
Binəqədi rayonu, “Köhnə trolleybus parkı”nın yaxınlığı, “Tayqa kəsişməsi” adlanan hissədə (Səttar Bəhlulzadə küçəsi ilə Ağasadıq Gəraybəyli küçəsinin kəsişməsi) svetoforlar quraşdırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, qeyd olunan kəsişmədə nəqliyyat vasitələrinin hərəkətində yaranan sıxlıq və qəza riskləri nəzərə alınaraq, Mərkəzin əməkdaşları tərəfindən simulyasiya proqramından istifadə edilməklə təhlillər aparılıb:
"Nəticədə kəsişmədə 3 ədəd “L” və 3 ədəd “A” tipli olmaqla, ümumilikdə 6 dirək üzərində nəqliyyat və piyada svetoforları quraşdırılıb. Bununla da Atatürk və Ziya Bünyadov prospektləri, habelə digər istiqamətlərdən gələn nəqliyyat vasitələrinin kəsişməyə daxil olması daha təhlükəsiz olub. Eyni zamanda, piyadaların da kəsişmədə nizamlı hərəkəti təmin olunub".
Tətbiqimizi yükləyə bilərsiniz