
İqtisadiyyat sahəsində Nobel mükafatının builki laureatlarının adları açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, mükafata Robert Ernest Holl və Maykl Vudford layiq görülüblər.
Alimlər makroiqtisadi sabitləşmənin mikroiqtisadi əsaslarının öyrənilməsi istiqamətində apardıqları tədqiqatlara görə mükafatlandırılıblar.
Robert Ernest Holl 13 avqust 1943-cü ildə ABŞ-nin Kaliforniya ştatının Palo-Alto şəhərində anadan olub. O, uzun illər ərzində ABŞ iqtisadiyyatının ümumi vəziyyətini, məşğulluq səviyyəsini, qiymət dəyişikliklərini və şirkətlərin fəaliyyətini araşdırıb. Stanford Universitetinin və Huver İnstitutunun professoru olan Holl, eyni zamanda, ABŞ-də iqtisadi tənəzzüllərin başlanma və başa çatma tarixlərini müəyyənləşdirən Milli İqtisadi Tədqiqatlar Bürosunun müvafiq komitəsinə rəhbərlik edib.
Maykl Vudford isə 1955-ci ildə ABŞ-nin Massaçusets ştatının Çikopi şəhərində dünyaya gəlib. O, müasir makroiqtisadiyyat və pul siyasəti nəzəriyyəsi üzrə tanınmış tədqiqatçılardan biridir. Kolumbiya Universitetinin professoru olan alim mərkəzi bankların qərarlarının, cəmiyyətin gələcəklə bağlı gözləntilərinin və qiymət dəyişikliklərinin iqtisadiyyata təsirini araşdırır.
Qeyd edək ki, bu gün Nobel həftəsi başa çatıb. Belə ki, oktyabrın 5-də fiziologiya və ya tibb, 6-da fizika, 7-də kimya, 8-də ədəbiyyat, 9-da Sülh, bu gün isə İqtisadiyyat üzrə Nobel mükafatlarının laureatları elan olunub.
Nobel mükafatının pul fondu təxminən 1,5 milyon ABŞ dolları təşkil edir.
Tətbiqimizi yükləyə bilərsiniz