
Dünyada işçilərin iş prosesində süni intellektdən (Sİ) istifadəsi ölkələr üzrə əhəmiyyətli dərəcədə fərqlənir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Melburn Universiteti və “KPMG” tərəfindən 47 ölkəni əhatə edən qlobal araşdırmada bildirilir.
Araşdırmanın nəticələrinə əsasən, Hindistanda çalışanların 91 faizi iş prosesində mütəmadi olaraq süni intellektdən istifadə edir. Çin 88 faizlə ikinci, Nigeriya isə 85 faizlə üçüncü yerdə qərarlaşıb.
İlk beşlikdə, həmçinin Birləşmiş Ərəb Əmirlikləri (84 faiz) və Misir (84 faiz) yer alıb.
İş yerində süni intellektdən istifadənin ən yüksək olduğu digər ölkələr arasında Səudiyyə Ərəbistanı (82 faiz), Kosta Rika (76 faiz), Braziliya (75 faiz), Cənubi Afrika (74 faiz) və Türkiyə (69 faiz) var.
ABŞ-də bu göstərici 52 faiz, Almaniyada 42 faiz, Fransada və Yaponiyada isə 44 faiz təşkil edib.
Siyahının sonuncu pilləsində 33 faizlə Çexiya qərarlaşıb. Slovakiyada bu göstərici 35 faiz, Macarıstanda isə 39 faiz olub.
Tədqiqatın nəticələrinə görə, sorğuda iştirak edən 47 ölkə üzrə işçilərin 58 faizi iş yerində süni intellektdən istifadə etdiyini bildirib.
Bununla yanaşı, işçilərin süni intellektə etimadı istifadə səviyyəsindən geri qalır. Belə ki, respondentlərin 53 faizi iş məqsədləri üçün süni intellektə etibar etməyə hazır olduğunu bildirib.
Hindistan və Nigeriyada süni intellektə etimad səviyyəsi 81 faizlə ən yüksək göstərici olub. Çində bu rəqəm 73 faiz təşkil edib.
Araşdırmada inkişaf etməkdə olan ölkələrdə süni intellektə etimadın 63 faiz, inkişaf etmiş ölkələrdə isə 45 faiz olduğu qeyd edilib.
Tətbiqimizi yükləyə bilərsiniz