Payız və qış aylarında depressiya riski artır – Mütəxəssislərdən xəbərdarlıq


Günlərin qısalması və günəş işığının azalması payız və qış aylarında insanlarda əhval-ruhiyyənin aşağı düşməsinə, enerji çatışmazlığına və bəzi hallarda depressiyaya səbəb ola bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Health Day” nəşri məlumat yayıb.
Məlumata görə, bəzi insanlarda müşahidə olunan bu vəziyyət mövsümi affektiv pozuntu (mövsümi depressiya) adlanır. Bu, əlamətləri ilin müəyyən dövrlərində təkrarlanan depressiya formasıdır.
Klivlend Klinikasının məlumatına əsasən, amerikalıların 10-20%-i ilin qaranlıq aylarında əhval-ruhiyyəsinin müəyyən qədər pisləşdiyini hiss edir. Lakin mövsümi affektiv pozuntu adi əhval düşkünlüyündən fərqlənir. Belə ki, onun əlamətləri gündəlik həyata ciddi təsir göstərə və 4-5 ay davam edə bilər.
Mövsümi depressiyanın ən geniş yayılmış forması qış tipi hesab olunur. Bu hal, adətən, payızın sonu və ya qışın əvvəlində başlayır, yaz aylarında isə zəifləyir. Bununla yanaşı, yazın sonu və ya yayın əvvəlində başlayan yay tipli mövsümi depressiya da mövcuddur.
Mütəxəssislər pozuntunun dəqiq səbəblərinin hələ müəyyən edilmədiyini bildirirlər. Bununla belə, irsiyyət, beynin fəaliyyəti və bioloji ritmlərin pozulmasının mühüm rol oynadığı ehtimal edilir.
Xüsusilə gün işığının azalması əhval-ruhiyyənin tənzimlənməsində iştirak edən serotonin hormonunun fəaliyyətinə, eləcə də yuxu və oyaqlıq rejimini tənzimləyən melatoninin səviyyəsinə təsir göstərə bilər.
Mövsümi depressiyanın əsas əlamətləri arasında davamlı kefsizlik, əvvəllər maraq doğuran fəaliyyətlərə həvəsin itməsi, yorğunluq, diqqəti cəmləməkdə çətinlik, əsəbilik, yuxu rejiminin dəyişməsi, iştahanın və bədən çəkisinin artması və ya azalması yer alır.
Mütəxəssislər bu əlamətlər iki həftə və ya daha uzun müddət davam edərsə, həkimə müraciət etməyi tövsiyə edirlər.
Məlumatda qeyd olunur ki, mövsümi affektiv pozuntu müalicə oluna bilər. Əsas müalicə üsullarından biri xüsusi lampalar vasitəsilə işıq terapiyasıdır. Bu zaman 10 min lüks parlaqlığa malik lampadan istifadə edilir.
Mayo Klinikasının psixoloqu Kreyq Savçuk belə terapiyanın səhər oyandıqdan sonrakı ilk bir saat ərzində təxminən 20 dəqiqə aparılmasını tövsiyə edir.
Digər müalicə üsullarına koqnitiv-davranış terapiyası və həkim tərəfindən fərdi qaydada təyin edilən antidepressant preparatlar daxildir.
Bununla yanaşı, mütəxəssislər gündəlik vərdişlərin də əhval-ruhiyyəyə müsbət təsir göstərə biləcəyini bildirirlər. Gün işığında açıq havada gəzmək, müntəzəm fiziki fəaliyyətlə məşğul olmaq, yaxınlarla ünsiyyət saxlamaq və gündəlik rejimi qorumaq bu baxımdan faydalı hesab olunur.
Əgər mövsümi depressiya əlamətləri hər il eyni dövrdə təkrarlanırsa, mütəxəssislər növbəti mövsüm başlamazdan əvvəl profilaktik tədbirlərlə bağlı həkimlə məsləhətləşməyi tövsiyə edirlər.

DİGƏR XƏBƏRLƏR

Top