Sibirdə taun həyəcanı: 200 nəfər müşahidəyə alınıb


Rusiyanın İrkutsk vilayətində Taunla Mübarizə Elmi-Tədqiqat İnstitutunun əməkdaşının ölümü bölgədə xüsusi təhlükəli infeksiya ilə bağlı narahatlığa səbəb olub.
Yeniavaz.com
“Forbes”ə istinadən xəbər verir ki, institutda laboratoriya köməkçisi işləyən 28 yaşlı qadın ağır pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib və daha sonra vəfat edib.
Rusiya Federal İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Xidməti – “Rospotrebnadzor” onun xəstəliyini “naməlum etiologiyalı pnevmoniya” kimi açıqlayıb.
Hadisədən sonra mərhumla təmasda olmuş təxminən 200 nəfər tibbi müşahidəyə götürülüb. İrkutsk vilayətinin qubernatoru İqor Kobzev isə regionda “xüsusi təhlükəli infeksiyaya şübhəli hal”la əlaqədar epidemiya əleyhinə tədbirlərin başladıldığını bildirib.
Qonşu Buryatiyanın rəhbəri Aleksey Tsydenov onun taun xəstəliyindən ölmüş ola biləcəyini ehtimal edib. Lakin bu məlumat rəsmi olaraq təsdiqlənməyib.
“Rospotrebnadzor” bildirir ki, mərhumun bədənində aparılan genişmiqyaslı laboratoriya testləri taun törədicisi də daxil olmaqla, onun laboratoriya fəaliyyəti ilə əlaqəli patogen aşkar etməyib. Agentlik həmçinin son 10 gün ərzində institut əməkdaşları arasında yeni yoluxucu xəstəlik hallarının qeydə alınmadığını açıqlayıb.
Mərhumun təmaslarının müayinəsi zamanı isə iki COVID-19 və iki rinovirus infeksiyası aşkarlanıb. Bununla belə, həmin infeksiyaların qadının ölümü ilə əlaqəli olub-olmadığı açıqlanmayıb.
İrkutsk və Şevlexovda sanitar-epidemioloji vəziyyətin “sabit” olduğu bildirilib.
Bununla yanaşı, bəzi yerli mənbələr laboratoriyada taun törədicisi olan sınaq borusunun təsadüfən sındırıldığı barədə məlumat yayıb. Ancaq bu iddia Rusiya hakimiyyəti tərəfindən təsdiqlənməyib və hazırda hadisənin laboratoriya qəzası ilə əlaqəli olduğuna dair rəsmi sübut yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top