Süni intellektli kameralardan “gizlənən” köynək hazırlanıb – Foto


Almaniyanın paytaxtı Berlində yaşayan rəssam və texnoloq Simon Veckert süni intellektlə işləyən müşahidə kameralarını çaşdırmaq üçün xüsusi naxışlı köynək hazırlayıb.
Yeniavaz.com
xəbər verir ki, “Rəqəmsal kamuflyaj” adlandırılan layihənin əsas məqsədi süni intellekt sistemlərinin insanları necə tanıdığını və bu texnologiyaların nə dərəcədə etibarlı olduğunu nümayiş etdirməkdir.
Köynəyin üzərində parlaq rənglərdən ibarət qarışıq naxışlar yer alıb. Adi gözlə baxdıqda bu, sadəcə qeyri-adi dizayna malik geyim təsiri bağışlayır. Lakin bəzi süni intellekt əsaslı kamera sistemləri həmin naxışlar səbəbindən köynəyi geyinən şəxsi insan kimi müəyyənləşdirməkdə çətinlik çəkir.
Simon Veckertin sözlərinə görə, süni intellekt insanı insan gözü kimi qavramır. Bu sistemlər milyonlarla görüntü əsasında öyrədilir və obyektləri həmin məlumatlara uyğun tanıyır. Köynəyin üzərindəki xüsusi naxışlar isə sistemin insan obrazı ilə bağlı öyrəndiyi xüsusiyyətləri qarışdırır.
Rəssam naxışların hazırlanmasında özü də süni intellektdən istifadə edib. O, müxtəlif dizaynları açıq mənbəli “YOLO” obyekt tanıma proqramında dəfələrlə sınaqdan keçirib. Hər sınaqdan sonra naxışlarda dəyişiklik edərək proqramın şəxsi insan kimi tanıma ehtimalı azalana qədər prosesi davam etdirib.
Layihənin Berlinin Kottbusser Tor bölgəsində süni intellektlə işləyən video müşahidə sisteminin sınaqdan keçirilməyə başlanması ilə eyni vaxta təsadüf etməsi diqqət çəkib. Veckert yeni layihəsini müəyyən mənada bu texnologiyalara cavab kimi təqdim edir. Bununla belə, o, köynəyin polisə qarşı istifadə üçün nəzərdə tutulmadığını, əsas məqsədin süni intellekt sistemlərinin məhdudiyyətlərini göstərmək olduğunu vurğulayır.
Qeyd edək ki, köynək bütün müşahidə kameralarını aldatmaq imkanına malik deyil. Nəticə kameranın modelindən, çəkiliş məsafəsindən, işıqlandırmadan və hərəkət şəraitindən asılı olaraq dəyişə bilər. Layihə üz tanıma sistemlərinin də mütləq şəkildə sıradan çıxarılmasına zəmanət vermir. Rəssamın sözlərinə görə, bu, təhlükəsizlik məhsulu deyil, sənət layihəsidir.


Simon Veckert daha əvvəl də texnologiya sistemlərini çaşdırıb
Xatırladaq ki, Simon Veckert 2020-ci ildə də maraqlı təcrübəsi ilə gündəmə gəlib. O, 99 ədəd mobil telefonda “Google Maps” tətbiqini açaraq telefonları kiçik əl arabasına yerləşdirib və Berlin küçələrində hərəkət etdirib.
Təcrübə zamanı “Google Maps” həmin küçələrdə ciddi tıxac olduğunu göstərib. Halbuki yollarda avtomobillər demək olar ki, olmayıb.
Bunun səbəbi tətbiqin yollardakı hərəkət sıxlığını müəyyənləşdirmək üçün istifadəçilərin telefonlarından əldə edilən məlumatlardan yararlanmasıdır. Eyni ərazidə çoxlu telefonun yavaş hərəkət etməsi sistem tərəfindən tıxac kimi qiymətləndirilib. Beləliklə, əl arabasındakı 99 telefon proqramın həmin ərazidə avtomobil sıxlığı olduğu qənaətinə gəlməsinə səbəb olub.
Hər iki təcrübə rəqəmsal sistemlərin reallığı birbaşa deyil, onlara ötürülən məlumatlar əsasında qiymətləndirdiyini göstərir. Həmin məlumatların dəyişdirilməsi isə süni intellekt və digər alqoritmlərin yanlış nəticələr çıxarmasına gətirib çıxara bilər.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top