
Düz oturmağın insanın emosional vəziyyətinə və qərarvermə qabiliyyətinə müsbət təsir etdiyi müəyyənləşib.
Yeniavaz.com “Science Daily”yə istinadla xəbər verir ki, Kanadanın Makqil Universitetinin alimləri bədən duruşu ilə insanın psixoloji vəziyyəti arasındakı əlaqəni araşdırıblar.
Təxminən 200 nəfərin iştirak etdiyi tədqiqatda könüllülərə necə oturmalı olduqları barədə göstəriş verilməyib. Sadəcə masaların və planşetlərin hündürlüyü dəyişdirilərək iştirakçıların bir hissəsinin fərqində olmadan düz, digər hissəsinin isə önə əyilərək oturması təmin edilib.
Daha sonra iştirakçılar risk və mükafat balansını ölçən virtual oyunda sınaqdan keçirilib. Nəticədə düz oturanların daha çox risk götürərək daha yüksək qazanc əldə etdiyi məlum olub. Alimlər bunu onların daha effektiv risk analizi aparması ilə əlaqələndiriblər.
Bundan başqa, düz oturan iştirakçılarda qürur, özünəinam və pozitiv emosiyaların səviyyəsinin də daha yüksək olduğu müəyyən edilib.
Tədqiqatçılar hesab edirlər ki, masa və monitorun düzgün yerləşdirilməsi, eləcə də ekranın göz səviyyəsində olması gündəlik həyatda həm əhval-ruhiyyəyə, həm də qərarverməyə müsbət təsir göstərə bilər.
“Beləliklə, bu kəşf sübut edir ki, bədənimiz və zehnimiz bir-biri ilə sıx bağlıdır. İş rejimində və ya vacib qərarlar ərəfəsində sadəcə oturuş mövqeyini düzəltmək, zehni performansı artırmağın ən asan və effektiv yoludur”, - nəşr yazır.
Tətbiqimizi yükləyə bilərsiniz