
Polşalı hərbi analitik Yaroslav Volski “Yandex”in məlumat mərkəzlərinə edilən hücumlardan sonra Almaniya üçün Alternativ (AfD) partiyasına onlayn dəstəyin 56 faiz azaldığını iddia edib.
Yeniavaz.com xəbər verir ki, analitik bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
Volskinin sözlərinə görə, “Yandex” infrastrukturuna edilən hücumlardan sonra sosial şəbəkələrdə ukraynalıları və polyakları bir-birinə qarşı təhrik edən bəzi hesabların aktivliyi azalıb. O, həmçinin ABŞ-dəki MAGA hərəkatına onlayn dəstək fəaliyyətinin də əhəmiyyətli dərəcədə zəiflədiyini bildirib.
Lakin analitikin açıqlamasında bu nəticələrin hansı məlumatlar əsasında əldə edildiyi, araşdırmanın hansı dövrü əhatə etdiyi və hesabların aktivliyinin hansı meyarlarla ölçüldüyü göstərilməyib.
“Yandex”in məlumatına görə, oktyabrın 8-də gecə saatlarında Ryazan vilayətinin Sasov şəhərindəki məlumat mərkəzi ciddi zədələnib və fəaliyyətini dayandırıb.
Oktyabrın 9-da Kaluqadakı məlumat mərkəzinin server infrastrukturunun bir hissəsi sıradan çıxıb. Oktyabrın 11-də isə Vladimirdə yerləşən digər obyektə ziyan dəyib və onun fəaliyyəti dayandırılıb.
Şirkət üç obyektə dəyən ziyanı, eləcə də bəzi xidmətlərin işində yaranan fasilələri təsdiqləyib. “Yandex” sistemlərin bərpasının vaxt aparacağını bildirib.
“Cloudflare Radar”ın məlumatına görə, Sasovdakı hadisədən sonra “Cloudflare” şəbəkəsində müşahidə edilən “Yandex Cloud” trafikinin həcmi adi göstəricidən orta hesabla təxminən 33 faiz aşağı düşüb.
“NetBlocks” da “Yandex” və “Yandex Cloud” şəbəkələrində ciddi bağlantı problemləri qeydə alıb.
Tətbiqimizi yükləyə bilərsiniz