Trampın sərvəti bir gündə 168 milyon dollar azaldı


ABŞ Prezidenti Donald Trampın sərvəti bir gündə 168 milyon dollar azalıb.
Yeniavaz.com
xəbər verir ki, buna Trampa məxsus “Trump Media & Technology Group” şirkətinin səhmlərinin kəskin ucuzlaşması səbəb olub.
“Truth Social” sosial şəbəkəsinin sahibi olan şirkətin səhmləri ABŞ-də keçirilən aralıq seçkilərdə Demokratlar Partiyasının əhəmiyyətli qələbəsindən sonra bir gündə təxminən 25% dəyər itirib.
“Forbes” jurnalının məlumatına görə, baş verən azalmadan sonra Trampın ümumi sərvəti 6,4 milyard dollara düşüb. Bu, onun sərvətinin bir gündə 2,5%-dən çox azalması deməkdir. Tramp dünyanın ən varlı şəxsləri siyahısında 623-cü yerdə qərarlaşıb. Onun sərvətinin əhəmiyyətli hissəsi daşınmaz əmlak aktivlərindən ibarətdir.
Məlumata görə, “Trump Media”nın səhmləri çərşənbə günü 4,46 dollara qədər geriləyərək tarixi minimumunu yeniləyib. Ticarət sessiyasının sonunda isə səhmlər 4,49 dollardan bağlanıb. Nəticədə şirkətin səhmləri bir gündə 24,5% ucuzlaşıb.
Qeyd edək ki, şirkətin səhmləri ötən həftə qeydə alınan 5,40 dollarlıq əvvəlki minimum göstəricidən də aşağı düşüb. Ümumilikdə, “Trump Media”nın səhmləri 2026-cı ilin əvvəlindən bəri 66%-dən çox dəyər itirib.
Şirkətin maliyyə göstəriciləri də ürəkaçan deyil. Belə ki, “Trump Media” 2026-cı ilin ikinci rübündə 238,1 milyon dollar xalis zərər açıqlayıb. Həmin dövrdə şirkətin gəliri cəmi 1,7 milyon dollar təşkil edib.
Bununla yanaşı, şirkətin əsas platforması olan “Truth Social” sosial şəbəkəsinin auditoriyasında da azalma müşahidə olunur. “The Washington Post” qəzetinin “Similarweb” məlumatlarına istinadən yaydığı xəbərə görə, 2026-cı ilin sentyabr ayında platformanın veb-trafiki ötən ilin eyni dövrü ilə müqayisədə 30% azalıb.
ABŞ-də keçirilən aralıq seçkilərdə Demokratların qazandığı qələbədən sonra Donald Tramp Respublikaçıların məğlubiyyətini onun seçkilərdə namizəd kimi iştirak etməməsi ilə əlaqələndirib.
O, çərşənbə axşamı “Truth Social” hesabında paylaşım edərək bildirib ki, seçki bülletenində onun adı olsaydı, Respublikaçılar böyük qələbə qazanardılar.

DİGƏR XƏBƏRLƏR

Top