Pakistanda sərnişin qatarı relsdən çıxıb: Ölən və yaralananlar var


Pakistanın Pəncab əyalətinin Multan şəhərində ağır dəmir yolu qəzası baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Pakistanın “Geo News” telekanalı məlumat yayıb.
Məlumata görə, Kəraçidən Peşəvərə doğru hərəkət edən “Rehman Baba Express” sərnişin qatarının 14 vaqonunun hamısı Multan rayonunun Şer Şah körpüsü yaxınlığında naməlum səbəbdən relsdən çıxıb. İlkin məlumatlara görə, hadisə nəticəsində 5 nəfər həyatını itirib, 30-dan çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qatarın maşinisti Rizvan Abbas bildirib ki, qəza zamanı sərnişin qatarı saatda təxminən 100 kilometr sürətlə hərəkət edib. Hadisə yerinə dərhal xilasetmə və tibb briqadaları cəlb olunub. Vaqonlardakı sərnişinlərin hamısı təxliyə edilib, xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Qəzadan zərər çəkməyən digər sərnişinlər isə xüsusi qatarla mənzil başına yola salınıb.
Hazırda hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün rəsmi araşdırma aparılır.
Qeyd edək ki, son bir ildə Pakistanda baş verən ardıcıl qatar qəzaları ölkənin dəmir yolu infrastrukturunun köhnəlməsi və qatarlara texniki xidmət proseslərinin yetərsiz olması ilə bağlı ciddi narahatlıqlar yaradıb.

DİGƏR XƏBƏRLƏR

Top