ərk var, bir də var xəcalət verən ərk və s.

Ərk ilk baxışda zarafata da oxşayır. Deyilənə görə, zarafatın əlli faizi gerçəkdir. Belə çıxır ki, ərk zarafatdan əlli faiz artıqdır. Bunu biz ötən əsrin sonunda, 1990-ci ilin 20 yanvarında əyani şəkildə gördük. Alman faşizminin yenilməz kimi görünən ordusunu bizim neft adlı qanımız və minlərlə vətəndaşımızın canı hesabına məğlub edən Rusiya ordusu faşistlərin belə rəva görmədiyi bir tərzdə, ərkyana, silahsız vətəndaşlarımızın üzərinə ağır texnika yeritdi, ən dəhşətli güllə ilə atəş açdı. Günahkaları, erməni terroristlərini ətəyi altında gizlədib, günahsızlara, terrora məruz qalan bizlərə verdiyi günlərlə davam edən ərkyana “qulaqburması” Azərbaycanın ürəyinə sağalmaz dağlar çəkdi.

Ərklə çox işlər görülüb, elə bu gün də görülməkdədir. İstəyirəm ərk eləyib bir uzaq keçmişə, uşaqlıq illərinə səyahət edim.

O illərdə demək olar ki, bütün məsul vəzifələrdə müharibə veteranları işləyirdi. Müharibə illəri kişilərin əksər hissəsini udmuş, o qanlı-qadalı dövrün uşaqları da hələ böyük vəzifə daşımaq həddinə çatmamışdı və ya hələ təhsil alırdılar. Veteranlar hər sahəyə hakim idilər. Sovxozun direktoru, kənd soveti sədri, briqadirlər, sahə qaraulları – hamı veteranlar idi. Böyük hörmətlə əhatə olunan, od-alovun içindən çıxmış bu insanların bəziləri haqqında zarafatyana “almanı kinolarda görən, rus arvadlarının podavallarında (zirzəmilərində) yatıb gələnlər” olduğunu deyənlər də vardı. Kim olur-olsun, veteranlar çox ərkli idilər.

***

Dövrümüzün bütün kənd uşaqları kimi bizlər də ayağımız üstündə durmağı bacaran gündən ata-anamıza kömək etməyə başlamışıq. Yeni qurulmuş sovxoz sistemi öz yenilikləri ilə ölkənin hər yerində özünü göstərməkdə idi. Dədə-baba meyvə bağları, kəndin ətrafındakı örüşə yararlı kolluqlar, meşə zolaqları məhv edilir, yeni bağlar, əkin sahələri yaradılırdı. Getdikcə mal-qara, qoyun-quzu saxlamaq üçün ərazilər kiçililir, dəstə-dəstə qoyun-quzu saxlayan uşaqların işi də ağırlaşırdı. Briqadirlər, sahə qaraulları bizlərə göz verib, işıq vermirdilər. Elə bilirdik ki, onların hər şeyə gücləri çatar, hətta bizi öldürməyə də. Axı onlar o boyda “nemes” ordusunu darmadağın etmişdilər.

***

Örüş yerləri daraldıqca biz də qoyun-quzumuzu əkin, bağ kənarlarında, çaylaqlarda, meşə talalarında saxlamağa məcbur olurduq. Sahələri at belində gəzməyə çıxan briqadir və sahə qaraulları bizləri belə yerlərdən qovub çıxarar, öz ötkəmlikləri ilə sanki, “göy Allahın, yer bizimdir” deyirdilər. Dəstəmizdə Ağa adlı oğlan vardı. Bizdən bir neçə yaş böyük olan Ağa çox güclü, qorxmaz və cəsarətli idi. O, öz yaşıdlarından da fərqlənirdi. Atasız böyüyən Ağanı çətinliklərə dolu həyat erkən, yaşından əvvəl böyütmüşdü. Əslində Ağanın atası vardı. Anası elə bu meydan sulayan veteranlardan biri tərəfindən aldadılmış və ata öz oğlundan imtina etmişdi.

***

Bir gün yenə sovxoz bağının yaxınlığında qoyun-quzularımızı otarırdıq. Başımız oyuna qarışıb bir-iki heyvanımız sovxoz bağına girmişdi. Elə bil, briqadirə xəbər vermişdilər. Bir də gördük ki, briqadir əlindəki vələs çubuğunu yelləyərək bizləri dırnaqlayıb toza çevirmək istəyən atın belində üsütümüzə cumdu. Ən çox işlətdiyi “köpək uşaqları” söyüşünü nəfəs almadan təkrarlayan briqadir birdən atını Ağanın üstünə çapdı: - Anası “... “, bunların başbiləni sənsən? – deyib, əlindəki uzun vələs çubuğunu onun başından aşağı endirdi. Ağa çubuğu bir an içində tutub, briqadiri özünə necə çəkdisə, at pələngin pəncəsindən son anda qurtulan şikar kimi çırpınıb özünü düzəltdi, az qaldı ki briqadiri də altına alaraq yanı üstə yıxılsın. Güclə özünü ələ alan briqadir: - Yaxşı, yaxşı, bunu sənə bağışalmayacağam, - deyib aradan çıxa bildi. Ağa da arxasınca ucadan, hamımızın gülüşünə səbəb olan: - Get ağana şikayət elə. Bir daha belə hərəkət eləsən, meyidini sarıyacağam yabının belinə, podvalda yatıb gələn oğraşın biri, - deyib, qollarını qarnının üstündə çarpazlayıb, gözləri yaşarıncaya qədər güldü.

***

Bir azdan Ağa dərin xəyala daldı. Briqadirin onun anası haqqında dediyi nalayiq söz ona dərd olmuşdu, deyəsən. Dayılarının ona anasını ölüdrüb, vicdanını təmizləmək təklifi düşmüşdü yadına. Bundan xəbər tutanda nənəsi onu sakitcə qarşısında oturdub demişdi: - Bala, dayıların qələt eləyir. Sənin baban müharibədən sağ-salamat demirəm, qollarından, qıçlarından birini belə itirib qayıtsaydı, belə işlər baş verməyəcəkdi. Bu veteranların əksəriyyəti ananın atasının əlinə su tökməyə layiq deyillər. Həyətlərində uzunqulaq anqırmayanlar indi at üstündə Firon sevdası ilə yellənirlər. Nə etmək olar? Odunçu da meşədən düz ağacı kəsib gətirir, qadan alım. Baban düşmən gülləsinə bəzi yalançı veteranlar kimi şəhadət barmağını deyil, sinəsini sipər edib. Sənin anan qız vaxtı aldanıb, bala, oğul-uşaqlı qadınlar, Allah qorusun, yollarını aza bilir. Dayıların bu qədər təəssübkeş adamlardı, bacılarını aldadan o alçağın payını verəydilər vaxtında. Anan səni doqquz ay qarnında gəzdirib, səni tələf etmək üçün göstərilən bütün təzyiqlərə, hədələrə baxmayaraq hər şeyə dözüb, bu yaşa çatdırıb. Mən sənin anana inanıram. Sən də inan. O, əxlaqsız qadın deyil. Ağzını bir dəfə süd yandıran sonra ayranı da üfürə-üfürə içər. Mənim qızım halal zəhməti ilə dolanan, kişi kimi qadındır. Anası daş doğaydı Hitlerin yerinə. Müharibə evləri təkcə top-tüfənglə yıxmır ki. Mənim qızım kimi aldananlar da, başsız qalmış qadını başdan çıxaranlar da, həyat yoldaşının qara kağızını alan kimi ərə gedən, ərinin cəbhədən sağ-salamat gəldiyində nə edəcəyini bilməyənlər də olur. Dayıların onları hansı çətinliklərlə böyütdüyümü unudublarmı? Qadın canımla soğan, kartof, kələm sahələrinə qaraulluq eləmişəm, yarı ac, yarı tox. Öz payıma düşən əl boyda çörəyi yeməyib, təzədən balalarım arasında bölüb, günlərimi ac qarına keçirmişəm. Yeməyim övladlarımı daha bir gün də yaşada bilməyimin sevinci olub. Yüyürək at haqqında çox şey deyərlər. Sənin ana qatili olmağına dözə bilmərəm. Belə axmaq fikirdən daşına bilmirsənsə, əvvəlcə məni öldür, sonra ananı. Elə bilərəm ki, babanla müharibədə ölmüşəm. Kaş ovlad acısı görməyim.

Ağa hönkür-hönkür ağlayaraq canı qədər sevdiyi nənəsinin boynuna sarılıb and içmişdi ki, içində bir daha belə fikirlərə yer verməyəcək, var qüvvəsi ilə anasını müdafiə edəcək.

***

Yay tətili olduğu üçün səhər erkən qalxar, heyvanlarımızı günəş doğmadan əvvəl çıxarardıq darısqal örüş yerlərinə. Çox illər sonra sinəmdə misralanan “Günəş” şeirinin bu sətirləri də o günlərin canlı qalmış xatirəsi olsa gərək:

... Üfüqdən yüksəldimi,

Qoğal çörəyim kimi,

Yanar ürəyim kimi –

Günəş!

Nəhayət, biçin vaxtı yetişdi və örüş yerləri sürətlə artmağa başladı. Yeni bağlar salmağa yaramayam dərə-təpəli köhnə bağların otu, geniş əkin sahələrinin zəmiləri biçildikcə kefimiz kökəlirdi. Belə zamanlarda sahələrə fəhlələrlə yanaşı tibb bacıları da çıxırdı. Əl çantalarında əl-ayağını yaralayanlara, isti havadan əhvalı pisləşənlərə yardım göstərmək üçün dava-dərman olan, səliqəli geyinmiş, vaxtlarını xəstəxanada, günəşin qovurucu şüalarından qorunaraq keçirdikləri üçün rəng-bənizləri təsərrüfat xanımlarını utandıran, ağ xalatlı tibb bacıları kimlərinsə içni yandırıb yaxırdı.

***

Örüş sahələrinin genişlənməsindən istifadə edib hərdən çölə özümüzlə top da aparardıq. Günümüz o qədər maraqlı keçərdi ki, günortanın dolması, axşamın yetişməsindən xəbər tutmazdıq. Futbolun gözəlliklərindən biri də budur ki, ayağına top dəydimi, necə oynamağından asılı olmayaraq özünü ən məşhur futbolçu kimi hiss edirsən, nizamlayıb vurduğun zərbənin topu hansısa məchul bir istiqamətə apardığını görəndə də o məşhur futbolçunun adını biabır etdiyin üçün xəcalət çəkirsən. Oyunçularımızdan birinin vurduğu güclü zərbə ilə top uçaraq yaxınlıqdakı meşəyə düşdü. O vaxtlar yarpağını belə qoparmağa icazə verilməyən meşələr çox sıx və qaranlıq olardı. Kiçik yaşlılar meşəyə girməyə eymənərdilər. Bunu nəzərə alan Ağa özünəməxsus cəldliklə meşəyə, topun düşdüyü səmtə qaçdı. Qalan oyunçular isə futbola məxsus məsələləri qızğın-qızğın, dalaşırmış kimi müzakirə etməyə başladıq. Bir azdan Ağa qoltuğunda top ilə meşədən çıxdı. Hamımız onun topu uzaqdan zərbə ilə meydançamıza daxil edəcəyini gözlədiyimiz halda, o, bir az dalğın vəziyyətdə gəldi, - Uşaqlar, artıq gecdir. Günortadır. Öylə vaxtıdır. Heyvanlar yaman susayıblar. Yığışın gedək, - deyib, topu ehmallıca sahibinin üstünə atdı. Ağanın əhvalının birdən-birə dəyişməsi hamımızı şübhələndirsə də, soruşmağa heç birimiz cəsarət etmədik. Uşaqların qəribə cəhətlərindən biri də onların olanları tez unutmağı bacarmalarıdır. Heyif ki, yaşlandıqda çoxumuz bu xüsusiyyəti itirir, ən kiçik hadisəni belə boş gümanlarımızla körükləyib böyük yanğına çeviririk. Öylədən çıxanda artıq hamımız Ağanın dəyişən əhvalını unutmuşduq. Axaşamacan Ağa bizimlə oynasa da, deyib gülsə də, dalğınlığı davam etdi.

***

O gündən sonra briqadir tez-tez yolunu bizim yanımızdan salırdı. Hərdən hal-əhvalımızı da soruşurdı. Bir gün hətta bir az da mehribanlaşıb dedi: - Direktordan xahiş edib, bu əkin sahələrini dincə saxlayacağam, il boyunca heyvanlarınızı rahatca otararsınız. Elə bu harasıdır, hərdən axşamüstü atını Ağaya verər, özü piyada gedərdi. Biz də növbə ilə minib yumşaq kövşən boyunca çapardıq, bir zaman bizə sahibinin qəzəbini püskürən həmin atı. Briqadirin Ağaya və bizə qarşı dəyişən münasibəti də uzun müddət müəmma olaraq qaldı. İllər sonra öyrənə bildik ki, rəhmətlik Ağa topu meşədən gətirməyə gedəndə briqadiri tibb bacılarından biri ilə görübmüş. Ağanın əl-ayağına düşüb yalvarıblarmış ki, bir daş altda, bir daş üstdə. Bir zaman Ağaya anası “...” deyən briqadir, bu sirrin üstü açılacağı halda özünü asacağına da and içibmiş. Ağa adına layiq tərzdə öz mərdliyini, kişiliyini ortaya qoyub, bu sirri birqadir dünyasını dəyişənəcən yoldaşlarından qoruyub saxlaya bilmişdi. Tibb bacısının adını isə erkən dünyasını dəyişən Ağa özü ilə apardı. “İskəndərin buynuzu var buynuzu” – sirrini çalan tütəkli dünyada uzun müddət sirr saxlamağın özü də bir igidlikdi, elə deyilmi?

***

Görəsən, işğalçı Ermənistanın yanında BMT başda olmaqla ABŞ, Rusiya, Almaniya, Fransa və başqa dünya güclərinin hansı xəcalətverici ərki olub ki, ona gözün üstdə qaşın var – yəni işğalçısan, işğal etdiyin ərazilərdən dərhal çıxmalısan – deyə bilmir?

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top