
Ermənistanla sərhədi keçən və burada saxlanılan Azərbaycan Ordusunun hərbçisi Nəsimi Musayev ifadə verən zaman heç kimə zərər vermək niyyətinin olmadığını bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti məlumat yayıb.
Qəzet yazır ki, Musayev dindirmə zamanı erməni ailəsinin evinə daxil olarkən heç kimə zərər vermək niyyətində olmadığını iddia edib:
“O, ev sahibəsindən onu buraxmasını bir neçə dəfə xahiş etdiyini, lakin qadının silahından yapışdığını və buna görə atəş açmağa məcbur qaldığını bildirib. Həmçinin Musayev yazılı ifadəsində hadisədən sonra qadının və ailə üzvlərinin ona hücum etdiyini, bıçaqla yaraladığını və döydüyünü iddia edib”.
Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, Azərbaycan Respublikasının Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Musayev Nəsimi Rasim oğlunun itkin düşməsi barədə məlumatlar yayılıb.
Bildirilib ki, 26 sentyabr 2026-cı il tarixində Nəsimi Musayevin xidmət yerində olmaması və olduğu yerin müəyyən edilməməsi ilə əlaqədar onun axtarışına başlanılıb, Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qüvvələri tərəfindən zəruri axtarış tədbirləri həyata keçirilib. Hadisənin hallarının araşdırılması məqsədilə Hərbi Prokurorluqda müvafiq araşdırma aparılıb və araşdırma nəticəsində Nəsimi Musayevin hərbi hissəni özbaşına tərk etməsinə əsaslı şübhələr müəyyən edilib.
Tətbiqimizi yükləyə bilərsiniz