Ukrayna Rusiyanın iki böyük neft emalı zavoduna zərbə endirib


Ukrayna Rusiyanın Krasnodar diyarında yerləşən iki böyük neft emalı zavoduna dronlarla hücum edib.
Yeniavaz.com
xəbər verir ki, hücum noyabrın 18-nə keçən gecə Krasnodar diyarının Severski rayonunda baş verib.
Regional əməliyyat qərargahının məlumatına görə, dronların qalıqları iki müəssisədə yanğınlara səbəb olub.
Ukraynanın “Eksilena+” monitorinq kanalının məlumatına görə, hücumun hədəfi Afipski və İlski neft emalı zavodları olub. “Astra” nəşrinin mənbələri də hər iki müəssisənin ərazisində yanğınların baş verdiyini təsdiqləyib.
Qeyd edək ki, Afipski Neft Emalı Zavodu Krasnodar diyarının üç ən böyük neft emalı müəssisəsindən biridir. Zavod ildə 7 milyon tondan çox neft emal etmək gücünə malikdir. Burada benzin, dizel yanacağı, aviasiya yanacağı və digər neft məhsulları istehsal olunur. Müəssisənin fəaliyyəti əsasən ixraca yönəlib.
Bu, Afipski zavoduna ilin əvvəlindən bəri səkkizinci, son bir ay ərzində isə ikinci dron hücumudur. Sonuncu hücum noyabrın 6-da qeydə alınıb.
İlski Neft Emalı Zavodu da regionun ən böyük müəssisələri sırasındadır. İllik neft emalı gücü təxminən 6,6 milyon ton olan zavodda benzin, dizel yanacağı və digər neft məhsulları istehsal edilir. Müəssisəyə sonuncu dron hücumu noyabrın 16-da baş verib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə hücum zamanı hər iki zavodda üç atmosfer distillə qurğusunun vurulduğunu iddia edib.
Məlumata görə, Ukrayna Silahlı Qüvvələri oktyabrın sonlarından etibarən Rusiyanın neft emalı zavodlarına hücumları intensivləşdirib. Son həftələrdə Rusiyada fəaliyyət göstərən 35 neft emalı zavodundan təxminən 10-u dron hücumlarına məruz qalıb.
Hədəfə alınan müəssisələr arasında Novokuibışevsk, Ryazan, Afipski, Saratov, Yaroslavl, Omsk, Nijni Novqorod, Ufa və Kirişi neft emalı zavodları da var.
“Reuters” agentliyinə danışan məlumatlı mənbələrin bildirdiyinə görə, hücumlar nəticəsində Rusiyada xam neft emalı həcmi ötən ayın sonu ilə müqayisədə 30% azalıb.
Mənbələrin hesablamalarına əsasən, oktyabrın sonunda Rusiyanın neft emalı zavodları gündəlik təxminən 700 min ton (5 milyon barel) xam neft emal edirdisə, noyabrın ortalarında bu göstərici 500 min tona düşüb.
Neft emalı müəssisələrinə hücumların Rusiyanın daxili yanacaq bazarına da təsir etdiyi bildirilir.
Məlumata görə, artıq Rusiyanın azı 8 regionunda yanacaqdoldurma məntəqələrində yanacaq çatışmazlığı yaranıb və satışa məhdudiyyətlər tətbiq edilib.
Belə məhdudiyyətlər Leninqrad, Nijni Novqorod, Arxangelsk, Novosibirsk və Penza vilayətlərində, eləcə də Kareliya və Buryatiyada qüvvədədir.
Moskva şəhərində isə “Rosneft” yanacaqdoldurma məntəqələri satış məhdudiyyətlərini yenidən tətbiq edib. Yeni qaydalara əsasən, bir avtomobilə 50 litrdən, bir yanacaq qabına isə 20 litrdən artıq yanacaq satılmır.

DİGƏR XƏBƏRLƏR

Top