
Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçmiş sədri Hikmət Çətin 89 yaşında dünyasını dəyişib.
Yeniavaz.com “TRT Haber”ə istinadla xəbər verir ki, bu barədə TBMM sədri Numan Kurtulmuş sosial şəbəkə hesablarında məlumat verib.
“Dövlətimizdə müxtəlif vəzifələrdə, xüsusilə də Türkiyə Böyük Millət Məclisinin sədri vəzifəsində xidmət etmiş cənab Hikmət Çətinin vəfatını dərin kədər hissi ilə öyrəndim.
Mərhuma Allahdan rəhmət, ailəsinə, yaxınlarına və onu sevən hər kəsə səbir diləyirəm”.
Qeyd edək ki, Hikmət Çətin 1937-ci ildə Diyarbəkirdə anadan olub. O, Ankara Universitetinin Siyasi Elmlər fakültəsinin İqtisadiyyat və Maliyyə şöbəsini bitirib.
ABŞ-dəki Vilyams Kollecində magistr dərəcəsi alan Çətin İstanbul, Diyarbəkir və Qaziantep millət vəkili, eləcə də CHP-nin sədri vəzifələrini tutub. O, həmçinin xarici işlər naziri, dövlət naziri, baş nazirin müavini və Türkiyə Böyük Millət Məclisinin sədri vəzifələrində olub.
Tətbiqimizi yükləyə bilərsiniz