Tramp Rusiyaya qarşı sanksiyaların dayandırılması qərarından danışıb


ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaların tam tətbiq edilməməsi ilə bağlı qərarını müsbət qiymətləndirib.
Yeniavaz.com
“Reuters” agentliyinə istinadən xəbər verir ki, o, bu qərarın təkcə ABŞ üçün deyil, bütün dünya üçün faydalı olacağını bildirib.
Tramp oktyabrın 17-də Floridadakı “Mar-a-Laqo” iqamətgahında jurnalistlərə açıqlamasında qərarının əhəmiyyətindən danışıb.
“Çoxunuz hələ hansı qərarı verdiyimi bilmirsiniz, amma biz bunu anlayacağıq, siz də. Bu, çox yaxşı bir qərardır. Bu, ölkə və məncə, dünya üçün yaxşı olacaq”, – deyə ABŞ prezidenti bildirib.
Qeyd edək ki, Tramp bundan bir gün əvvəl Rusiya-İran Məhdudiyyətləri Qanunu çərçivəsində nəzərdə tutulan bir sıra sanksiya və tariflərin dayandırılması barədə sərəncam imzalayıb. Sənəd sentyabr ayında ABŞ Konqresində geniş ikitərəfli dəstəklə qəbul edilib. ABŞ prezidenti qərarını ölkəsinin milli maraqları ilə əsaslandırıb.
ABŞ dövlət katibi Marko Rubio administrasiyanın sanksiya və tariflərin ABŞ və dünya iqtisadiyyatına mümkün təsirlərini qiymətləndirmək üçün 60 günədək vaxt ayırmaq niyyətində olduğunu açıqlayıb.
Rubionun sözlərinə görə, bu məhdudiyyətlər yalnız Rusiyaya deyil, Rusiyanın enerji resurslarını alan digər ölkələrə də təsir göstərir.
Trampın qərarı ABŞ-də həm Demokratlar, həm də Respublikaçılar tərəfindən tənqidlə qarşılanıb. Qərarın əleyhdarları hesab edirlər ki, məhdudiyyətlərin dayandırılması Ukraynada davam edən müharibə fonunda Moskvaya qarşı iqtisadi təzyiqi zəiflədə bilər.
Respublikaçı senator Lindsi Qrehem tərəfindən irəli sürülən qanun layihəsi Rusiya neft və qazını alan ölkələrdən idxal edilən mallara tariflərin tətbiqini, eləcə də Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı əlavə məhdudiyyətlərin qoyulmasını nəzərdə tuturdu.

DİGƏR XƏBƏRLƏR

Top