
Rusiyanın Leninqrad vilayətində “Ozon” şirkətinə məxsus logistika mərkəzi dron hücumuna məruz qalıb.
Yeniavaz.com “Kommersant”a istinadən xəbər verir ki, oktyabrın 18-nə keçən gecə baş verən hücum nəticəsində logistika mərkəzində yanğın başlayıb. Hadisə zamanı işçilər təxliyə edilib, xəsarət alan olmayıb.
Şirkət anbarda saxlanılan məhsulları satış vitrinindən çıxarıb. “Ozon”un açıqlamasına görə, sifarişləri digər anbarlardan çatdırmaq mümkün olmadıqda həmin sifarişlər ləğv ediləcək.
Hazırda logistika mərkəzi satıcılardan yeni çatdırılmaları qəbul etmir. Şirkət logistika proseslərini yenidən təşkil etməyi və məhsulları digər anbarlara yönləndirməyi planlaşdırır.
Qeyd edək ki, oktyabrın 18-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinə məxsus 135 pilotsuz uçuş aparatının Leninqrad vilayətinə hücum etdiyi bildirilir. Hücumlar zamanı VK məlumat mərkəzi və Sankt-Peterburqdakı neft terminalı da hədəfə alınıb.
Sankt-Peterburqun Nevski, Krasnoselski, Krasnoqvardeyski və Moskva rayonlarında mülki infrastruktur obyektlərində yanğınlar baş verib.
Tətbiqimizi yükləyə bilərsiniz