
ABŞ-nin nüvə enerjisi ilə işləyən “USS Theodore Roosevelt” təyyarədaşıyan gəmisi ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasına daxil olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Axios” portalı ABŞ rəsmi nümayəndəsinə istinadla bildirib.
Məlumata görə, bu, ABŞ Hərbi Dəniz Qüvvələrinin Yaxın Şərqə yerləşdirilən üçüncü təyyarədaşıyan gəmisi olub.
“Axios”un qeyd etdiyi kimi, bu, yeddi aydan çoxdur davam edən İranla müharibə fonunda ABŞ dəniz qüvvələrinin qeyri-adi dərəcədə yüksək səviyyədə mövcudluğunu göstərir.
Təyyarə gəmisindən əlavə, gələn üçüncü qrupa “USS Chosin” idarə olunan raket kreyseri, iki “USS Paul Hamilton” və “USS Decatur” esminesi, eləcə də, elektron kəşfiyyat, yerüstü və sualtı müşahidə və radiolokasiya missiyaları yerinə yetirmək üçün nəzərdə tutulmuş orta ölçülü “Seahawk” pilotsuz gəmisi (MUSV) daxildir.
“USS George Washington” və “USS George Bush” təyyarədaşıyan gəmiləri hazırda İranın cənub-şərqində Ərəb dənizində döyüş növbətçiliyi aparır. Onların hər birində 48 qırıcı təyyarə var. Bir kreyser və 11 idarə olunan raket esminesi, eləcə də “USS Miguel Keith” ekspedisiya dəniz bazası da İran yaxınlığında yerləşir. ABŞ Hərbi Dəniz Qüvvələrinin iki esminesi isə Qırmızı dənizdə, daha dördü isə şərqi Aralıq dənizindədir.
ABŞ Hərbi Dəniz Qüvvələri İnstitutunun məlumatına görə, “USS Theodore Roosevelt” gəmisinin 19 avqustdan bəri Yaxın Şərqdə yerləşdirilən “USS George Washington” gəmisini əvəz etməsi gözlənilir.
ABŞ-nin Yaxın Şərqdə eyni vaxtda üç aviadaşıyıcı qrupunun mövcudluğunu qoruyub saxlayıb-saxlamayacağı məlum deyil.
Tətbiqimizi yükləyə bilərsiniz