
Fransanın cənubundakı Oban kommunasında yerləşən məktəbdə şagirdin törətdiyi silahlı hücum nəticəsində iki nəfər yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fransanın təhsil naziri Eduar Jefre məlumat yayıb.
“Bu gün səhər Obandakı “Lakanal” kollecində direktor və müəllim odlu silahdan açılan atəş nəticəsində yaralanıb. İlkin məlumatlara görə, hadisəni törədən şagirddir”, – nazir “X” hesabında yazıb.
Jefre gün ərzində daxili işlər naziri Loran Nünyeslə birlikdə hadisə yerinə getməyi planlaşdırdığını bildirib.
BFMTV telekanalının məlumatına görə, şagirdlərdən biri ov tüfəngi ilə 53 yaşlı məktəb direktoruna atəş açıb. Hadisə şahidləri ümumilikdə dörd atəş səsi eşidiblər. Hücum zamanı 37 yaşlı müəllimə də yaralanıb.
Atəş açmaqda şübhəli bilinən 14 yaşlı yeniyetmə hadisə yerində saxlanılıb.
Hadisə ilə bağlı “qətlə cəhd” maddəsi üzrə istintaq başladılıb. İnsident nəticəsində şagirdlər arasında xəsarət alan olmayıb.
Hüquq-mühafizə orqanlarındakı mənbə telekanala bildirib ki, hadisənin yuxarı sinif şagirdlərinin etiraz aksiyaları ilə heç bir əlaqəsi yoxdur.
Tətbiqimizi yükləyə bilərsiniz