Hörmüz boğazında iki tanker minaya düşərək partlayıb


Hörmüz boğazı yaxınlığında icazəsiz marşrutla hərəkət etməyə cəhd göstərən iki tanker minaya düşərək partlayıb və yanmağa başlayıb.
Yeniavaz.com
“Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
SEPAH-ın açıqlamasına görə, tankerlərdən biri Hörmüz boğazının şərqində, digəri isə birbaşa boğazın daxilində hərəkət edib. Hər iki gəmi minaya düşdükdən sonra yanmağa başlayıb.
Bildirilib ki, tankerlər dəfələrlə müəyyən edilmiş qaydaları pozub və Tehranın icazə verilməyən marşrut hesab etdiyi istiqamətdə hərəkət etməzdən əvvəl naviqasiya və yerləşmə sistemlərini söndürüblər.
İranın hərbi dəniz qüvvələri ABŞ hərbçiləri ilə əməkdaşlıq edən və Hörmüz boğazından keçidlə bağlı İranın müəyyən etdiyi qaydaları pozan gəmilərə xəbərdarlıq edib. Qeyd olunub ki, belə gəmilər minaya düşmək riski ilə üzləşə bilərlər.
SEPAH, həmçinin gəmi heyətlərini ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbərinin açıqlamalarına inanmamağa çağırıb.

DİGƏR XƏBƏRLƏR

Top